Beynəlxalq yarışlarda dəfələrlə hakim ədalətsizliyi ilə üzləşən "Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində "Frayburq”la matçda da eyni aqibəti yaşadı. Matçın ilk dəqiqələrində komandanın qapısına təyin olunan penalti xeyli narazılıqla qarşılandı. Ancaq matçın irəliləyən dəqiqələrində Abdullah Zubirin cərimə meydançasında yıxılmasından sonra verilən qərar isə "Qarabağ” üçün daha ağır oldu və kəskin narazılıqla qarşılandı. Çünki belçikalı Erik Lambrext "Frayburq"un qapısına penalti təyin etməli olduğu halda bunu həyata keçirmədi. Bəs onun ümumi idarəçiliyi necə idi? Meydan sahiblərinə qarşı simpatiyası hiss olunurdumu?
Azərbaycanın sabiq FİFA referilərindən olan Rəhim Həsənov sözügedən matçda hakim idarəçiliyini qiymətləndirib. O, Qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın ədalətsizliklə üzləşdiyini təsdiqləyib:
"Oyunu izlədim, hakimin buraxdığı səhvlər var idi. Təəssüflər olsun ki, bu, "Qarabağ”ın ziyanına işlədi. Əvvəlcə "Qarabağ”ın qapısına təyin olunan penalti haqda danışım. Bu penaltini VAR təyin etdi. Ancaq göründü ki, çox yüngül penaltidir. VAR-da əyləşən şəxs bilməlidir ki, penalti 100 faiz olmalıdır, yəni heç kimdə şübhə qalmamalıdır. İstər oyunu izləyən azarkeşlər, istərsə də futbolçular üçün açıq-aydın olmalıdır. "Frayburq”un qapısına penalti təyin edilməməsi isə daha ağır qərar idi. "Qarabağ”ın qapısına təyin olunan penalti ilə müqayisə etsək görərik ki, burada daha ciddi qayda pozuntusu var. "Qarabağ”ın qapısına penalti göstərmişdisə, eyni epizodda da həmin qərarı çıxarmalı idi. Səhv etmirəmsə VAR-da əyləşən hakimlər epizodun təkrarına baxdılar. Niyə elə qərar çıxardılar, indiyəcən mənə qaranlıq qalır. Əsas müzakirə olunmalı epizodlar bunlar idi. Başqa xırda-xuruş səhvlər də vardı, amma oyunun nəticəsinə təsir etmirdi”.
Sabiq FİFA referisi hakimlərin ən önəmli məqamda epizoda müdaxilə etmədiyini vurğulayır:
"İnanmaram ki, hakim hansısa komandaya görə ölkəsinin nüfuzunu salsın, özünü "yandırsın”. Mən də hakimlik etdiyim dönəmdə belə bir halla rastlaşmamışam. İstər böyük, istərsə də kiçik ölkə olsun. Analiz edəndə görürsən ki, bu qərar balanssızlıq yaradır. Mənə qaranlıq qaldı ki, niyə VAR "Frayburq”un qapısına penalti təyin etmədi. Ən önəmli məqamda müdaxilə olunmadı. "Qarabağ” çox gözəl futbol oynadı, təəssüf ki, kiminsə səhvlərinə görə məğlub oldu. Oyun ən azı heç-heçə bitə bilərdi. Mənə elə gəlir, "Frayburq”un qapısına penalti göstərilməli idi”.
Səbuhi Həsənov
Şərhlər