Xəbər lenti

İdman 09:28 03.11.2022

"Qarabağ" bu gün pley-offa yüksələ bilər

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək.

"Köhlən atlar"da Filip Ozobiç zədə səbəbindən görüşü buraxacaq. Qara Qarayevin qarşılaşmada iştirakı sual altındadır. Qonaqlarda zədəli Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya gətirilməyib.

Qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edəcək. Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

G qrupunda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.

Avropa Liqası
G qrupu VI tur
3 noyabr

"Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: "Frayburq" - 13, "Qarabağ" - 7, "Nant" - 6. "Olimpiakos" - 2

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->