Xəbər lenti

Sorosun “Sezar kəsiyi”ndən çıxan demokratiya
Aqşin YENİSEY
Dünya 13:17 15.05.2023

Sorosun “Sezar kəsiyi”ndən çıxan demokratiya

Tibdə "Sezar kəsiyi” deyilən bir anlayış var, hamiləliyi vaxtından əvvəl bitirmək üçün ananın arzusu ilə qarın boşluğuna cərrahi müdaxilə edilərək uşağı doğuzdurulması gerçəkləşir. Firdovsinin "Şahnamə" əsərinin mifik pəhləvanı Rüstəm Zal da "Sezar kəsiyi” ilə doğuzdurulmuşdu. 

Dünən gecə öldüyü deyilən Soros da müsəlman xalqlarına vaxtından əvvəl "Sezar kəsiyi”ndən demokratiya doğuzdurmaq istəyirdi. Gözü arxada qaldı.  
Demokratik seçki demokratiyanın ilk yox, son mərhələsidir. Seçki o ölkələrdə saxtalaşdırılmır ki, orada vətəndaşlar da şəxsi həyatlarında saxtakarlığın faydalarından imtina edirlər. 

Vətəndaşı soymaq üçün hüquq oxuyan, hüququ əzə bildiyi üçün özünü vətəndaş kimi hiss edən toplumlarda seçki saxtalaşdırılmasa pis nəticələr verə bilər. 

Türklər bu seçki ilə "millət, yoxsa dövlət" ("Millət" və "Cümhuriyyət" ittifaqları) seçimi edirlər. Türklər tarixin bütün dövrlərində milləti dövlətin xidmətçisi kimi görüblər. Dövləti olmayan türk kölədir. Anlayış budur. 

Türkiyədəki "Millət ittifaqı", bir növ, sovetin "Xalqlar dostluğu" kimi bir şeydir. Altında dərin intellektual, emosional bağlar olmayan siyasi eksperimentdir. Ambulator məqsədlidir. Milləti dövlətin (cümhuriyyətin) önünə qoyması da bu daxili xaotikliyindən irəli gəlir. 

"Cümhuriyyət"çilər isə türk seçmənin dərin duyğularına xitab edirlər; öncə dövlət, sonra millət. 

O başqa məsələ ki, keçən yüz il ərzində Türkiyə dövləti özünün dövlət varlığına təhdid yarada biləcək əngəlləri çoxdan aşmalı, ABŞ, İngiltərə, Almaniya, Fransa kimi dövlət həyatı ilə millət həyatını eyniləşdirməli idi. 

Özümüzə gəlincə, bizim dövlətin hələ ki, bircə demokratik seçkilik canı var.

Əlbəttə, sonuncu cümləni oxuyan oxucunun "siz niyə bütün problemlərdə xalqı, cəmiyyəti günahlandırırsınız? Bu xalq deyildimi demokratik dövlət uğrunda əliyalın tankların qabağına çıxan” sualını da eşidirəm.  

Bu sual demokratiya istəyi ilə müstəqillik arzusunu bir-birindən ayıra bilməyən, daha doğrusu, bilərəkdən ayırmaq istəməyən oxucunun sualıdır. Meydan hərəkatının kütləviliyini yaradan demokratiya istəyi deyildi, müstəqillik istəyi idi. Xalq əlinə düşən milli dövlətini qurmaq fürsətini qaçırmamaq üçün meydanlara axışırdı. O milli dövlətin idarəetmə forması onu maraqlandırmırdı. Tankların qabağına çıxanları milli dövlətin taleyi maraqlandırırdı, milli hakimiyyətin taleyi deyil. Və qanı bahasına əldə etdiyi milli dövlətinə təhlükə yarandığını gördükdə xalq dərhal demokratik yolla sevib-seçdiyi prezidentini qurban verdi. Demokratik istək Azərbaycanda heç vaxt milli məsələ səviyyəsinə yüksəlməyib. Buna həm onun milli şüurunun gücü çatmayıb, həm də belə bir tarixi zərurətlə qarşılaşmayıb. Azərbaycanda demokratik istək keysəriyyə yoluyla cəmiyyətə demokratik hökumət doğuzdurmaq istəyidir. Demokratik düşərgə xalqın yox, yalnız hökumətin demokratikləşməsini istəyir ki, bu da mümkün olan şey deyil. Xalqa gəlincə, onun üçün milli məsələ, məsələn, Qarabağ münaqişəsi idi, fürsət yaranan kimi qalxdı və həll etdi.

Milli dövlətlərin heç biri dünyaya demokratiyanın belindən gəlməyib. Rişelyenin XVII əsrdə qurduğu milli fransız dövləti "demokratiyanın beşiyində” fransız qadınına seçki hüququnu XX əsrdə, 1944-ci ildə De Qollun vaxtında verdi. 

Rişelye o adam idi ki, milli dövləti xəfiyyə kimi sosial həyatın bütün dəlmə-deşiklərinə dürtmüşdü. Yaratdığı məmur ordusu ilə milli dövləti ilk dəfə bu adam vətəndaş üzərində güc olaraq qullanıb. Ta 17-ci əsrdən üzü bu yana fransız vətəndaş gözünü açıb dövləti öz yatağında görüb. Ona görə də onda bu milli dövlətin idarəetmə formasını dəyişmək üçün bir müqavimət ruhu, mentaliteti, fəlsəfəsi, ədəbiyyatı, musiqisi formalaşıb. Yəni demokratik istək milli məsələ səviyyəsinə yüksəlib.  

Yaxud ingilis demokratiyasının baniləri İngiltərənin böyük zəka sahibi olan şəxsiyyətləri deyil, böyük pul sahibi olmağa can atan ingilis tacirləri idi. Asiyadan, Amerikadan Avropaya və geriyə mal daşıyan bu adamlar bazarı kralın monopoliyasından çıxarmaq üçün pul buraxıb 1683-cü ildə "Şanlı inqilab" təşkil etdilər və fransızlardan xeyli əvvəl kralın gözünü qorxudub siyasi manevrlərlə bazara şərik oldular.

Bu gün neoliberal kapitalizmin tüğyan etdiyi dünyada varlılar daha da varlandıqca, yoxsullar daha da yoxsullaşır. Bu da sosial partlayışları qaçılmaz edir. Vaxtilə Avropa kapitalistləri bu partlayışların qarşısını demokratik seçki ilə aldılar. Aclara hakimiyyətdə təmsil olunmaq hüququnun verilməsini təmin etdilər. Yoxsullara daha böyük xəyallar qurmaq üçün daha geniş meydan verib bazara nəzarəti əllərində saxladılar. Bismark acların inqilabi pıçıltılarını eşidən kimi 1883-cü ildə tezbazar tibbi sığorta sistemini yaratdı və s. 

Demək istədiyim odur ki, demokratiya istəyi xalqın milli məsələsi olaraq tarixi zərurətin tələbi deyilsə, o, hədəfi milli dövləti ələ keçirmək olan imperializmdir. 

İngiltərənin keçmiş baş naziri, neoliberalizmi yeni müstəmləkəçilik siyasəti kimi görən Marqaret Tetçer deyirdi: "Cəmiyyət deyə bir şey yoxdur, fərd var, insanlar əvvəlcə öz başlarının çarəsinə baxmalıdırlar”. Qanunların işləmədiyi cəmiyyətdə bunun adı ictimai əxlaqı korlayan sosial Darvinizmdir. Tetçer bu sözləri deyəndə, İngiltərə öz daxilində çoxdan kapitalizmin əxlaqi və hüquqi normalarını yaratmışdı.

Neoliberal kapitalın əsas məqsədi bütün dünyada öz hakimiyyətini yaratmaqdır, bundan ötrü isə ilk növbədə xalqların uzunmüddətli sosial hədəflər yaratmaq istəyini aradan qaldırmalıdır. ABŞ-ın keçmiş prezidenti Reyqan kimi Tetçer də qlobal bazarı yaratmağın və qlobal hakimiyyəti bazar vasitəsilə ələ keçirməyin yolunu millətlərin milli maraqlarından uzaqlaşdırılmasında görürdü. Buna görə hər iki lider gündəlik ehtiyacların içində itib-batan fərdi uzaq hədəfləri olan milli birliyə qarşı qoyurdular. 

Həm də uzaq-uzaq ölkələrdə...
 
Aqşin Yenisey

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->