Bir ildən artıqdır ki, bağırsaq xərçəngindən müalicə alan braziliyalı əfsanəvi futbolçu Pele Milad bayramını ailəsi ilə birlikdə xəstəxanada keçirir.
Qaynarinfo xəbər verir ki, qızları Flaviya və Keli Nasimentonun müşayiəti ilə San-Pauludakı Albert Eynşteyn xəstəxanasında müalicə olunan 82 yaşlı keçmiş futbolçu Peleni, Braziliyanın B Seriyası təmsilçilərindən olan "Londrina"nı çalışdıran oğlu Edinyo ziyarət edib.
Sosial media hesabında atası ilə fotosunu paylaşan Edinyo "Atam... Bütün mübarizəm sənin üçündür" - deyib. Keli Nasimento da xəstəxanadan ailəsi ilə fotosunu paylaşaraq Pelenin fanatlarını Milad bayramı münasibətilə təbrik edib. Xəstəxanadan verilən son açıqlamada xəstəliyi xeyli inkişaf edən, səhhəti pisləşən Pelenin daha çox qayğıya ehtiyacı olduğu bildirilib.
2021-ci ilin sentyabrında yoğun bağırsağında aşkarlanan xərçəngin bu ilin əvvəlində ağciyərlərinə, qaraciyərinə və bağırsaqlarının digər hissəsinə də yayıldığı məlum olub. Müntəzəm müalicə alan və ötən ay kimyaterapiya tətbiqi üçün xəstəxanaya yerləşdirilən əfsanəvi futbolçunun səhhətinin stabil olduğu bildirilib. Bu ayın əvvəlində keçmiş hücumçunun kimyaterapiyaya cavab vermədiyi və palliativ müalicəyə aparıldığı açıqlanmışdı.
Futbol tarixinin ən yaxşılarından biri kimi göstərilən Pele 3 dəfə (1958, 1962, 1970) dünya çempionu olan yeganə oyunçudur.
Səbuhi Həsənov
Şərhlər