Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə müsadirə olunmuş əmlaklarından biri ilə bağlı qərar ləğv olunub.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Hüseyn Abdullayevin atasının (Abbas Abdullayev) adına rəsmiləşdirildiyi və cinayət yolu ilə əldə olunduğu əsas gətirilərək müsadirə olunan qeyri-yaşayış sahəsi ilə bağlı kassasiya şikayəti verilib.
Maraqlı şəxs Bağırov Emin Yaqub oğlu ərizəsində Səbail rayonu, Xəqani küçəsində yerləşən qeyri-yaşayış sahəsinin Abbas Abdullayevə deyil, ona məxsus olduğunu bildirib.
Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda maraqlı şəxsin şikayəti təmin olunub.
Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərarın qeyd olunan əmlakla bağlı hissəsi ləğv edilib.
İş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə Türkiyədə tutularaq Bakıya gətirilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il azadlıqdan məhrum edilib, əmlakları müsadirə olunub.
Bundan başqa, onunla birgə ittiham olunan Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum ediliblər. İş üzrə digər təqsirləndirilən şəxslərə şərti cəza verilib.
Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva da cinayət işi üzrə təqsirli bilinib. O, 4 min manat cərimə olunub.
Şərhlər