Xəbər lenti

Ölkə 10:42 30.08.2023

"Təhsilsiz qızlar həyatları ilə bağlı onlara verilən seçimlərlə razılaşmalı olur" - Qızların təhsillə imtahanı

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qızların təhsillə imtahanı” layihəsi davam edir. Layihənin məqsədi ölkə ictimaiyyətinin və medianın diqqətini qızların təhsilinə yönəltmək,  aparılan  müsahibə və araşdırmalarla qız uşaqlarının təhsildən yayındırılmasının milli və regional səbəblərini müəyyən etmək, həll yolları axtarmaq və təhsildə motivasiya yaratmaqdır.  

Layihənin budəfəki qonağı gənc tədqiqatçı, daha yaxşı təhsil üçün dünyanın bir neçə ölkəsində olan, Arxeoloji Material Elmləri üzrə magistr təhsili alan Günel Nəbisoydur. 

O, bakalavr təhsilini Bakı Dövlət Universitetinin tarix ixtisası üzrə bitirib. Hazırda diplom işini isə Evora Universiteti (Portuqaliya) və Ben-Gurion Universiteti (İsrail) ilə yazır. 

Günel Nəbisoyla müsahibəni təqdim edirik:

- Günel xanım, çox sevdiyim bir ifadə var: "Təhsil həyata hazırlıq deyil, təhsil həyatın özüdür". Sizin təhsil hekayənizlə tanış olanda aydın olur ki, siz də təhsili həyatın özü sananlardansınız. Bəs təhsilin bu qədər önəmli olduğunun fərqinə nə vaxt, necə vardınız?
 
- Mən təhsilin bizim cəmiyyətdə bir qızın həyatdında necə dəyərli olduğunu, bir qızın bizim cəmiyyətdə dəyərli ola bilmək, azadlıq əldə edə bilmək və özünü tanımaq üçün təhsilə ehtiyacı olduğunu ailəmdən öyrənmişəm. Ancaq mən hələ balaca olarkən mənə ilk  kitabımı alan, mənə oxumağın gözəlliyini göstərən əmim idi. Böyüdüyüm zaman o, öz dünyagörüşü, həyatı ilə məni oxumağa ruhlandıran əsas qüvvə idi. Uşaq vaxtı, sonra isə məktəb vaxtı mən sadəcə onun kimi olmaq istəyirdim. Biz müxtəlif mövzular, kitablar haqqında müzakirə edirdik, onunla danışmaq həmişə maraqlı idi. O, mənimlə bunları danışarkən qız uşağı və ya oğlan uşağı olmağım heç bir əhəmiyyət daşımırdı. Hətta uşaq olmağım da əhəmiyyət daşımırdı. O, mənimlə böyük bir adamlarla danışdığı kimi danışırdı. 

- Təhsil üçün çıxdığınız yolda mental qanunlar, ailə narahatlığı sizə də maneələr törətdimi, mübarizə aparmalı oldunuzmu?

- Nəzərdə tutduğunuz  "ailə maneəsi” mənim üçün keys deyildi. Mənim bu məsələdə, sadəcə, bəxtim gətirib.

- Sizcə, təhsil bir qızın həyatını necə dəyişir, ona nələr bəxş edir?

- Dünyagörüşü və maddi azadlıq. Təhsil qadınların qarşısına cəmiyyətimiz tərəfindən qoyulmuş qadağaların, sərhədlərin necə içiboş və köhnəlmiş olduğunu göstərir. Maddi müstəqillik qadınlarımızın özünə qarşı daha inamlı olmasını və daha sağlam seçimlər etməsinə kömək edir. 

- Necə düşünürsünüz, bəs təhsilsizlik qızların gələcək imkanlarına və həyat seçimlərinə necə təsir edir? 

- Təhsilsiz qızlar həyatları ilə bağlı onlara verilən limitli seçimlərlə razılaşmalı olurlar. Bu həyat seçimlərində adətən özünüinkişafa, özünü tanımağa, bir şəxsiyyət kimi formaşlaşmağa yer olmur. 

- Məlumdur ki, qızların təhsildən kənarda qalması cəmiyyətdə gender bərabərliyinə də təsir edir. Sizin fikrinizcə, bu, bizim cəmiyyətdə özünü daha çox hansı sahə və məqamlarda göstərir?

- Bunu müxtəlif iş sahələrində qadınların daha az təmsil edilməsində görmək olar. Bu isə cəmiyyətimiz tərəfindən həmin işlərin, kariyeraların qadınlar üçün uyğun olmadığına inandıqları üçündür.  

- Elm və təhsil üçün artıq bir neçə ölkədə olmusunuz. Müşahidələrinizə əsasən, qızların təhsilini təşviq edən konkret hansı xarici təcrübə və nümunələri ölkəmiz üçün tətbiq edə bilərik? 

- Təbii ki, qızların təhsili ilə bağlı ilkin problem maddi çətinliklərdir. Məncə, onların ali təhsilində dəstək ola biləcək əlavə fondlar yaradıla və buradan təqaüdlər verilə bilər. Xaricdə qadın tədqiqatçılar üçün bu tip təqüdlər mövcuddur. Bəli, ailə maneəsi daha realdır, amma cəmiyyətin müasirləşməsi daha uzun müddətdə həll oluna biləcək problemdir. Maddi çətinlik isə daha qısa müddətdə həll edə biləcəyimiz, ya da ən azından yüngülləşdirə biləcəyimiz problemdir.

- Təhsil sahəsində səlahiyyətli şəxs olsaydınız, qızların təhsildən yayınmasının qarşısını almaq üçün hansı addımları atardınız? 

- Maddi dəstəyin verilməsi, bu sahədə işlərin görülməsi mənim prioritetim olardı. Bununla yanaşı, ibtidai sinifdən, məncə, dərs kitabları bərabər təhsil haqqını təbliğ etməlidir. Həm də artıq müxtəlif sahələr üzrə oxuyan, işləyən qadınlarla görüşlərin təşkil edilməsi məncə böyümə yaşında olan qızların ruhlanması üçün güclü bir amil olardı. 

- Sizin üçün xaricdə təhsil almaq belə ailəniz tərəfdən problem kimi qarşılanmayıb. Ancaq müxtəlif səbəblərlə təhsildən yayındırılan qızlarımız var. Onlar bu maneələri aşmaq üçün mübarizəni necə qurmalıdır?
 
- Maddi dəstəyin verilməsi, məktəb vaxtından onların müxtəlif layihələrlə dəstək olunduqlarını, cəmiyyətdə təmsil olunduqlarını göstərmək lazımdır. Məncə,  tək olmadıqlarını göstərmək onları bu çətinliklərlə üzləşməyə hazırlayacaq. Biz cəmiyyət olaraq qızlarımızı müəyyən imkanlarla təmin etdikdən sonra onlara məsləhət verməyə haqqımız çatar. Amma 14-15 yaşımdakı özümə verəcəyim məsləhəti verə bilərəm onlara: "Rahat seçimlər etmə, 1-2 illik çətinlik və intizamlılıq səni 10 il irəli apara bilər. "Bacarmazsan, sənlik deyil" dedikləri hər şeyin üstünə get”. 

Layihə rəhbəri: Sevinc Fədai

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->