Uşaqlara uşaqlığı hədiyyə etdik - Əlilliyi olan balacalar sevindirildi (FOTO/VİDEO)
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi (QUTDİB) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində ikigünlük maarifləndirici və əyləndirici proqram həyata keçirib. Tədbir proqramının məqsədi əlilliyi olan uşaqların cəmiyyətdən təcrid olmadıqlarını və hər zaman diqqət mərkəzində olduqlarını hiss etdirmək, onlara sevinc bəxş etmək olub.
UNİBANK-ın dəstəyi ilə baş tutan tədbirin birinci gününü Mərkəzin rəhbəri Jalə Həsənova açıq elan edib, QUTDİB-in sədri Sevinc Fədai və Birliyin Həssas qruplarla iş üzrə departament rəhbəri, psixoloq İmdad Əlizadə uşaqların dövlətimiz və bizim üçün nə qədər dəyərli olduğunu dilə gətirib, təbrik və xoş arzularını çatdırıblar.
Daha sonra uşaq yazıçısı Mehriban Nağıyeva uşaqlarla birlikdə öz yazdığı mahnıları oxuyub, onlar üçün nağıllar səsləndirib. Nağıl saatından sonra defektoloq-loqoped Babək Əlizadənin incəsənət terapiyası, Gülşən İmanzadənin floristika və dekorativ tətbiqi sənət, Ləman Təhməzzadənin isə aksesuar dizaynı üzrə praktik təlimləri keçirilib. Günün sonunda uşaqlara UNİBANK və "ECOJOY TOYS"un hədiyyələri təqdim edilib.
Proqramın ikinci günündə "Simurq" Uşaq Kukla Teatrının təqdimatında "Qoğal" tamaşası nümayiş etdirilib və animatorun iştirakı ilə əyləncəli oyun və fləşmoblar keçirilib, rəqslər edilib. Əyləncəli proqram uşaqların xüsusi sevincinə səbəb olub.
İkigünlük tədbir proqramının foto və video çəkilişini Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi həyata keçirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər