"Qarabağ” - "Frayburq” matçında hakim idarəçiliyi də diqqət çəkdi. Təmsilçimizin vurduğu qol sayılmadı, penalti qərarı ləğv olundu, üstəlik 62-ci dəqiqədə Kevin Medinanın meydandan qovulmasından sonra komanda meydanda 10 nəfərlə qaldı. Təbii ki, büttün bu məqamlar azərbaycanlı futbolsevərlərə gərgin anlar yaşatdı.
Bəs verilən qərarlardan hansılar düzgün və ya səhv idi?
Azərbaycanın tanınmış referilərindən olan Rüstəm Rəhimov "Qarabağ” - "Frayburq” matçındakı hakimliyi analiz edib. O, Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
"Fikrimcə, hakimlik normal oldu. Qapımıza təyin olunan penalti qərarı düzgün idi. Bunu heç müzakirə etməyə ehtiyac yoxdur. Hakimləri tanıyıram. Köməkçilərdən biri sovet dönəminin məşhur hakimlərindən olan Vadim Jukun oğlu idi. Hansı ki, onun atası mənim dostumdur. Deməyim odur ki, Bəhlul Mustafazadənin epizodu ilə bağlı qərar düzgün idi.
Medinanın qırmızı vərəqəsi də düzgün idi. Əslində baş hakim ona sarı vərəqə göstərəcəkdi. Amma VAR-ın təkidindən sonra baş hakim cibindən qırmızı vərəqə çıxarmalı oldu.
Ümumiyyətlə hakim "Qarabağ”ı sıxmadı. Necə lazımdırsa, idarəçilik etdi. Epizodlara baxanda hiss olunurdu ki, onun bizə qarşı hasısa qərəzi yoxdur. Təcrübəli hakimdir, artıq 42 yaşı var. Veşoviçin yıxıldığı anın təkrarına baxanda penalti qərarı verilməli olduğunu düşünə bilərik. Amma açıq-aşkar ona qarşı kobudluq yox idi. Belə xırda məqamlar çox olur. Hər epizoda görə qərar verilsə, onda gərək oyunda 5-10 dənə penalti vurulsun. Obyektiv danışmaq lazımdır. Sayılmayan qolda ofsayd var idi. Yeni oyun qaydalarına riayət edirlər. Epizod bitəndən sonra təkrara baxıb qərar verirlər. Yəni oyundankənar vəziyyət var idi”.
Səbuhi Həsənov
Şərhlər