Komandanızda rəqibləri ağılsızca qorxutmağa qadir olan cüssəli futbolçuları, matçın hər saniyəsində meydanda xaosa səbəb olmaq niyyəti güdənləri hakimlər həmişə şahin baxışları ilə izləyir. Dünyanın yaşıl meydanlarında illər ərzində rəqiblərini üstələmək üçün aqressiv oyun tərzini ənənəyə çevirən seçilmiş bir neçə sərt kişi var.
Qaynarinfo indiyə qədər meydançaya çıxan ən çətin keçilən və sərtliyi ilə seçilən futbolçuları diqqətinizə çatdırır.
Vinni Cons
Vinsent Peter Cons, daha çox Vinni Cons adı ilə tanınan 57 yaşlı britaniyalı İngiltərə millisində yarımmüdafiəçi kimi çıxış edən keçmiş peşəkar futbolçudur. Karyerasını bitirdikdən sonra aktyor fəaliyyətinə başlayan Cons futbolçu kimi Uels millisinin üzvü olub. 1984-cü ildən 1999-cu ilə qədər Cons bir sıra müxtəlif komandalarda, o cümlədən "Uimbldon", "Lids", "Şeffild Yunayted", "Çelsi" və "Quens Park Reyncers" kimi klubların formasını geyinib. Onun ən diqqətçəkən oyunları "Uimbldon"da olub. Orada oynayarkən klubun əsas futbolçusu olan Cons, komandası ilə birlikdə 1988-ci ildə İngiltərə Kubokunu qazanıb. 1986 və 1998-ci illərdə sözügedən komandanın formasını geyinən yarımmüdafiəçi ümumilikdə klubda iki yüzdən çox oyun keçirib.
Cons son dərəcə aqressiv və fiziki cəhətdən tələbkar oyun tərzi ilə məşhur idi. Bu ona həm meydanda, həm də ondan kənarda sərt oğlan kimi şöhrət qazandırıb. O, idman tarixinin ən təhlükəli oyunçularından biri kimi tanınır.
Roy Kin
İrlandiyalı məşqçinin hazırda 50 yaşı var. Karyerasının sonlarına yaxın "Seltik”də çıxış edən yarımmüdafiəçi keçmiş klubunda oynadığı müddətdə qazandığı 19 böyükhesablı qələbənin nəticəsi olaraq, o, tez-tez İrlandiya tarixinin ən uğurlu futbolçusu hesab edilir. 2007-ci ildə "The Times"ın dərc etdiyi idman tarixinin ən sərt 50 oyunçusunun siyahısında Kinin də adı vardı. O, bu siyahıda 11-ci yerə layiq görülmüşdü.
Kin sərt və təkəbbürlü davranışı ilə məşhurdur. İrlandiya millisinin heyətində o, 67 oyuna çıxıb. 1994-cü ildə keçirilən dünya çempionatında o, yığmanın siyahısında yer aldı. Ancaq 2002-ci ildə keçirilən dünya çempionatında yığmanın baş məşqçisi Mik Makkarti ilə komandanın məşq obyektləri haqda mübahisə etdikdən sonra o, heyətdən qovuldu və evə göndərildi.
Pepe
"Pepe" həm "Porto", həm də Portuqaliya millisinin mərkəz müdafiəçisi Kepler Laveran de Lima Ferreyraya verilən ləqəbdir. Pepe 20 ilə yaxındır ki, peşəkar şəkildə futbol oynayır. O karyerası ərzində "Martimo", "Real" (Madrid) və "Beşiktaş"da oynayıb. Həm fərdi, həm də kollektiv olaraq o, ən çox "Real" və "Porto ilə uğur qazanıb. "Real"ın heyətində 334 oyun keçirən Pepe üç dəfə UEFA Çempionlar Liqasının qalibi, eyni sayda İspaniya çempionluğunu, iki dəfə İspaniya kubokunu qazanıb. Bundan əlavə, o, "Porto"da üç çempionluq və iki dəfə ölkə kubokunun qalibi olub. 2007-ci ildə Portuqaliya millisində debüt edəndən bəri, heyətdə ümumilikdə 124 oyun keçirib. 3 dünya, 4 dəfə Avropa çempionatında forma geyinən müdafiəçi bunların birində, 2016-cı ildə komandası ilə birlikdə AÇ-nin qalibi olub.
Pepe meydandan qovulmağa meylli olması ilə tanınır və bu, ona futbol tarixinin ən təhlükəli futbolçularından biri kimi şöhrət qazandırıb. Bunun səbəbi, onun tez-tez aqressiv və ya idmana uyğun olmayan davranışlar, məsələn, meydançada şiddətli sərtliyə üstünlük verməsi və kobud oyunudur.
Felipe Melo
Felipe Melo de Karvalyo daha çox Felipe Melo kimi tanınan Braziliyalı peşəkar futbolçudur. Müdafiəyəmeyilli yarımmüdafiəçi hazırda "Fluminense"də çıxış edir. O, 2005-ci ildə İspaniyaya köçməzdən əvvəl Braziliya A Seriyasında "Flamenqo", "Kruzeyro" və "Qremio"da forma geyinib. İspaniyaya gəldikdən sonra Felipe, La Liqa təmsilçilərindən "Malyorka", "Rasinq Santander" və "Almeria"da oynayıb. İtaliya A Seriyasında "Yuventus"un formasını geyinən futbolçu Turin klubunda ümumilikdə 154 oyun keçirib. Türkiyə Superliqasında "Qalatasaray"ın heyətində isə üçü ölkə çempionluğu olmaqla ümumilikdə 8 kubok qazanıb. Avropaliqanın 1/4 finalında uzaqmənzilli qolla "Barselona"nı təəccübləndirməyi bacaran Melo 2009-cu ildə Braziliya millisinin heyətində Konfederasiyalar Kubokunu qazanıb.
Felipe çalışqan, enerjili, əzələli və çətin oyun tərzi ilə məşhurdur. Bu səbəbdən ona "Pitbull" və "Qladiator" ləqəbləri verilib. O, bütün dövrlərin ən təhlükəli oyunçularından biri kimi qəbul edilir.
Naycel De Yonq
Naycel de Yonq Niderlanddan olan 37 yaşlı peşəkar futbolçudur. Sonuncu dəfə "Əl-Şahaniya"nın formasını geyinən müdafiəyəmeyilli yarımmüdafiəçi Niderland millisində 81 matça çıxıb. De Yonq peşəkar futbolçu karyerasına "Ayaks"da başlayıb. O, "Mançester Siti"nin aparıcı üzvlərindən biri idi. 2012-ci ildə "Milan"a transfer olunan futbolçu "La Qalaksi"yə, ardından isə "Qalatasaray"a keçdi. De Yonq Niderland millisinin üzvü olduğu müddətdə iki dəfə Avropa və eyni sayda dünya çempionatında çıxış edib. 2010-cu ildə Niderland millisi ilə dünya çempionatını ikinci bitirən futbolçu, 2014-cü ildə sözügedən yarışın bürünc medalını qazanıb.
Əzələli olması ilə fərqlənən De Yonq, aqressiv oyun tərzi ilə məşhurdur və bu, ona idman tarixinin ən təhlükəli oyunçularından biri kimi şöhrət qazandırıb. 2010-cu il martın 3-də beynəlxalq yoldaşlıq görüşündə rəqibin qarşısını almağa gecikən De Yonq ABŞ-dan olan Stüart Holden adlı futbolçunun ayağını sındırmışdı. Elə həmin ildə Cənubi Afrika Respublikasında keçirilən üzrə dünya çempionatında o, ispaniyalı futbolçu Xabi Alonsonun sinəsinə zərbə endirmişdi. De Yonq daha sonra etiraf etdi ki, qırmızı vərəqə almadığı üçün çox şanslı idi. Onun qurbanlarından biri də Hatem Ben Arfa olub. Premyer Liqada "Nyukasl"la oyunda De Yonq tərəfindən qarşısı kobudluqla alınan futbolçunun sol baldır və ayaq sümükləri iki yerdən sınmışdı. Bu səbəbdən o, meydandan kənarlaşdırılmalı olmuşdu. Bundan sonra De Yonq baş məşqçi Van Marveyk tərəfindən qeyri-müəyyən müddətə Niderland millisindən uzaqlaşdırıldı. Ancaq sonradan onun yenidən komandaya qoşulmasına icazə verildi.
Səbuhi Həsənov
Şərhlər