Darvin deyirdi ki, yalnız elm və sənət birləşincə ortaya çıxan şeyə mədəniyyət demək doğrudur. Elm və sənətin digər sintezləri qeyri-mədəni məqsədlərə xidmət edir.
Yunanlar isə mədəni insanı "eudaimonia” anlayışı ilə xarakterizə edirdilər. Yunanlara görə, varlığında həzz və əzabın bərabər dozasını əldə edə bilən insan mədənidir, kamildir. Yalnız ağlaşma və yalnız gülüşmə qeyri-mədənilikdir, qeyri-kamillikdir.
Yalnız ağlamağa və yalnız gülməyə meyilli olmaq, səbəb axtarmaq, sadəcə, psixoloji pozğunluq əlamətidir, istər fərd olsun, istər cəmiyyət. Hətta belə bir yayğın söz də var ki, neqativ insanlar radiasya kimidir, sürəkli məruz qalsanız, sizi öldürəcək.
Dilimizə tərcümədə "eudaimonia” "doymaq” sözünə uyğun gəlir ki, bu da günümzdə el dilində çox işlənən "yeyib-doyub” ifadəsidəki fiziki doyma deyil.
"Eudaimonia”nın fiziki xoşbəxtlikdən fərqi insanda həzzlə əzabın vəhdətini yaratmasıdır. Yalnız həzz almaq fiziki xoşbəxtlikdir, həzzi və əzabı birlikdə yaşamaq "eudaimonia”dır. İnsan yalnız həzzi və əzabı birlikdə yaşadıqda doymuş olur ki, bu da onu kamil bir varlığa çevirə bilər.
"Eudaimonia”nın nə demək olduğunu təsəvvür etmək üçün onu obrazlaşdırmağa çalışsaq, ortaya Quinplen çıxar. Yəqin xatırlayırsınız, Hüqonun "Gülən adam” romanının qəhrəmanı. Uşaq oğruları onu oğurlayıb ağzını qulaqlarına doğru cərrahi yolla elə cırırlar ki, Quinplen böyüdükcə ömrü boyu bu şəkildə zorən "gülməyə məcbur olur". Bədbəxtliyini üzündəki bu əbədi qəhqəhə ilə yaşayır.
Yəni çölü əbədi olaraq "gülür, içi əbədi olaraq dərd çəkir. "Eudaimonia” insanlığın, təxminən, belə bir halıdır.
Çox güman Hüqo bu obrazı karnaval qəhrəmanlarından götürmüşdü. Karnaval qaraçıları da uşaqları oğurlayıb bu cür ağlamalı, gülməli müxtəlif hallara salaraq pul qazanırdılar. Və ümumiyyətlə, karnaval xalqın öz dərdini gülüşün, əyləncənin diliylə ifadə etdiyi kütləvi mərasimlər idi.
"Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni, bir dəm bəlayi-eşqidən etmə cüda məni” deyən insan qeyri-kamildir. Elmi yanaşmaya görə, psixopatdır.
İrfanın eşq köləsi kimi istismar etdiyi Məcnunun ruh halı, psixoloji kimliyi bu beytdə gizlənir. Və Məcnunun bu psixoloji halı yoluxucudur.
Həyatda elə adamlar var ki, onlar neqativ vəziyyətlərə həssas olurlar, bu tələbatı onlarda böyüdükləri ailələrdə neqativ halların gündəlik ünsiyyət forması kimi yaşanması və adiləşməsi yaradır. Bu tip adamlarda uşaqlıqdan neqativə qarşı immunitet yaranır. Onlar ətrafdakılarına ötürdükləri neqativdən özləri zərər görmürlər, çünki sinir sistemləri buna qarşı müqavimət avadanlıqları ilə təchiz olunub.
Ailədə hər bir işin çözümü üçün əsəbi, neqativ yolların seçilməsi, uşaqda neqativin əhəmiyyətini dəyərləndirmə refleksini formalaşdırır; hər kəs bir-birini incidirsə, acılayırsa, sonra da heç nə olmamış kimi bir süfrə arxasında oturub dovğa qaşıqlaya bilirsə, deməli, bu bir həyat təcrübəsidir və mənimsənilməsi vacibdir.
Bu cür uşaqlar böyüdükcə gördükləri, eşitdikləri, oxuduqları hər şeyə məna vermək, məzmununa nüfuz edə bilmək üçün onlarda neqativ yönləri axtarırlar.
Neqativ onlara düşünmək, izah etmək, çıxış yolları tapmaq üçün güc, yaradıcılıq ruhu verir. Neqativ qıtlığı hiss etdikdə və bunu öz həyatlarında tapmadıqda onlar başqalarının faciələrini, bədbəxtliklərini özününküləşdirib, guya, onların halına acıyırlar. Bu hal kənardan baxanlar üçün onların humanist, çanıyanan obrazını da yaradır.
Ağlaşmanın həmişə tamaşaçısı var.
Əslində isə, onlar özlərinin neqativə ehtiyac duyan "müvəqqəti çətinliklərinə” acımaq üçün başqalarının dərdinə üz tuturlar. İşıq onların kədər dolu qəlbini yarasa kimi büzüşdürür, onlar həmişə işıqdan qaranlığa üçürlar. Onlar öz dostlarını da özləri kimi əzab və faciə ilə qidalanan insanların arasından seçirlər. Gözəllik anlayışı onlar üçün məşəqqəti ifadə edir. Onlar özlərində məşəqqət yaradana heyran olurlar. Onları əzabla, neqativlə təmin edənləri Olimp zirvəsinə ucaldıb allahlaşdırırlar.
Hələ bu "allah” qadındırsa, (Məcnunda olduğu kimi) ondan gələn neqativi ilahi mərhəmət kimi qəbul edirlər. Məcnun kimi gecə-gündüz ona üz tutub "bəlayi-eşq” diləyirlər. Onları eşqin özü yox, bəlası, əzabı cuşə gətirir. Bu "allah” onları batinində gizlədiyi bəla ilə cəzb edir. Onlar bu "allaha” mənəvi ehtiyaclarını ödəyən əbədi qaranlıq mənbəyi kimi sitayiş edirlər. Onlar ta uşaqlıqdan belə bir zülmət ilahəsi axtarırdılar və tale onu bir qadın cildində qarşılarına çıxarıb. Məcnun Leylidəki Məcnunu sevirdi, neqativə ac olan aşiqi. Leylidəki Leyli onu maraqlandırmırdı. Ona görə eşq şairləri yazırdılar ki, sevən də, sevilən də birdir. O, ikiləşə bilməz.
Və günlərin bir günü onları əbədi neqativlə, əzabla təmin edən bu "allah” onlardan üz çevirdikdə, onlar özlərini itirmək qorxusu ilə üzləşirlər. Bundan sonra isə bütün yollar səhraya, çarmıxa və intihara aparır...
Amma son vaxtlar bir xeyli tibb uzmanı bu fikrə gəliblər ki, xərçəng xəstəliyinin əsas səbəblərindən biri insanın neqativlə qidalanmasıdır. Yəni xərçəg neqtivə köklənən beynin hüceyrələrə göndərdiyi gizli intihar arzusudur. Və harda ki, kütləvi nevroz yaşanır, orada xərçəng xəstələrinin sayı artır.
Çox güman naməlun qadın məzarı üstündə meyiti tapılan Məcnun da xərçəngdən ölmüşdü.
Buradan belə bir nəticəyə gəlmək olar ki, xərçəngin önünü kəsən yumor hissidir. Yumor hissi nə zaman dəyərini itirir? Elm və sənət bir-biriylə deyil, digər narrativlərlə sintezə məcbur edildikdə.
Darvinə görə, elm və sənətin sintezindən yaranan mədəniyyət məhv edildikdə.
Aqşin Yenisey
Şərhlər