Xəbər lenti

Süleymanov
İdman 12:18 03.08.2022

Süleymanov "Ferentsvaroş"un baş məşqçisi haqda: "Bunu "yastıq əməliyyatı" adlandırmaq olar"

Azərbaycanın tanınmış futbol mütəxəssislərindən olan Tahir Süleymanov "Qarabağ"ın "Ferentsvaroş"la matçından öncə fikirlərini bölüşüb.
 
Qaynarinfo xəbər verir ki, Süleymanov şəxsi "Facebook" səhifəsində "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesovla bağlı xatirələrini və onun komandasına qarşı necə oynamaq lazım olduğu haqda düşüncələrini bölüşüb:
 
"Qarabağ" Azərbaycan futbolu adına çox vacib matç keçirəcək. Çempionlar Liqasının qrup yolunda Macarıstan "Ferentsvaroş"u qarşımıza çıxsa da, rəqibdən daha çox baş məşqçiləri Stanislav Çerçesov gündəmdədir...

Şimal qonşumuz olduğu üçün informasiya məkanı təsiri hiss olunmaqdadır. Rusiya-2018 dünya çempionatından sonra Çerçesov məşqçi kimi populyarlıq qazanıb. Yerində oturan deyil, zamanın nəbzini tutmağı bacarır...
 
Futbolçu-qapıçılığı dönəmində SSRİ çempionatında "Neftçi"yə qarşı oynayıb. Futbolumuzun incəliklərinə, fəlsəfəsinə yaxşı bələddir. Özü də bilir ki, "Qarabağ"a məğlubiyyəti Rusiyada Azərbaycanı istəməyən qüvvələr bağışlamayacaq. Düşmənlərimizin media resurslarına təsiri böyükdür.
 
Çerçesovla ilk tanışlığımız Avstriyada olub, "Neftçi"-"Beşiktaş" hazırlıq matçına baxmağa gəlmişdi. Ünsiyyətçil, özünü təqdim etməyi bacaran biridir. Bir-iki il
sonra, bu dəfə Türkiyədə görüşdük. "Terek"in ("Axmat") baş məşqçisi idi artıq...
 
Antalyada "Kadırov adına turnir"də "bürünc" uğrunda oyunda "Neftçi" qroznılalılarla qarşılaşdı. Çeçenistan rəhbərliyini təmsil edən vəzifəlilər də matça baxmağa gəlmişdilər. Çerçesov oyunu udacağından çox əmin idi. Qapısında 3 cavabsız top görüb məğlub oldu.
 
Stanislav Çerçesovu son illər Rusiyanın Fatih Terimi də adlandırmaq olar. Çox emosionaldı və bu ruhu komandaya, futbolçulara da ötürə bilir. Məşqçi kimi ən güclü tərəfi psixoloji möhkəm olması, məğlubbiyyəti qəbul etməməsi, oyun intizamı ilə yanaşı futbolçuları hirsləndirməyi bacarmasıdır...

Belə məşqçilərə qarşı matçda yumşaq yanaşılmamalıdır. Yerli mentaliteti bildiyi üçün oyunöncəsi mətbuat konfransında ehtiyatlı davranıb, hətta "yastıq əməliyyatı" da adlandırmaq olar. Bilir ki, azərbaycanlıları qızışdırmaq olmaz. Çerçesovun başçılıq etdiyi komandalarda aqressiv oyun, mübarizə, dinamika üstünlük təşkil edir.
"Qarabağ" - "Ferentsvaroş" qarşılaşması iki baş məşqçinin meydanda taktiki, psixoloji dueli olacaq. Təmkinli Qurban Qurbanov, emosional Stanislav Çerçesov... 10 il öncə rəhmətlik Böyükağa Hacıyevin oyundan sonra gülə-gülə dediyi kimi: "Что, Стас, думал победишь нас"? (elə bilirdin udacaqsan?).
 
"Qarabağ" artıq Avropada böyük təcrübəyə malikdir, futbolçular meydanda nə etdiyini bilirlər. Tribunalarda möhtəşəm azarkeş dəstəyi ilə yenidən Çerçesovun öz qapısında 3 top görməsi arzusu ilə... Bu dəfə "Ferentsvaroş"la birgə...
 
Uğurlar, "Qarabağ"!"
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->