Qətərdə keçirilən dünya çempionatı zamanı filippinli miqrant işçinin tikinti müəssisəsində faciəvi şəkildə həlak olması məsələsinı dair müzakirələr əsəbləri bir qədər də gərib.
Qaynarinfo xəbər verir ki, buna səbəb dünya çempionatının qətərli baş direktoru Nasser Al Xater-in açıqlamaları olub.
Mundialın təşkilatçıları cümə axşamı günü Səudiyyə Ərəbistanının təlim-məşq bazasında çalışan filippinli işçinin ölümü ilə bağlı araşdırmaya başladıqlarını açıqlayıb. Qətərdə miqrant işçilərlə rəftar hələ turnirdən əvvəl insan haqları qruplarının narazılığına səbəb olmuşdu. Həyatını itirən miqrant millinin məşq bazası olan "Sealine Resort"da dayanacağın işıqlarını təmir etmək üçün çalışırdı. Hadisə zamanı ayağı sürüşərək başı betona dəyən işçi dünyasını dəyişib.
Filippin Xarici İşlər Nazirliyi verdiyi açıqlamada, vətəndaşlarından birinin paytaxt Dohanın cənubundakı kurortda işləyərkən öldüyünü və səfirliyinin ölümlə bağlı daha ətraflı təfərrüatları müəyyən etmək üçün qanuni orqanlarla birlikdə çalışdığını bildirib.
Nasser Al Xater "Reuters"ə açıqlamasında "İstər işdə, istərsə də yuxuda ölüm həyatın təbii bir hissəsidir. Dünya çempionatının ortasındayıq. Və biz uğurlu turnir keçiririk. Bu, indi danışılası mövzudur?” - sözlərini söyləyib. Mundial rəsmisinin bu sözləri isə ictimaiyyətdə sərt reaksiyalara səbəb olub.
2010-cu ildə Dünya Kubokuna ev sahibliyi etməsi təsdiqlənəndən bəri Qətər əhalisinin əksəriyyətini təşkil edən miqrant işçilərə münasibətinə görə tənqid hədəfinə çevrilib. Britaniyanın "The Guardian” qəzeti rəsmi qeydlərə əsasən, 2010-cu ildən bu yana Qətərdə əksəriyyəti dünya kuboku layihələrində çalışmış ən azı 6500 miqrant işçinin dünyasını dəyişdiyini qeyd edib.
Səbuhi Həsənov
Şərhlər