Xəbər lenti

30 il öncə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycana nə verdi?
Ekonomiks 15:50 20.09.2024

30 il öncə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycana nə verdi?

"Əsrin müqaviləsi” ilk növbədə Xəzərin dərin qatlarında yerləşən təbii resursların çıxarılmasına imkan verdi”. 

Qaynarinfo-ya açıqlamasında bunu neft-qaz üzrə ekspert İlham Şaban 30 il bundan öncə imzalanan "Əsrin müqaviləsi”nin Azərbaycana hansı dividentlər verdiyini şərh edərkən deyib:

"Günəşli” yatağı 1979-cu ildə kəşf edilib. Keçən əsrin 70-ci illərində isə seysmik üsulla "Azəri-Çıraq” yatağı da kəşf olunub. Ancaq onları işlətmək üçün texnoloji və maddi imkan olmayıb. Azərbaycan bu mənada "Əsrin müqaviləsi” ilə dənizin 100 km. ortasında yatıb qalan ehtiyatları çıxarmaq imkanı qazandı”. 

Ekspert qeyd edir ki, bu müqavilə ilə Azərbaycan dünya bazarına çıxış əldə etdi:

"Sonrakı mərhələdə həmin ehtiyatları normal qiymətə satmaq üçün birbaşa dünya bazarına çıxış lazım idi. Bu mənada Azərbaycan yeni infrastruktur da yaratdı. Digər tərəfdən, xarici şirkətlər üçün münbit, cəlbedici şəraitin yaradılması ilə davamlı və stabil olaraq ehtiyatların kapitala çevrilməsi təmin olundu”. 
 


İ. Şaban deyir ki, qısa zamanda layihəyə qoyulan kapitalı da geri qaytara bildik: 

"Belədə, Azərbaycanın Dövlət Neft Fonduna neft-qaz layihələri üzrə 189 milyard dollar vəsait daxil oldu. Onun da 180 milyard dolları "Azəri-Günəşli-Çıraq” yatağının payına düşür. Əldə kapitalın olması ilə Azərbaycan bir sıra digər mühüm meqalayihələr də gerçəkləşdirdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində də neft gəlirlərimizin müstəsna rolu vardır”. 

Qeyd edək ki, 30 il bundan öncə, 1994-cü ilin sentyabrın 20-də Bakıda bir sıra xarici şirkətlərlə Xəzər dənizindəki nefti hasil etmək üçün "Əsrin müqaviləsi” imzalanıb. 

Həmin günü Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri" və "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında Azərbaycanla 13 iri neft şirkəti arasında müqavilə imzalanır. 

Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsi (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) və 13 iri neft şirkəti (ARDNŞ, Amoco, BP, McDermott, UNİCAL, Lukoyl, Statoil, Exxon, Türkiyə petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta) iştirak edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->