"17 yaşlı Məhəmmədin sosial şəbəkələrdə videosunun yayılmasını ürək ağrısı ilə izlədim. Məsələ bu həddə gəlib çatmamalı idi. Bu qədər şişibsə, deməli təlim-tərbiyyə prosesində işlər düzgün qurulmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakininin Psixiatriya Xəstəxanasına yerləşdirilməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, hər bir uşağın psixoloji durumu, aldığı travmalar mütləq qaydada müəyyən olunmalı idi:
"Demək ki, bu məqam artıq buraxılıb. Mən videoya baxanda, uşağa verilən sullardan, bəzi məqamlardan onun kiminsə tərəfindən idarə olunmasını müşahidə elədim. Uşaq müəssisələrində təlim-tərbiyyə məsələsində müəyyən boşluqlar var. Bu gün uşaq evlərində sosial işçilər yoxdur, halbuki bunların qiymətləndirilməsi sosial işçilər, psixoloqlar tərəfindən həyata keçirilir. Uşaq evlərindəki psixoloqları monitorinq edib, qiymətləndirmə aparaq görək vəziyyət necədir? Bu da çox önəmlidir. Uşağın o həddə gəlib çatması düşünürəm ki, ailə ilə uşaq müəssisəsi arasında heç bir kordinasiyanın olmamasıdır. Mən qəbul edə bilmirəm ki, uşaq bu gün nevroloji xəstəxanadadır”.
Kəmalə Ağazadə hesab edir ki, davranış pozuntusu bir çox hallarda şəxsiyyət pozuntusuna da gətirib çıxardır:
"Amma bunun hamısı bir gündə yaranan problem deyil. Düşünürəm ki, burada kiminsə əli var. Hamı onun məktəb rəhbərliyi olmasını vurğulayır. Bəli, məktəb rəhbərliyi zamanında onunla bağlı problemləri diqqətə çatdırmalı idi. Bu həddə gəlib çatmasını gözləməməli idi. Amma bu uşaq müəssisələrindən yuxarıda dayanan instansiya uşaqlarla bağlı hansı işləri görüb? Direktorun dediyi kimi uşağın davranışında qanunsuz əməllər, cinayət elementləri mövcud idisə, o zaman niyə qərar verib bu uşağın islah olunması istiqamətində işlər aparılmayıb? Bu gün o uşağın ailəsinin yanında olub, nəzarətə alınmasına ehtiyac var. Uşaq həmişə düz danışır”.
Sədr uşağı incidən məqamların axtarıb tapılmasının vacibliyini vurğulayıb:
"Demək burada sümüyün üstündə ətin olmaması məqamı var ki, uşaq onu dilə gətirib. Mütləq uşaq evlərində uşaqların qiymətləndirilməsi prosesinə başlamaq lazımdır”.
Qeyd edək ki, sosial şəbəkələrdə Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakininin video görüntüləri yayılıb. Videoda 17 yaşlı uşaq müəssisədə baş verənlərdən - uşaqlara olan münasibətdən, uşaqların az qalmasından, ərzaqların işçilər tərəfindən mənimsənilməsindən danışıb. Videogörüntü sosial şəbəkədə böyük rezonans doğurub.
Bahar Rüstəmli
Şərhlər