Xəbər lenti

Foto 13:07 04.09.2023

"Təhsil ənənəvi gender normalarına və stereotiplərinə meydan oxuya bilir" -  Qızların təhsillə imtahanı

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qızların təhsillə imtahanı” layihəsi davam edir. Layihənin məqsədi ölkə ictimaiyyətinin və medianın diqqətini qızların təhsilinə yönəltmək, aparılan  müsahibə və araşdırmalarla qız uşaqlarının təhsildən yayındırılmasının milli və regional səbəblərini müəyyən etmək, həll yolları axtarmaq və təhsildə motivasiya yaratmaqdır.  

Bu dəfə "Green Start Academy"nin rəhbəri Aysel Rəsulzadə ilə müsahibə aparılıb və çıxış yolu kimi önəmli təkliflər irəli sürülüb. Müsahibəni təqdim edirik:

- Aysel xanım, araşdırmalara görə, dünyada qız uşaqlarının təhsildən yayındırılmasının başlıca səbəbləri yoxsulluq, uşaqların əmək prosesinə cəlb edilməsi və erkən yaşda ərə verilməsidir. Azərbaycan üçün qızların təhsilinə mane yaradan əsas səbəbləri necə qruplaşdırmaq olar?

- Qızların təhsil almasına mane olan əsas səbəbləri bir neçə kateqoriyaya bölmək olar: 

1. Sosial-iqtisadi amillər - Buraya öncə yoxsulluq daxildir. Yoxsulluq içində yaşayan bir çox ailələr məktəb xərclərini – geyim, dərsliklər və digər məktəb ləvazimatları, nəqliyyat kimi təhsillə bağlı xərcləri ödəyə bilmədikləri üçün uşaqları məktəbdən uzaqlaşdırırlar. Digər tərəfdən dolanışıq üçün mübarizə aparan ailələrdə qızlar təhsildən uzaqlaşdırılaraq, əməyə cəlb olunur, daha doğrusu məcbur edilirlər.

2. Mədəni və sosial faktorlar - Bu amillərdən erkən nikah başda gəlir ki, bu zaman qız uşaqları çox gənc yaşda ərə verilir. Ailə qurduqdan sonra isə onların rolları məişət məsuliyyətlərinə doğru dəyişir ki, bu da təhsil almağı çətinləşdirir. 

3. Gender normaları və stereotipləri - Burada cəmiyyətin düşüncəsində qız uşağının əsas rolunun ev təsərrüfatında olması qənaəti onların təhsil imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, məsafə və təhlükəsizlik amili, yəni  məktəblərin evdən uzaqda olması və təhlükəsizliyə dair digər narahatlıqlar qızların  təhsilə cəlb olunmasına manelər yaradır. 

- Layihələriniz çərçivəsində daha çox valideynlərlə çalışırsınız. Paytaxt və bölgələr üzrə ailələrin qızların təhsilinə yanaşmasını müqayisə etsək, ortaya necə bir mənzərə çıxar?

- Müqayisə etsək, şəhər və bölgələr üzrə əhəmiyyətli dərəcədə fərq vardır. İlk olaraq, şəhər ərazilərində yaşayanlar çox vaxt təhsil müəssisələrinə, resurslara və digər məlumatlara daha yaxşı çıxış əldə etdikləri üçün onlar təhsilin üstünlüklərindən daha tez xəbərdar olurlar. İqtisadi imkanları nəzərə alsaq, yenə də şəhər ərazilərində ailələrin qız uşaqlarına təhsil verməsi ilə bağlı daha yaxşı iş imkanları vardır. Bölgələrdə və ucqar kəndlərdə isə məktəblər və nəqliyyat da daxil olmaqla müvafiq təhsil infrastrukturu təhsilə çıxışın məhdudlaşdırılması ilə nəticələndiyi üçün qız uşaqlarının məktəbə göndərilməsi çətinləşir. Həmçinin kənd yerlərində yaşayan ailələrin dolanışıqları üçün əsasən kənd təsərrüfatında əl əməyindən istifadə vacib olduğu üçün qızların təhsildən yayınma halları da çox ola bilir. 

Digər tərəfdən, adət-ənənələrin kənd yerlərində daha güclü təsiri hiss olunduğundan erkən nikah və digər hallar qızların müəyyən yaşdan sonra təhsilə çıxışını çətinləşdirir.

Eyni zamanda, kənd yerlərində təhsildə uğurlu karyera qurmuş qadın modellərinin az olması, bəzi yerlərdə isə ümumiyyətlə olmaması qızların təhsillə bağlı istəklərini məhdudlaşdırır.

- Sizcə, qızların təhsildən kənarda qalmasına səbəb olan mədəni və ya ənənəvi inanclar, mental qanunlar daha çox hansı bölgələrdə müşahidə olunur?

- Mədəni və ya ənənəvi inanclar, eləcə də gender əsaslı ayrı-seçkilik qanunları dünyanın müxtəlif yerlərində olduğu kimi, bizdə də vardır. Bunlar isə qızları təhsildən yayındıran əsas amillər olmaqda davam edir. Bu inanclar və qanunlar yerinə görə dəyişsə də, ümumilikdə təhsildə gender bərabərsizliyinin gücləndirilməsinə kömək edir. Bu cür inancların və qanunların daha çox yayıldığı bölgələrə Cənub regionunu nümunə gətirmək olar ki, burada erkən nikah geniş yayılmış təcrübə olaraq qalır. Qızların çox vaxt gənc yaşda ərə verilməsi onların təhsilinin dayandırılmasına səbəb olur. Həmçinin, gender əsaslı zorakılıq və təqiblər ailələri təhlükəsizlik problemləri səbəbindən qızlarını məktəbə göndərməkdən çəkindirir.

- Aysel xanım, qızların təhsilini təşviq etmək üçün istifadə etdiyiniz hansı üsul və alətlər daha təsiredici olub? 

- Qızların təhsilini effektiv şəkildə təşviq etmək üçün bir çox üsul və vasitədən istifadə təsirli olur. Nəzərə almalıyıq ki, bu metodların effektivliyi konkret kontekstdən və regiondan asılı olaraq dəyişə bilir. Təşkilat nümayəndələri, valideynlər və digər böyüklərin qızların təhsilinin faydaları haqqında müzakirələrə cəlb edilməsi münasibət və normaların dəyişməsinə kömək edə bilir. Yaxud qadınların və qızların öz təhsillərinin müdafiəçisi olmaq səlahiyyətinin verilməsində müsbət rol modellərinin olması və bu müzakirələrdə iştirakı bu cür mənfi təsəvvürləri dəyişə bilir.

Bundan başqa, ailələrin maddi yardım ilə təmin edilməsi təhsilin qarşısındakı iqtisadi maneələrin aradan qaldırılmasına kömək edə bilir. Bu təşviqlər çox vaxt məktəbə davamiyyət və qızların qeydiyyatı ilə əlaqələndirilir və ailələri təhsilə üstünlük verməyə təşviq edir. Məktəb infrastrukturunun yaxşılaşdırılması, o cümlədən təhlükəsiz nəqliyyatın olması da qızların davamiyyətinə mane ola biləcək problemlərin həllində təsirli ola bilir. Bunlarla bərabər, müəllimlərin ailələrə təsiredici rola malik olduğunu nəzərə alaraq maarifləndirilməsi və təlimatlandırılması, bir sözlə, təhlükəsiz sinif mühiti yaratmaq bu stereotiplərlə mübarizə aparmağa və qızları daha effektiv şəkildə təhsilə cəlb etməyin ən uyğun yollarındandır.

Bundan başqa, qızların təhsil hüquqlarını qoruyan hüquqi islahatların təbliği də çıxış yollarından biridir.
 
- Məlumdur ki, qızların təhsildən kənarda qalması cəmiyyətdə gender bərabərliyinə də təsir edir. Bu, bizim cəmiyyətdə özünü daha çox hansı sahə və məqamlarda göstərir?

- Bəli, qızların təhsil almaması nəticəsində yaranan gender bərabərsizliyi cəmiyyətin müxtəlif sahələrində özünü göstərməkdədir. Təhsildən məhrum olan qızlar çox vaxt onlara iş qüvvəsində iştirak etmək imkanı verəcək bacarıq və biliklərin çətinliklərini yaşayırlar. Bu, iqtisadi məhsuldarlığın aşağı düşməsinə təsir edir və ölkənin ümumi inkişafına mane olur. Təhsil həm də cəmiyyətdə məlumatlı və məşğul vətəndaşların formalaşmasında mühüm rol oynayır. Qızlar təhsildən kənarlaşdırıldıqda isə onların həm siyasi proseslərdə iştirak etmək ehtimalı azalır, həm də qərar qəbuletmə rollarında qadınların təmsilçiliyi aşağı düşür. 

Digər mənada, təhsilin olmaması qadınlar və onların ailələrində sağlamlıq məsələlərinin aşağı olmasına da birbaşa təsir etmiş olur. Əlbəttə ki, təhsilli qadınların sağlamlıq təcrübələri haqqında daha yaxşı bilik və bacarığa malik olma ehtimalı yüksəkdir ki, bu sağlam ailələrin çox olması deməkdir. Sağlam ailə isə sağlam cəmiyyəti formalaşdırır. Həmçinin, təhsilli qızlar nikah və uşaq dünyaya gətirməkdə daha sağlam qərarlar verdikləri üçün burada da ana və uşaq sağlamlığı ilə bağlı müsbət nəticələr əldə etmək olar.

Ümumilikdə isə təhsil qızları və qadınları öz hüquqlarını tanımaq və gender əsaslı zorakılığa qarşı durmaq üçün gücləndirə, təhsilin olmaması isə onları sui-istifadə hallarına və istismara məruz qoya bilir. Qızlar təhsildən məhrum edildikdə, yoxsulluq dövrü nəsillər boyu davam edir. Savadlı analar öz övladlarının təhsilinə və sağlamlığına daha çox sərmayə qoyaraq, dövrü pozurlar.

Bir sözlə, təhsil ənənəvi gender normalarına və stereotiplərinə meydan oxuyur. Təhsil olmadan bu normalar möhkəm qala bilər, qızlar və qadınlar üçün mövcud imkanlar məhdudlaşdırıla bilər. Ümumiyyətlə, qızların təhsildən kənarda qalması nəticəsində yaranan gender bərabərsizliyi sosial birliyi, iqtisadi rifahı və cəmiyyətlərin ümumi rifahını pozur.

- Təhsil sahəsində səlahiyyətli şəxs olsaydınız, qızların təhsildən yayınmasının qarşısını almaq üçün hansı addımları atardınız? 

- Mən təhsil sahəsində qızların məktəbdən kənarda qalmasının qarşısını almaq məqsədi daşıyan bir səlahiyyətli olsaydım, onların üzləşdiyi müxtəlif maneələri və çətinlikləri həll edən hərtərəfli və çoxşaxəli strategiya həyata keçirərdim. Əvvəlcə əlçatan və təhlükəsiz öyrənmə mühitləri yaratmaq; qızların məktəblərə təhlükəsiz və rahat şəkildə daxil olmasını təmin etmək üçün məktəb infrastrukturunu, o cümlədən nəqliyyatı təkmilləşdirmək üçün imkanlar yaratmağa çalışardım. 
Valideyn və icmaların iştirakını təşviq edən fəaliyyət planı hazırlamaq; qızların təhsilinin vacibliyi haqqında məlumatlılığı artırmaq və onların qeydiyyata və davamiyyətinə mane olan yanlış təsəvvürləri və ya streotipləri aradan qaldırmaq üçün valideynlər və icmalarla əlaqə saxlamaq burada ən ümdə məqamlardan olardı. 

Ailələrə maddi dəstək göstərmək; ailələr üçün maliyyə maneələrini aradan qaldırmaq və qızlarını təhsilə cəlb etməyə həvəsləndirmək üçün pul köçürmələri, təqaüdlər və ya subsidiyalar ayırardım.

Çevik öyrənmə modelləri tətbiq etmək; qızların qiyabi təhsil və ya distant təhsil kimi müxtəlif ehtiyaclarını ödəyən çevik öyrənmə variantlarını hazırlayardım.

İcmaya təsir göstərənlərlə daimi əlaqə yaratmaq; qızların təhsilinin müdafiəsində onların dəstəyini qazanmaq üçün dini liderlər, icma ağsaqqalları və nüfuzlu şəxslərlə əməkdaşlıq etmək çox önməlidir. 

Çoxsektorlu yanaşma; qızların təhsilinə təsir edə biləcək bir-biri ilə əlaqəli problemləri həll etmək üçün səhiyyə, sosial rifah və məşğulluq sektorları ilə əməkdaşlıqlar yaratmağa çalışmaq.

Düşünürəm ki, bu addımları vahid və uyğunlaşdırılmış yanaşmada birləşdirməklə, qızların təhsildən yayınmasının qarşısını almaq və onların keyfiyyətli təhsilə bərabər çıxışını təmin etməklə mühüm nailiyyətlər əldə etmək mümkündür.

- Vətəndaş cəmiyyəti institutları sözügedən problemin həlli üçün davamlı layihələr həyata keçirir. Ancaq bəzən bu layihələrə ictimai formada inamsızlıq nümayiş etdirilir, bütün görülən işlərin boş olduğu deyilir. Necə düşünürsünüz, maarifçilik lazımi geridönüşümü verir və ya verəcək?

- Problemlərin həllinə, o cümlədən qızların təhsilinə yönəlmiş layihələrə ictimai inamsızlıq keçmiş uğursuzluqlar, şəffaflığın olmaması, mədəni maneələr və müdaxilələrin effektivliyinə şübhə kimi müxtəlif amillərdən qaynaqlana bilər. İctimaiyyəti maarifləndirmək və bu layihələrə inam yaratmaq çoxşaxəli yanaşma tələb edir. İlk növbədə, vətəndaş cəmiyyətləri öz fəaliyyətlərində şəffaflığa üstünlük verməlidirlər. Layihə yeniləmələrinin, tərəqqi hesabatlarının və maliyyə məlumatlarının müntəzəm olaraq paylaşılması hesabatlılığı nümayiş etdirə və etibarlılığı artıra bilər. Digər tərəfdən, layihələrin icrasına yerli icmaların cəlb olunması çox önəmlidir. Bu hal məsuliyyət hissini və etibarı gücləndirir. Layihələrin geniş əsaslı dəstək və təsdiqə malik olduğunu göstərmək üçün dövlət nümayəndələri, məktəb rəhbərliyi və digər nüfuzlu şəxslərlə əməkdaşlıq və tərəfdaşlıq vacib məsələlərdəndir. İctimaiyyəti məsələnin əhəmiyyəti, layihənin məqsədləri və onlara nail olmaq üçün istifadə olunan üsullar haqqında maarifləndirən məqsədyönlü və effektiv kommunikasiya kampaniyalarında iştirak etmək, həmçinin uğur hekayələrini bölüşmək, təsir göstərmək və ictimaiyyəti layihələrə cəlb etmək üçün müxtəlif media platformalarından istifadə etmək də təsirli vasitə ola bilir.

- Sizcə, bu dövrü - mərhələni də aşacağıq, qızların təhsil alması bütün ailələrdə normal hal alacaq? Yoxsa "Qız nədir, oxumaq nədir?" ifadəsini bütün dövrlərdə eşidəcəyik? 

- Bu gün müxtəlif amillər, o cümlədən mədəni inanclar, iqtisadi şərait və siyasi qeyri-sabitlik səbəbindən müxtəlif regionlarda problemlər və bərabərsizliklər hələ də mövcud olsa da, əsas olan odur ki, bir sıra qurum və təşkilatlar tarixən qızların təhsil almasına mane olan məhdudiyyətləri aradan qaldırmağa çalışır. 

O ki qaldı, "Qız nədir, oxumaq nədir?” ifadəsinə, ənənəvi gender rollarının dərin kök saldığı bəzi sahələrdə hələ də dəyişikliyə qarşı müqavimət açıq-aşkar hiss olunsa da, ümumilikdə, bütün uşaqlar üçün təhsilin vacibliyinə dair qlobal şüurun qəbul olunması bunlarla bağlı yaxın gələcək üçün ümidlənməyə imkan verir.

- Aysel xanım, sizcə, müxtəlif səbəblərlə təhsildən yayındırılan qızlarımız bu maneələri aşmaq üçün mübarizəni necə qurmalıdır? Bir az çətindir, çünki qarşılarında dayanan ailələridir... Və burda onların yetişməsinə təsir edən mühit də önəmli rol oynayır. Qızlarımız özlərini necə yetişdirsin, bütün bu çətinliklərin öhdəsindən necə gəlsinlər?

- Qızların maneələri dəf etmək və çətin şəraitdə təhsilə davam etmək səlahiyyətinin verilməsi şəxsi dözümlülük, cəmiyyətin dəstəyi və sosial dəyişiklikləri əhatə edən çoxşaxəli yanaşma tələb edir. Hər şeydən öncə qız uşaqlarının təhsil almaq istəklərini, təhsilin əhəmiyyətini və vacibliyini ailələrinə bildirməyi əlçatan etməliyik. Bunun  üçün ailə və ya icma daxilində təhsilin dəyərini anlayan dəstəkləyici şəxsləri müəyyən etməliyik. Bu, onların adından vəkillik edə biləcək valideyn, qardaş, qohum və ya müəllim ola bilər.

Digər tərəfdən, qızları təhsilin praktiki faydalarını nümayiş etdirən bacarıqları öyrətməliyik. Məsələn, təhsilin daha yaxşı məşğulluq imkanlarına və ya təkmil qərar vermə bacarıqlarına necə gətirib çıxara biləcəyini göstərmək ailələrə onun dəyərini tanımağa kömək edə bilər.

Ailələri qızların təhsilinin uzunmüddətli faydaları, o cümlədən sağlamlıqlarının yaxşılaşdırılması, iqtisadi nəticələr və səlahiyyətlərin artırılması haqqında maarifləndirməliyik. Burada təhsil ardınca gedən qızların uğur hekayələrini paylaşmaq da çox təsirli ola bilər. 

Əlbəttə ki, bu maneələri aradan qaldırmaq çox vaxt qızların özlərindən, ailələrindən, təşkilat və qurumlardan birgə səy tələb edir. Bu uzun zaman alsa da, əzmkarlıq və birgə fəaliyyətlə tərəqqiyə nail olmaq mümkündür. Qızlar yadda saxlamalıdırlar ki, onların təhsili onların hüququdur və onlar öyrənmək, böyümək və istəklərinə çatmaq üçün bu gün bir çox imkanlara malikdir.

Layihə rəhbəri: Sevinc Fədai

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->