Xəbər lenti

Ölkə 16:19 28.08.2023

"Təhsil gender bərabərliyinə nail olmaq  vasitələrindən biri kimi qiymətləndirilməlidir" - Qızların təhsillə imtahanı

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qızların təhsillə imtahanı” layihəsi davam edir. Layihənin məqsədi ölkə ictimaiyyətinin və medianın diqqətini qızların təhsilinə yönəltmək,  aparılan  müsahibə və araşdırmalarla qız uşaqlarının təhsildən yayındırılmasının milli və regional səbəblərini müəyyən etmək, həll yolları axtarmaq və təhsildə motivasiya yaratmaqdır.  

Layihə çərçivəsində növbəti müsahibə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktor müavini, MİE-Təlimçisi Günel Vahabzadə ilə oldu. Müsahibəni təqdim edirik:

- Günel xanım, bir təhsil işçisi və rəhbər şəxs kimi təhsilin qızların həyatındakı önəmini necə ifadə edərdiniz? 

- İnsanları cəhalətdən xilas edərək uğura aparan yol təhsildir. Uzun bir macəra kimi görünsə də, parlaq gələcəyə çatmaq üçün hər bir insanın təhsilə ehtiyacı var. Təhsil - insan həyatını dəyişən dəyərlərə malikdir. Təhsil vasitəsilə cəmiyyətə inteqrasiya olunan qadınlar bir çox qlobal problemlərin həllində xüsusi yer tuturlar. Qadın milli mədəniyyətin dəyərini öyrənməklə və qəbul etməklə öz  ideyalarına sahib şəxsiyyət kimi yetişir. Həm ailə daxilində, həm də daha geniş cəmiyyət içərisində vəzifələrini yerinə yetirə bilir. Bu xüsusiyyətləri qazanan qadın sosiallaşır, beləliklə, daha funksional və daha səmərəli olur. 

- Sizcə, təhsildə gender bərabərsizliyinin aradan qaldırılmasında müəllimlərin və məktəb rəhbərlərinin rolu nədən ibarətdir?

- Təhsil cinsindən asılı olmayaraq, hər kəsə ictimai həyatın müxtəlif sahələrində, iştirak etməyə imkan verir və onları layiqli fəaliyyət şəraiti ilə təmin edir. Məhz bu səbəbdən də təhsili gender bərabərliyinə nail olmaq və qadınların imkanlarının genişləndirilməsinin mühüm vasitələrindən biri kimi qiymətləndirmək lazımdır. Bütövlükdə təhsil sistemində, eləcə də həm orta, həm də ali təhsil pillələrində gender bərabərsizliyi problemi xüsusi aktuallıq kəsb edir. Təhsildə gender problemindən bəhs edərkən peşə seçimində gender balansının pozulmasının gələcək fəsadlarına da toxunmaq yerinə düşər. Ali təhsil sahəsində aparılmış tədqiqatlar nəticəsində aydın olub ki, oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara üstünlük verirlər. Belə ki, sosiologiya, pedaqogika, psixologiya ixtisasları üzrə təhsil alanların böyük əksəriyyəti qızlardır. Pedaqogika və tibb sahələrinə qızların daha çox meyil etməsi, oğlanların bu peşələri "qeyri-kişi” peşələri kimi qəbul etməsinə görə gələcəkdə məktəbəqədər və orta təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsində qadının rolunun güclənməsindən və təhsilin ilkin və sonrakı mərhələlərində gender balansının pozulacağından xəbər verir. Pedaqoji sahəni "qadın sahəsi” hesab edən oğlanlar cəmiyyətdə mövcud olan stereotiplər və bu sahədə iqtisadi çətinliklərin olması səbəbi ilə bu peşə üzrə təhsil almağa tərəddüd edirlər. Bu isə oğlanların şüurunda sosial rolların bölgüsünə dair gender stereotipinin mövcudluğundan xəbər verir.

Müasir dünyagörüşə zidd olan köhnə baxışları inkar etmək və zəruri olanı təsdiq etmək təhsildə mövcud olan gender problemlərini aradan qaldırmaq üçün günün tələbidir. Bu tələbi həyata keçirmək isə məhz müəllim və məktəb rəhbərliyinin səlahiyyətlərindən biridir. Şagirdlərə hələ məktəbəqədər və məktəb dövründən aşılanan fikir və ideyalar onların gələcək həyatında düzgün qərar verməsinə imkan yaradır. Səbəb və nəticə əlaqəli oyunlar, maarifləndirmə işləri, nümunələr gələcək proseslərin idarəsinə, həmçinin gender bərabərsizliyinin də aradan qaldırılmasına imkan yaradır.

- Bəs qızların təhsilə cəlb olunmasını təkmilləşdirə biləcək genderə uyğun hansı kurikulumlar və ya tədris yanaşmaları var? 

- Qızların təhsilə cəlb olunmasını təkmilləşdirə biləcək bir neçə uğurlu layihələr həyata keçirilib. Bunlardan "Azərbaycan Qadını Elmdə” təşkilatının 13-18 yaşlı məktəbli qızlar üçün "Fantastik dördlük" adlı təhsil proqramının adını çəkmək olar. Proqram çərçivəsində həm qızlar, həm də valideynləri layihə iştirakçısına çevrilib. Onlar təhsilin və gələcək ixtisas seçiminin onların həyatında rolunun nə dərəcədə əhəmiyyətli olduğu haqqında maarifləndirib.

Elm və Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə həyata keçirdiyi "Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində regionlardan olan və ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 24 qızın təhsilinə dəstək veriləcək.

- Günel xanım, qızların təhsildən kənarlaşdırılmasının fərdlər və bütövlükdə cəmiyyət üçün nəticələri nələrdir?

- Bəzən valideynlər azyaşlı övladlarını məktəbdən yayındıraraq, onların erkən yaşda ailə həyatına atılmasını istəyirlər. Bunun gələcəkdə hansı acı nəticələrə səbəb olacağını dərk etmirlər. Bu hala daha çox təhsili olmayan valideynlər arasında rast gəlinir. Onlar düşünürlər ki, qızlarını məktəbdən uzaqlaşdırıb erkən yaşda ərə verməklə "ailənin yükü "azalır. Daha fikirləşmirlər ki, bu addımla övladlarının gələcəyini məhv edirlər. Bir qızın təhsildən uzaqlaşdırılması isə bütöv cəmiyyətə təsir edir. Bəlkə də, məktəbdən uzaqlaşdırılaraq erkən yaşda nikaha məcbur edilən bu qızlar gələcəyin yaxşı həkimi, müəllimi, mühəndisi və yaxudda jurnalisti olaraq, öz dövlətinin inkişafı üçün çalışacaqdı.

- Qızların təhsilini dəstəkləmək və təşviq etmək üçün hər hansı icma əsaslı səylər varmı?

- Qızların təhsilini dəstəkləmək üçün xüsusilə qızlara aid olan layihə və müsabiqələr təşkil olunur. Uşaq və Ailələrə Dəstək Mərkəzləri uşaqlar üçün düşərgələr təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən "Biz Birlikdə Güclüyük” düşərgəsi məhz qızlar üçün təşkil olunub.

 "Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək” layihəsi çərçivəsində Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad STEAM Mərkəzində təşkil olunan proqramın əsas məqsədi qız şagirdlərin STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasıdır.

- Qızların təhsilinə investisiya qoymağın potensial uzunmüddətli faydaları hansılardır?

-Təhsilli qadın təhsilli ailə, təhsilli cəmiyyət deməkdir

Xatirəsini ehtiramla yad etdiyimiz, təhsili olmayan Hacı Zeynalabdin Tağıyevin qızların, qadınların təhsilinə bu qədər önəm verməsinin rəmzi məna daşıdığı,  1901-ci il 7 oktyabr tarixində açılışı olan, 50-dən artıq qızın dərsə başladığı məktəbin Azərbaycanın, o cümlədən Yaxın Şərqin bütün sahələr üzrə inkişafına necə təsir göstərdiyi gözlər önündədir.

- Qızların təhsilini təşviq etmək üçün digər regionlardan və ya ölkələrdən uğurlu nümunələr və ya ən yaxşı təcrübələr varmı? 
Sizcə, bizim cəmiyyət üçün keçərli ola bilərmi həmin yöntəmlər, effektiv təsiri olarmı?

 - 1970-ci illərdə Kolumbiyada başlayan "Yeni Məktəb" modeli hazırda 3 qitə və 16 ölkədə tətbiq olunur. Əsas təhsil səviyyəsinə yönəlmiş "Yeni Məktəb" təcrübəsində təhsilin bütün komponentləri (təhsil kurikulumu, pedaqoji genişləndirmə, sosial qarşılıqlı əlaqə və inzibati struktur komponentləri) tədqiqat-inkişaf və qiymətləndirmə prinsiplərinə əsaslanan yanaşma ilə sistemli şəkildə təhlil edilir.

Xüsusən də kənd yerlərində əhali üçün xidmətlər təqdim etmək bu bölgələrdə qızların məktəbi tərketmə nisbətini azaltmağa nail olunub.

Misirdə həyata keçirilən Əsas Təhsilin İnkişafı Proqramı çoxşaxəli müdaxilələri ilə diqqət çəkir. Proqram qızların məktəbə getməsinə kömək etmək üçün ölkənin inkişaf etməmiş əyalətlərindəki məktəblərin imkanlarını artırır. Əlçatanlığı asanlaşdırmaq, valideynlərin qızlarını məktəbə göndərmək istəyini artırmaq, qızlar üçün maarifləndirmə işləri aparmaq, yoxsul qızlar üçün "məktəb müavinəti” həyata keçirmək, məktəbi tərk etmiş qızlar üçün məktəbə qayıtma mexanizminin asanlaşdırılması və müəllimlərlə məktəblərdə tədris materiallarına investisiyanı artıraraq məktəblərdə verilən təhsilin keyfiyyətini yüksəltməyi hədəfləyir. Butün bunlar da büdcədən tutmuş dərsliklərə, müəllim hazırlığından tutmuş məktəbə qədər tikintiyə qədər bir çox sahədə yeni ideya və üsullara yol açır.

Bir-birimizdən öyrənəcəyimiz çox şey var. Üstəlik, pedaqoq olmaq bitməyən tələbəlik deməkdir. 

Amma düşünürəm ki, hər bir cəmiyyətin və bölgənin özünəməxsusluğu olduğu üçün hər bir cəmiyyətə də yanaşma və metodlar fərqli və xüsusi olmalıdır. Hər hansı bir ölkədə öz nəticəsini göstərmiş metodu biz də gətirib tətbiq etmək istəsək, ən azından həmin metodu özümüzə uyğunlaşdırmalıyıq.

Mənim isə təklifim daha çox valıdeynlərlə işin aparılmasıdır. Bir də maddi vəziyyəti nəzərə alaraq da təkliflər vermək daha yaxşı nəticələr əldə etməmizə gətirib çıxarar.

- Bölgələrdə qızların məktəbə qəbulu, məktəbi tərk etmə nisbətləri və təhsil səviyyəsinə dair mövcud məlumatlar və statistikalarla tanışsınızmı? Necədi vəziyyət? 

- Bölgələrdə qızların təhsilinə xüsusilə diqqət yetirilir. Şagirdlərin gender tərkibi göstərir ki, 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.94%- ni (63013 nəfər) oğlanlar, 46.06%-ni (53814 nəfər) qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə, demək olar ki, buna oxşar olub və imtahanda iştirak edən şagirdlərin 54.30%-i (42920 nəfər) oğlan, 45.70%-i (36123 nəfər) qızlar olub. 2020-ci ildə 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edənlər 2018-ci ildə 9-cu sinfi bitirən şagirdlər olub. Ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur. 2020-ci il ərzində bölgələrdə qızların 9 illik buraxılış imtahanında iştirak faizi ilə 11 illik buraxılışda iştirak faizininə nəzər salsaq, onlar arasındakı fərqi, həmçinin hansı bölgələrimizdə təcili şəkildə həll olunması problemlər olduğunu görmək mümkündür:

1.Sabirabad-5%; 
2.Salyan-9.55%; 
3.Yevlax-15.75%;
4.Kürdəmir-4.12% ; 
5.İmişli-7.12%; 
6.Beyləqan-10.55%; 
7.Şamaxı-6.31%; 
8.Samux-4.35%; 
9.Yardımlı-8.42%; 
10.Lerik-9.31%; 
11.Qobustan-10.21%; 
12.Xocavənd-7.32%


- Təhsildə gender fərqini effektiv şəkildə aradan qaldırmaq üçün hansı siyasət dəyişiklikləri və ya hüquqi tədbirlər həyata keçirilə bilər?

 - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əsasnaməyə uyğun olaraq ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirir. Lakin qanunvericilikdə gender məsələləri üzrə məsul şəxslərin funksiyaları müəyyən edilmədiyindən bu onların fəaliyyətində çətinliklər yaradır. Müsbət beynəlxalq təcrübədən yararlanmaqla dövlət orqanlarının (qurumlarının) strukturlarında gender siyasətinin həyata keçirilməsi üzrə Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinə,  təkmilləşdirmə işlərinin aparılmasına, bununla bağlı qanuna dəyişikliklərin edilməsinə ehtiyac var.

Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyaları həyata keçirir. BMT, Avropa Şurası, Avropa İttifaqı və sair beynəlxalq təşkilatlar Azərbaycanda yerli monitorinq qruplarının yaradılmasını müsbət qiymətləndirib və onların potensialının artırılması üçün öz dəstəyini göstərib.

Ailələrdə gender münasibətlərinin düzgün formalaşdırılması mövzusunda layihələrin həyata keçirilməsi, gender bərabərliyi mədəniyyətinin təşviqi prosesində gender balansının təmin edilməsi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində əhalinin müxtəlif təbəqələri ilə maarifləndirmə tədbirlərinin davam etdirilməsi, bu istiqamətdə kütləvi informasiya vasitələrinin fəallığının artırılması ilə təhsildə də olan gender bərabərsizliyini aradan qaldırmaq mümkündür.

- Bir müəllim və rəhbər şəxs kimi təhsil yönümündə fikrini dəyişdiyiniz ailə, həyatını dəyişdiyiniz qız şagirdiniz olubmu? Olubsa, bunu necə bacarmısınız?

-  Ulu öndərmiz Heydər Əliyevin "Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaq" fikrini rəhbər tutaraq məhz gələcəyimiz olan şagirdlərlə bağlı bir məsələni araşdırmağa çalışdıq. O məsələ ki, daim diqqət mərkəzində olub və olacaq. Gələcəyimizin savadlı kadrlarının yetişdirilməsində mühüm faktor rolunu oynayan bu məsələ isə valideyn - məktəb əməkdaşlığıdır. Heç şübhəsiz ki, valideynlər uşaqların təhsilində müəllimlərin birbaşa tərəfdaşı kimi çıxış etməlidirlər. Və təbii haldır ki, ilkin olaraq öz ailəsi tərəfindən üzərində xüsusi diqqət və nəzarət görən şagird, ən azından bu öhdəliyi hiss edir və onu doğrultmaq üçün təhsilində uğur qazanmağa çalışır. Təəssüflər olsun ki, valideynlər bütün məsuliyyəti məktəb üzərinə atmaqla özlərini "sığortalanmış” hiss edirlər. Nəticədə genetik və ya fərdi istedad kimi istisna halları çıxmaqla, bu cür diqqət və nəzarətdən kənar qalan şagirdlərin təhsilində geriləmə müşahidə olunur. Necə deyərlər, bağa baxarsan bağ olar, baxmazsan dağ. Şagirdin təhsilində əldə etdiyi uğur ailəni, təhsilə verdiyi önəmlə əlaqəlidir. Ailənin məktəbə və şagirdə göstərdiyi diqqət gələcək uğura zəmin yaradır. Şagirdin ehtiyaclarını müəyyənləşdirmək və buna uyğun düzgün təhsil proqramı seçmək üçün ailənin məktəblə sıx əlaqəsi vacibdir. Çalışdığım gimnaziyada da məhz valıdeyn-məktəb əməkdaşlığını inkişaf etdirərək, şagirdlərin də həyatını düzgün şəkildə istıqamətləndirmək imkanımız olur. Şagirdlərin, xüsusilə də qız şagirdlərin ixtisas seçimi zamanı onların qabiliyyət və xarakterinə uyğun qərarların verilməsində bir çox şagirdin həyatında önəmli rolum olub.

- Günel xanım, qız uşaqlarının təhsil uğrunda mübarizələrində daha güclü və uğurlu olmaları üçün məktəbdə, sinif otaqlarında onlara nələri aşılamağın doğru olduğunu düşünürsünüz?

- Şagirdlərinizə dünyanın ən yaxşı dərsliklərini təklif etsəniz də, kifayət qədər motivasiya olmasa, onlar oxumağa və zəhmətə həvəs göstərməyəcəklər. Hər bir şagirdin öz motivasiya üsulu var. Şagirdlər arasında fərdi fərqlər nəzərə alınmaqla onlar motivasiya edilməlidir. Müəllimlər buna nəzarət etməli və şəxsi motivasiyanı təmin etməlidirlər.

"Güclü ol”, "Bacarıqlı ol” deməklə yaradılan motivasiyada da şagirdin potensialı, qavrama gücü nəzərə alınmalıdır. Bilmək lazımdır ki, motivasiya çox yüksək olduqda əks-təsir göstərə bilir. Motivasiya zamanı şagird "Mən nə üçün bunu bilməliyəm?”, "Bu, mənə nə üçün lazımdır?” suallarına cavab tapmalıdır. Bu sualları cavablandırmaq üçün müəllim sinfə müraciət etməli, müzakirə aparmalı və bu zaman şagirdlər üçün öyrənilən mövzunun gərəkliliyi, əhəmiyyətliliyi aydın olmalı, aşkarlanmalıdır. Şagirdin diqqəti daim təlim materiallarına yönəldilməlidir. Müəllim şagirdlərdə özlərinə inam yaratmaqla onları təlimə həvəsləndirməyə çalışmalıdır. Şagirdin dərsə həvəslənməsi ilkin şərtdir.

Müəllimin sözləri ilə davranışları arasında uyğunsuzluq motivasiyanın azalmasına səbəb olur. Müşahidələr göstərir ki, dəstəkləyici sinif mühiti şagirdlərin  akademik nailiyyətlərinə kömək edir.

Dərsdə motivasiyanın artmasında, nizam-intizamla bağlı arzuolunmaz halların qarşısının alınmasında qiymətləndirmənin obyektivliyi də təsir göstərir. Qiymətləndirmə aparılarkən əvvəlcə müsbət cəhətlər qeyd edilməli, daha sonra isə səhvlərin başvermə səbəbləri müəyyən olunmalı və üzərində şagirdlərlə birgə iş aparılmalıdır. Müəllimin məqsədi şagirdi uğura həvəsləndirmək, onda öyrənməyə maraq yaratmaq olmalıdır.

 
Layihə rəhbəri: Sevinc Fədai

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->