Xəbər lenti

Milli hasarlarının yerli minotavrları
Aqşin YENİSEY
Siyasət 16:40 05.07.2023

Milli hasarlarının yerli minotavrları

Bütün azadlıqların – mənəvi, iqtisadi, yaradıcı və s. - məqsədi öz işinə yarayan hasar əldə etməkdır!

Hasarı olmayan azadlıq yoxdur. Məzmunun azadlığı formanın içində mümkündür və s. 

Bu günlərdə Azərbaycanda qonaq olan və ölkəsinə dönən bir türk arkadaşla danışırdıq. İlk sualı bu oldu ki, öz ölkənizin dağını, dənizini niyə ucdantutma hasarlayıb bir-birinizə pulla satırsınız ki? 

Dedim, bu, bizim daxili işimizdir, hətta o qədər daxilən, içdən bir ehtisala gördüyümüz bir işdir ki, heç pul qazanmadığımız əraziləri də boş-boşuna hasarlayıb fani dünyadan gizləyirik.   

Evlərini pulunun miqdarına uyğun hündürlükdə hasarlarla gizləmək bir insanlıq halıdır, bunun millətin kimliyi ilə bir bağlantısı yoxdur. İnsan tarixin bütün dövrlərində mühitdən gizlənməyə yer axtarıb. İlk sosial insanlar mağarada öldü. 

Bu gün Azərbaycanda evi, pulu, torpağı olmayan vətəndaşın belə yuxularına girib baxmaq imkanımız olsa, hər gecə yuxuda olmayan evinə, puluna, toprağına hasar çəkdiyini görərik, arvadlı-kişili. Sartr cəhənnəmə-gora deyirdi ki, insan azadlığa məhkumdur. Amma harada, ay Sartr? Bilmirsənsə, eşit! Əlbəttə ki, qalın divarların, keçilməz hasarların arasında. Azadlıq təhlükədir. İnsan özünü tanıyandan azadlıqdan qaçır. 

Ailə kultu yaranan gün dünya hasarlandı. Sonra bu ailələr öz hasarlarını birləşdirib tayfalarını yaratdılar, tayfalar hasarlarını birləşdirib dövlət sərhədlərinə çevirdilər. Sonra bu tayfalardan biri bu sərhədləri qorumağın məsuliyyətini öz üzərinə götürüb hakim sülalə oldu. Hakim sülalə isə ölkəni öz ərazisi kimi gördü, onun hər zaman qorunmasına və genişlənməsinə diqqət göstəridi. 

Ən sonuncu Osmanlı, Səfəvi, Romanov sülalə-dövlətləri o qədər genişləndi ki, mövcud sərhədlər daxilindəki "ailə üzvləri” artıq bir-birilərini tanımamağa başladılar. Hər bir sülalə-dövlətdən geriyə parçalanmış mobil ailələr miras qalır. Sərhədlər daxilində yenidən ailə hasarları meydana gəlir. Sərhədlər hamıya məxsus olduğu və sahibi olan sülalə yıxıldığı üçün artıq heç bir hasarlanmış ailə onun məsuliyyətini öz üzərinə götürmək istəmir. Ailələrin namusu artıq ölkənin sərhədi deyil, evlərinin hasarı hesab olunur. 

Yəni hasarların sərhədlərə, sərhədlərin hasarlara çevrilməsi tarixin qabarma-çəkilmə hadisəsidir. 

Sərhədlərin hasarlarla ayrılması tarix üçün yeni bir ideya deyil. Təxminən 2700 il əvvəl tikintisi başlayan və iki min il sürən, dünyanın ən uzun hasarı olan Çin səddi vaxtilə Çin və Hun imperiyalarını bir-birindən ayıran yer üzündə yeganə hasar-sərhəd idi. Bu gün isə dünyada quru sərhədlərini hasarlar ayıran 67 ölkə var yer üzündə. Populyar kültür Berlin divarını dağıdanda bu say 16 idi. Berlin divarı dağıldı, əvəzində dünyanın müxtəlif bölgələrində 50 yeni divar tikildi. 
Görünən o ki dünya qloballaşdıqca, texnoloji "həyasızlıq" xalqların daha məhrəm yerlərini pusa bildikcə dövlətlərin bir-birilərinə etibarı itir. XXI əsrdə hasarlama işləri tək bizim xalqın müsibəti deyil. Bu gün ABŞ Meksika ilə, İngiltərə Fransa ilə, Macarıstan Serbiya ilə, Ukrayna Rusiya ilə, Türkiyə İran və Yunanıstanla, Səudiyyə Ərəbistanı İraqla, Cənubi Koreya "qabağından yeməyən" qardaşı Şimali Koreya ilə və s. adını çəkməyə ərindiyim başqa ölkələr sərhədlərini hasarlarla ayırır.  

Son illər Azərbaycanda evlərlə yanaşı, restoranların, istirahət mərkəzlərinin, hətta dəniz qumluqlarının, otlaqların və s. hasarlanmasının medianın gündəminə gəlməsi istər-istəməz oxucuları belə bir sualla qıcıqlandırır: görəsən, dünyada hasar anlayışına münasibət necədir? İndi bilmirəm, amma XV əsrdə qoyunçuluqdan və yun alverindən babat "pul qıran" ingilis zadəganları kəndliləri, kasıb-kusub qonşularını ev-eşiklərindən qovur və onların torpaqlarını çəpərləyib öz qoyun sürüləri üçün otlağa çevirirdilər. Həmin dövrdə yaşayıb-yaradan və dövrün kralı, Tudorlar sülaləsinin səkkizincisi Henrinin dostu və kansleri, məşhur "Utopiya" əsərinin müəllifi yazıçı-filosof Tomas Mor bu mənzərəni bir cümlə ilə tarixə belə həkk edib: "İngiltərədə qoyunlar insanları yeyir". 

Bəlkə, biz hələ İngiltərənin XV əsrində yaşayırıq?

Başlanğıcda, yəni eramızdan əvvəl VII əsrdə tikilməyə başlayanda Çin səddi də Hunlardan qorunmaq üçün düşünülməmişdi. O dövrdə Çin bizim indiki gizli xanlıqlar kimi özəl mülklərə bölünmüşdü və hər bir Çin xanı öz torpaqlarını digər xanın torpaqlarından ayırmaq üçün hasarlatdırırdı. Hasarlama qədim Çində vətəni deyil, malı, mülkü qorumaq üçün nəzərdə tutulmuşdu. Daha sonra bu bir-birindən ehtiyat edən, fürsət tapdıqca bir-birini silib-süpürən Çin xanlıqları gücdən düşdülər və yaxınlıqdakı hunlar, monqollar gəlib hər şeylərini yağmaladılar. 

Allah bizdən iraq eləsin. 

Sərhədini qoruya bilməyəni, heç bir hasar xilas edə bilməz! 

Bəs onda nə üçün bizim azərbaycanlılar, adətən, ev və vətən seçimində evi, vətən və dünya seçimində dünyanı seçirlər? Reallığın balacasını, faniliyin yekəsini götürürlər? Məsuliyyətini daşıyacaqlıarı şeyin (ev) balaca, başlarından edəcəkləri şeyin (dünya) böyük olmasını istəmələri onların özgüvən hissinin zəifliyindənmi güc alır?

Bəlkə, bizi hətta boş əraziləri də hasarlamağa vadar edən bu özgüvən zəifliyidir? Olmaya o boş hasarların içində də xəyallarımızın sığınacağını yaradırıq?
 
Aqşin Yenisey

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->