Xəbər verdiyimiz kimi, "Ballon d'Or”, yəni "Qızıl top” mükafatı təsis olunduğu 1956-cı ildən bəri ilk dəfə bu il təqdim olunmayacaq.
2000-ci ildən nüfuzlu mükafatın münsiflər heyətinin üzvü, tanınmış həmyerlimiz Rasim Mövsümzadə bununla bağlı fikirlərini bildirib.
O,
Sport7.az-a açıqlamasında bir sıra maraqlı məqamlara toxunub:
"Daha əvvəl FIFA bu il üçün "The Best” mükafatını ləğv etsə də, qalibi dekabrda açıqlanan "Ballon d'Or”un, necə deyərlər, yaşayacağına ümid edirdim. Amma mükafatın təsisçisi "France football” nəşri başqa qərar verdi. AVRO-2020 və Copa América kimi əsas futbol yarışlarının 2021-ci ilə təxirə salınması, dünyanın ən yaxşı futbolçusuna təqdim olunan mükafatların ləğv olunması və s. və i. a. 2020-ci ildə futbolun bu qədər əziyyət çəkdiyinə yalnız təəssüflənə bilərik…
Bəs bu qərardan ən çox hansı oyunçular zərər gördü? Son zamanlar "Ballon d'Or”da bəzi ənənələr formalaşıb. Məsələn, 2009-cu ildən bəri mükafatı yalnız İspaniya La Liqasında çıxış edən futbolçular qazanır. 2019/20 mövsümündə çempion olan "Real Madrid”in ən yaxşı oyunçuları kimi Serxio Ramos və Karim Benzemanın adlarını çəkmək olar.
İngiltərə Premyer Liqasında "ilin oyunçusu” seçilməyə əsas namizəd kimi göstərilən Kevin De Bruyneni ("Mençester Siti”) də qeyd etmək mümkündür.
Müvafiq olaraq, 33 və 35 yaşlarında yeni rekordlar müəyyənləşdirməyə davam edən Lionel Messi ("Barselona”) və Kriştianu Ronaldo ("Yuventus”) kimi futbolçuları da unutmamalıyıq...
Ancaq qeyd etdiyim oyunçularla müqayisədə son vaxtlar Robert Levandovski ("Bayern Münhen”) "Ballon d'Or”un əsas favoriti hesab olunurdu. Məlum səbəbdən yaranmış fasiləyə baxmayaraq, bütün mövsüm boyu əla formada olan polşalı mükafatı qazanmağa ən real namizəd sayılırdı.
"Ballon d'Or”un ənənələrindən bəhs edərkən, deməliyəm ki, 2007-ci ildən bəri, 2018-ci il istisna olmaqla (Luka Modriç), mükafat həmişə mövsüm ərzində UEFA Çempionlar Liqasında ən çox qol vuran oyunçuya qismət olub. İndi 11 qolla bombardirlər yarışına liderlik edən Levandovskinin komandası "Bayern” də bu mövsüm Çempionlar Liqasının əsas favoritlərindən biridir.
Bundan əlavə, Bundesliqada mövsümü 34 qolla bitirən Levandovski A seriyasında çıxışlarını davam etdirən Kristiano Ronaldo (30 qol) və Ciro Immobile (30 qol) ilə birlikdə Avropanın "Qızıl buts” mükafatına əsas namizəddir ki, bu da vacib amildir.
Hər halda, avqustda 32 yaşını qeyd edəcək Levandovski "Ballon d'Or”un ilk polşalı qalibi olmaq istəyini gələn ilə təxirə salmaq məcburiyyətində qaldı.
"Ballon d'Or”un sahibi təqvim ilinin sonunda müəyyənləşir, jurnalistlər sorğunu noyabrın əvvəlində cavablandırırlar. Bu səbəbdən indi - iyul ayında 2020-ci ilin ən yaxşı oyunçuları haqqında danışmaq çətindir. Amma, məncə, belə bir ardıcıllıqla ilk üçlük maraqlı görünərdi: Robert Levandovski, Serxio Ramos və Karim Benzema”.
Röya Kərimli
Şərhlər