Xəbər lenti

Ədalət - əzənin hüququ, hüquq - əzilənin ədalətidir
Aqşin YENİSEY
Ölkə 11:53 26.06.2023

Ədalət - əzənin hüququ, hüquq - əzilənin ədalətidir

Cəmiyyətimiz üzləşdiyi ictimai problemlərə hüquqi deyil, ədalətli yanaşmanın tərəfdarıdır. Deyə bilərsiniz ki, ha ədalət, ha hüquq, bunların nə fərqi var ki? 

Ədalət və hüquq anlayışının günümüzdə o qədər fərqi var ki, bir-bir sadalasaq, axırda onların bir-birinin ziddi, düşməni olduğu üzə çıxar. 
Ədalət daha bəşəri anlayış olduğu üçün siftə ondan başlayaq. Ədalət doğruluq, dürüstlük, bərabərlik, vicdanilik və s. əxlaqi dəyərlərə əsaslanan və hüququn olmadığı çağlarda onu əvəz edən mücərrəd və antik bir anlayışdır. Mənşə etibarilə ilahidir. Ən böyük ədalət məhkəməsi allahın məhşəridir. İctimai əxlaq yeni şərtlərə uyğunlaşdıqca ədalət anlayışı da qarabaqara onu izləyir. Məsələn, qədim yunan və Roma quldarlığında ədalət qulların həyatı ilə maraqlanmırdı, hətta insanların kölələşdirilməsinin ədalətli olduğunu müdafiə edirdi; əzilənin deyil, əzənin, zəifin deyil, güclünün tərəfindəydi. 

Əxlaq qaydalarını təyin edən iqtisadi səbəblər ədalətin kölələr haqqında fərqli düşünməsinə icazə vermirdi. Ədalət istəsə belə, köləni qoruya bilməzdi, çünki hakim elita onun özünü zorlayardı. Necə ki, Afinada mövcud ədalətin düzgün olmadığını söyləyən Sokratı "demokratik” kütlənin "səsverməsi” ilə aradan götürdü. 

Orta əsrlərdə edam və təqib olunan əksər mütəfəkkirlər öz zamanlarındakı ədalətin müxalifi olan insanlar idi. Deməli, ədalətin ədalətli olmamaq kimi bir özəlliyi var.

Ədalət universal anlayış olsa da, bunun əksi mümkün deyil, yəni universal ədalət deyə bir şey yoxdur. Məsələn, BMT qərarlarına görə, ölüm hökmü ədalətsiz qərardır, amma BMT üzvü olan bir neçə ölkədə ölüm hökmü icra oluna bilir və ədalətin universallığı etibarlılığını itirir. 
Bu xırda izahdan bu nəticəyə gəlirik ki, ədalət gücün xidmətçisidir; başlanğıcda ilahi gücün, davamında onu yerdə təmsil edən siyasi və dini gücün. Ədalət bu ilahi mənşəli güclərin bərabərlik, doğruluq, düzgünlük anlayışıdır. Güc nəyi cəmiyyətə rəva bilirsə, onu ilahiləşdirir, ədalət isə onu təsdiqləyir. Ədalətin cəmiyyətə rəva bildiyi şey ilahi gücü yerdə təmsil edən hakim güc tərəfindən təsdiqlənmədikdə etirablılığını itirir. 

Bizim ictimai zehniyyət antik dəyərlərə söykəndiyi üçün başına gələn bütün hadisələrdə ədalətin mövqeyindən çıxış edir. Məsələn, şəxsi qisas ədalətə görə fəzilətdir, hüquqa görə cinayət. Cəmiyyətimizin əri, qardaşı tərəfindən öldürülən qadınlara qarşı əksər hallarda cinayətkarın mövqeyindən çıxış etməsinin arxasında əxlaqa əsaslanan antik ədalət anlayışı dayanıb. Bu əxlaqa görə, daşıyıcısı qadın olan namus, ismət kimi dəyərlər toxunulmazdır, toxunulub ləkələnibsə, təmizlənməlidir. Təmizləmək üçün isə ən azı bir vedrə qan lazımdır. "Ariel”lə namus təmizlənməz. 

Əxlaqın bu "təmizlik işləri” tələbi ədaləti məcbur edir ki, qatilin tərəfini saxlasın. Beləliklə, özünü bu antik əxlaqın içində realizə edə bilən toplum əxlaqa boyun əyən ədalətin simasında qatili, qətli müdafiə edib şərəfləndirir. Cinayətin hüquqi qiyməti onu maraqlandırmır. Çünki hüquq əksər hallarda onun əxlaqi dəyərlərinin azadlığını məhdudlaşdırır. Məsələn, o məktəbə buraxmadığı qızını on beş, on altı yaşında bacanağının eyni yaşda, eyni ağılda olan oğluna ərə verib onun ailənin adına söz gətirəcək yaşa ər evində girməsini istəyir. Milli əxlaq və ədalət buna izah və icazə verir, yeganə əngəl hüquqdur. Çünki hüquq evlənmək üçün yaş həddi qoyub və o yaş həddinin altında heç bir əxlaq, ədalət tanımır. Xalq buna görə hüquqa balasının xoşbəxtliyinin yolunu kəsən əjdaha kimi baxır. Onu ram etməyin yollarını axtarır; hüquqa rüşvət təklif edir, yaxud ərə veriləcək azyaşlı qızın yerinə elin arvadının sənədini gətirib göstərir və s.
 
Bu gün Azərbaycanda ictimai mübarizə, əslində, hüquqla ədalət arasında gedir.    

Ədalətdən fərqli olaraq hüquq siyasi və dini gücdən, ilahilikdən, əxlaqi dəyərlərdən arındırılmış obyektiv mühakimələrə söykən konkret qanunlar sistemidir. Mənşəcə, hətta ədalətin müxalifətidir. Çünki ilk hüquq sistemi sayılan Roma Hüququ hər şeydən öncə Misirin Ədalət tanrıçası Nemezidadan bəhrələnsə də onun şəxsi qisasa haqq qazandıran ədalətini qadağan edib qisası ictimai mühakimənin predmetinə çevirmişdi. Yəni ilk hüquq sistemi ədalətin qərarının ədalətli olmadığını göstərirdi.   

Hüquq şəxsi və subyektiv mühakiməni qəbul etmir. Bu isə ədalətin və ədalət tərəfdarlarının sevmədiyi bir şeydir. Çünki ədalət tərəfdarları pedofilləri şəxsən axtalamaq, yaxud onların dəyərlərini aşağılayan adamları öz istədikləri kimi cəzalandırmaq istəyirlər. 

Linç zamanında ədalətin güc tətbiqi idi. Hətta ABŞ kimi qanunlar ölkəsi belə işinə yaradığı üçün onu qanuniləşdirmişdi. 

Ədaləti nisbiləşdirən də onun faydalılığıdır. Bu faydadan bəhrələnin isə cəmiyyət deyil, vəziyyətdir. Vəziyyətə uyğun olaraq sənə görə ədalətli olan şey, mənə görə ədalətsiz ola bilər. Hansımız daha güclüyüksə, ədalət onun tərəfindədir. Ədalətin bütün hallarda gücə ehtiyacı var. 

Ona görə bütün klassik filosoflar, şairlər ədalətdən danışanda üzlərini xalqa yox, padşaha tuturdular. Çünki güc onun əlində olduğu üçün ədaləti də o bərqərar edə bilərdi. 

Burada ədalətin daha bir əksikliyi üzə çıxır; ədalət tələb olunan deyil, umulan, verilməsi gözlənilən haqqdır. 

Hammurapidən üzü bəri ədalətin yaranmasında və həyata keçirilməsində cəmiyyətin söz haqqı olmayıb, ədalət gücün, güclü olanın zəifə bəxşişidir. Ədalət, lap dərinə getsək, zəiflərin güclüdə kəşf etdikləri psixoloji sığınacaqdır. Əslində, bu gün müsəlman ölkələrinin hamısında ədalət var; müsəlman dövlət başçıları ədalətli bildikləri addımları atırlar, kimlərə görəsə bu addımlar ədalətsiz ola bilər, amma ədalət anlayışının prinsiplərinə görə tamamilə doğrudur. 
Müsəlman ölkələrinin qara geyib qara günə qalmasının səbəbi bu ölkələrdə ədalətin deyil, hüququn yoxluğudur. 

O hüquq ki, müsəlman özü də onu əxlaqının köləsi kimi görür. O hüquq ki, işinə yaramayanda müsəlman özü də onu öz ədalətinin məhkəməsinə, məhşərinə çəkir.
 
Aqşin Yenisey

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->