Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qızların təhsillə imtahanı” layihəsi davam edir. Layihənin məqsədi ölkə ictimaiyyətinin və medianın diqqətini qızların təhsilinə yönəltmək, aparılan müsahibə və araşdırmalarla qız uşaqlarının təhsildən yayındırılmasının milli və regional səbəblərini müəyyən etmək, həll yolları axtarmaq və təhsildə motivasiya yaratmaqdır.
Bu dəfə layihə çərçivəsində bu günlərdə tələbə adını qazanan Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova ilə söhbət aparın, onun təhsil hekayəsini dinlədik.
Azərbaycan Universitetində Mühasibat ixtisasına qəbul olan Kəmaləyə görə, təhsil bir qadın üçün ən böyük gücdür:
"Mənəvi güc... Təhsil qadının özünə inamını artıran, həyata daha aydın baxmasına, sağlam düşüncəylə qərarlar almasına səbəb olur. Düşünürəm ki, savadlı, təhsilli qadın – savadlı ana, savadlı övlad deməkdir. Qız uşaqlarının təhsil alması hər bir ailənin ən vacib missiyası olmalıdır, məncə. Çünki nə olursa, olsun, qadın öz ayaqları üzərində dayanmağı bacarmalıdır. Həyatdır, hər şey baş verə bilər. Bəzən maddi, bəzən mənəvi çətinliklər olur. Həyatında heç bir çətinlik olmasa belə, təhsil önəmlidir. Çünki təhsilli qadının düşüncəsi, yanaşma tərzi, həyata baxış bucağı fərqli olur”.
Kəmalə üçün təhsil almaq nə qədər önəmli olsa da, oxumaq eşqi güclü olsa da, orta məktəbi bitirəndən sonra ali təhsil almaq qismət olmayıb:
"Uşaqlıq illərində məndən böyüyəndə nəçi olacaqsan deyə soruşanda, həmişə "həkim olacam” deyirdim. Qarşıma qoyduğum ən böyük məqsəd bu idi. Lakin bir sıra səbəblər oldu ki, mən ali məktəbə qəbul ola bilmədim. Mənə görə, bu səbəblərdən biri də lazımi qədər hazırlaşmamağım idi. Və bir sıra ailə problemləri... Ancaq 2 il sonra tibb kursuna qəbul oldum. Müəllimlər o qədər narazılıq edirdilər ki, sənin yerin ali məktəbdir, burda nə işin var? Tibbi terminləri əzbər bilir, açıqlamasını verir, hər zaman dərslərə hazır olurdum. Kursu qırmızı diplomla bitirmişdim. 1 il sonra ailə həyatı qurdum. Həyat yoldaşım təhsil almağımı her zaman dəstəkləyirdi. Lakin sonrakı illərdə təkrar ali təhsil almaq isdəsəm də, nə isə bir problem yaranırdı. Ağlımda həmişə ali təhsil olmaq vardı, lakin məndən aslı olmadan həyatımda nələrsə baş verirdi...
2020-ci ildə Vətən müharibəsi başladı. Həyat yoldaşım Şahin Allahyarov hərbiçi olduğu üçün bu dönəm bizim üçün çox çətin keçdi. 2020-ci il 3 noyabr tarixində həyat yoldaşım şəhid oldu. O gün həyatım tamamilə dəyişdi. Nə edəcəyimi, nə düşünəcəyimi bilmirdim. Həyat sanki mənasını itirmişdi. Lakin yanımda 2 yaşlı qızım və 1 ay sonra doğulacaq oğlum vardı. Onlar üçün həyata davam etməli və daha güclü olmalı idim. Qarşıma qoyduğum əsas məqsəd isə təhsil almaq idi. Oğlum dünyaya gələndən 3 ay sonra mən artıq imtahana hazırlaşmağa başladım və həmin ilin yayında kollecə qəbul oldum”.
Təbii ki, bu uğuru və təhsil mühiti bu ağır dövrdə Kəmalə üçün bir qədər də təsəlli oldu, gücünə güc qatdı. Həyatını dəyişdiyi kimi, düşüncələrini də dəyişdi.
"O zaman həyatımın ən çətin anlarını yaşayırdım. Fikrimi toparlaya bilmirdim, ancaq bir tərəfdə də məqsədim vardı. Bu ikiillik kollec dövrü mənə həqiqi mənada çox kömək oldu. Fərqli insanlarla tanış oldum. Dərslərə, imtahanlara hazırlaşmaqla 2 il vaxt ötdü. Fikirlərim əvvəlki illərlə müqayisədə çox dəyişib, indi daha sağlam qərarlar alıram. Özümü inkişaf etdirmək üçün çalışır, fərqli məlumatlar öyrənib, tətbiq etməyə başlamışam. İrəli addım atıram. Həyata keçirmək istədiyim bir sıra planlarım var ki, onların üzərində çalışıram.
Həyat yoldaşım Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov şəhid olmamışdan öncə hər zaman mənə inanır, uğurlarıma sevinirdi. Mənim də ona sözüm vardı, indi də sözümü tutmağa çalışıram. İnanıram ki, indi onun da ruhu şaddır...”
Kəmalənin təhsil yolunda inam, qətiyyət və uğurla atdığı addımlar həm də onun övladlarının həyatına saçılan işıq, onları daha sağlam şəkildə yetişdirməsi deməkdir. O, özü də bunu anlayır, daha çox çalışır. Nə qədər çətin olsa da, fəxarət hissiylə qəhrəman xanımı bu məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlir deyə bilərik:
"Övladlarım üçün sağlam gələcək qurmaq isdəyirəm. Onlara hər mənada dəstək olmaq, həyatda uğur qazanıb, istədikləri mövqeyə çatmaları, şəxsiyyət kimi formalaşmaları üçün çalışıram. İstəyirəm ki, onlar yanlarında daim açıqfikirli və öz ayaqları üzərində dayana bilən anaları olduğunu bilsinlər ve onlar da cəsarətlə addımlasınlar.
Övlad bizə əmanət edilən, həyatından məsuliyyət daşıdığımız və daşımalı olduğumuz ən dəyərli varlıqdır. İki azyaşlı övlad anası olaraq, təhsil almaq və ailəni idarə etməyin, əlbəttə, çox böyük məsuliyyəti və çətinliyi var. Lakin mən çalışıram ki, həm övladlarıma vaxt ayırım, eyni zamanda, təhsilimi davam etdirim. Dərs vaxtı bitdikdən sonra evə gəlib, ev işlərini görüb, uşaqların lazımi ehtiyaclarını qarşıladıqdan sonra gec saatlara qədər dərslərimlə məşğul olurdum. 2 il kollecdə əyani təhsil aldığım üçün dərslərimə daha çox vaxt sərf edirdim. Həftəiçi uşaqlarla çox vaxt keçirə bilmədiyim üçün həftəsonu adətən bizim gəzinti günümüz olurdu. Beləcə, az da olsa, dincəlir, uşaqlarla vaxt keçirmiş olurdum. Artıq qiyabi təhsil alacağım üçün sevinirəm. Təhsilimlə yanaşı, onlayn kurslar keşir, təlimlərə qoşuluram.
İnsanın istəyi və inamı olduqdan sonra hər şeyi bacarmaq mümkündür. Qadınlarımız çox güclüdür, inanıram ki, məqsədli və inamlı olan hər kəs uğur qazana bilər. Sadəcə, bunun üçün cəhd etmək lazımdır”.
Qeyd edək ki, Kəmalə Allahyarova Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi həssas qrupa daxil olan qadınlar üçün "Öz işini qur" sahibkarlıq üzrə təlim proqramının iştirakçısı olub və layihəni uğurla başa vurub.
Layihə rəhbəri: Sevinc Fədai
Şərhlər