"Trampın əvvəlki dövrünü nəzərə alsaq, onun növbəti gəlişi də daha çox İrəvana təzyiq göstərməkdən ibarət olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Donald Trampın səlahiyyətlərə başlaması ilə Bakı ilə İrəvan arasında sülh məsələsində Vaşinqtonun yanaşmasında nələrin ola biləcəyilə bağlı suala cavabında deyib.
"Fikrimcə, Ermənistan və ABŞ-ın hazırkı mövcud hakimiyyətləri ona çalışır ki, Tramp səlahiyyətlərinə başlayana qədər Bakı ilə İrəvan arasındakı problem həll olunsun. Bayden adminstrasiyası Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqla onu öz adına yazmağa çalışır. Birinci prezidentlik dövründə Tramp ermənilərə çox da sifət göstərmədi, çox da onların dediyilə oturub-durmadı. Bayden adminstrasiyası isə bu istiqamətdə daha çox cənfəşanlıq edirdi. Bu mənada, hesab edirəm ki, Trampın əsas siyasəti daxili məsələlərin həllinə yönələcək. O, daha çox "Amerika amerikanlılar üçündür" prinsipilə hərəkət edəcək", deyə Qulamhüseyn Əlibəyli qeyd edib.
Bu mənada, ola bilsin ki, Tramp indiki hakimiyyət qədər ermənilərin nazı ilə oynamasın:
"O, Bakı və İrəvana təsir göstərəcək ki, tərəflər sülh müqaviləsi imzalasın. Hesab edirəm ki, bu təsir də böyük ehtimalla Azərbaycanın xeyrinə olacaq. Düzdür, Paşinyan müəyyən manevrlər edir. Cəmiyyəti guya sülhə hazırlayır. Amma həm də onun hansısa bir gözləntisi var. Çalışır ki, ABŞ-dan ona kömək gəlsin. ABŞ-ın hərbi hissələri artıq Ermənistanda yerləşib. Paşinyan ümid edir ki, Qərb bütövlükdə Ermənistanın həm silahlı müdafiəsini həyata keçirəcək, həm də yeri gələndə Azərbaycana qarşı ondan istifadə edəcəklər. Lakin hesab edirəm ki, Trampın səlahiyyətə başlaması ilə bu məsələlər bir qədər arxa plana keçəcək. Trampın əvvəlki dövrünü nəzərə alsaq onun növbəti gəlişi də daha çox İrəvana təzyiq göstərməkdən ibarət olacaq”.
Qeyd edək ki, ötən həftə sonu Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı olub. Tərəflər Ermənistan-ABŞ münasibətlərinin hazırkı durumu və son illərdə baş verən proseslərlə bağlı təfərrüatları bölüşüb. ABŞ-da Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun İrəvana əvvəlki dəstəyi verməyəcəyi barədə proqnozlar var. Belə bir məqamda Ermənistan baş nazirinin yeni Prezident Donald Trampa zəngi bir çox mətləblərdən xəbər verir.
Rüfət Sultan
Şərhlər