Xəbər lenti

İki sabiq deputat əfvə düşə bilər
Siyasət 19:08 16.02.2023

İki sabiq deputat əfvə düşə bilər

Builki əfv sərəncamına öncəkilərlə müqayisədə daha çox şəxsin adı salınacaq.

Bunu Modern.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

"Əfv Komissiyasının iclasları ilə bağlı mətbuatda yayılan məlumatlar cənab Prezidentin yaxın vaxtlarda çox böyük əfv sərəncamı imzalayacağını göstərir. Əfv Kommisyasının iclaslarında artıq 600-dən çox müraciətə baxılıb. Əfv sərəncamının ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə veriləcəyini nəzərə alsaq, müraciətlərə baxılması davam edəcək. Biz hüquq müdafiəçiləri olaraq həmişə cənab Prezidentin humanist addımlarını dəstəkləmişik. Hesab edirik ki, bu il daha çox insanın əfv edilməsinin şahidi olacağıq",- deyə hüquq müdafiəçisi bildirib.

Ç.Qənizadənin fikrincə, builki əfv sərəncamına sabiq deputatlar Eldəniz Səlimov və Hüseyn Abdullayevin də adı salına bilər:

"Biz hüquq müdafiəçiləri Eldəniz Səlimovun azad edilməsini arzulayırıq. Çünki o, artıq cəzasının yarısını çəkib, eyni zamanda törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid deyil. Cənab Prezident onu əfv etsə, alqışlayacağıq. Hüseyn Abdullayevlə bağlı da məsələnin gündəmdə olması gözlənilir. Hüquq müdafiəçiləri onun da əfv sərəncamına salınması və azadlığa buraxılmasını arzulayır. Belə hesab edirəm ki, hər iki şəxsin azadlığa buraxılmasında hüquq müstəvisində heç bir problem yoxdur. Amma təbii ki, son söz Prezidentə məxsusdur. Bu il daha çox şəxsin əfvə düşəcəyini nəzərə alsaq, onların da azadlığa buraxılması ehtimalı yüksəkdir".

Sabiq deputatın sözlərinə görə, Prezident İlham Əliyev imzalayacağı sərəncamla minlərlə insanı sevindirəcək:

"Nə qədər insanın əfv olunacağını yalnız sərəncamdan sonra deyə bilərik. Kimliyindən asılı olmayaraq, əgər yüzlərlə şəxs azad ediləcəksə, bu, artıq minlərlə insanın sevincə qərq olması demək olacaq. Çünki onların yaxınları ailə üzvləri, qohumları valideynləri, övladları da sevinəcək. Hesab edirəm ki, əfv sərəncamı ömürlük həbs cəzası almış şəxslərə də tətbiq ediləcək. Çünki onların arasında 25 ildən çox cəza çəkmiş xeyli məhkum var. Onların cəzası dəyişdirilməli, yaxud tamamilə əfv olunmalıdır. Ehtimal böyükdür.  Bir sözlə, bu il cənab Prezident sərəncamı ilə minlərlə insanı sevindirəcək".



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->