Xəbər lenti

Heç vaxt gözləmirdik sabahı, harada olsa, özü gəlib çıxırdı...
Sənət 14:02 27.01.2022

Heç vaxt gözləmirdik sabahı, harada olsa, özü gəlib çıxırdı...

Qaynarinfo şair və qiraətçi Anar Adilin yeni şeirlərini təqdim edir:

 

Fırça boylum

 

Qızım,

yaxını görsədən eynəklə baxıram çəkdiyin rəsmlərə.

Sən necə də uzaqgörənsən.

Anana almadığım çiçəkləri neçə dəstə çəkmisən?

Tikmədiyim evin divarın da rəngləmisən

o fırça boyunla.

 

Çəkdiyin rəsmlərə bir az rəng qatmaq istəyirəm.

Etiraf etmək istəyirəm, qızım.

Bu şəkillər bizim elə özümüzük.

Atanı da qaş-qabaqlı çəkmisən.

Bilmək istəyirəm, qızım.

 

Sən dünyaya gələndə sevinməmişdim,

elə bilirdim, hamı mənim gözümdən ağlayır.

İndi gülmək istəyirəm, qızım.

Daha unutmuşam kədərimi.

İndi çox xoşbəxtdi çəkdiyin şəkillər.

 

Ağır yüküm məktəbli çantan,

Qazancım - aldığın əla qiymətlər.

Bir də, iki qat rahatam, bilirsən niyə?

Ağırlığını hiss etmirəm çiynimdəki mələklər qədər.

 

Qərənfil çağları

 

Qərənfil boyda uşaqlar idik

anamız "gül balam” deyib, saçımızı tumarlayanda.

Heç vaxt gözləmirdik sabahı,

harada olsa, özü gəlib çıxırdı.

 

Əlimizdən gülmək gəlirdi.

Mən başındakı yaylığı açıb xınaya qoyan

ananın da yerinə gülürdüm doyunca.

Oğlunun ölüm xəbərin gətirən adamı

əliboş qaytarmamışdı.

Saçından və gülən üzündən qopardıb vermişdi əvəzində.

 

Heyif...

Qərənfil boyda qala bilmədim,

qaçıb təngənəfəs keçmək istədim həyatı.

Eşələndim çürük ömrün içində

paslı bir ümid də tapılmadı...

Paslı bir ümiddə tapılmadı ki,

dünyanın əllərinə batırım,

gözəllik xilas olub düşsün ovcuma.

 

İflic dostun zəngi

 

Dünən gecə zəngindən sonra,

əqrəblər gecə on ikidən təzə düşürdü birə.

Yaxşı ki, zəng elədin!

Yoxsa, bir qız saçlarından vurub,

gözlərindən çıxacaqdım.

Xırda-xuruş azadlıqla çıxmaq olmaz səhərə.

Yaxşı ki zəng elədin.

 

Qaçıb gizləndim ayaqlarımın altında,

deyəsən, öldüm həm də.

Yaxşı ki, zəng elədin.

 

Bir dəqiqə əlli üç saniyəlik sükutumla

yad etdim özümü.

Kövrəldim, tutuldum, sevindim həm də.

Azca başını qatdım.

 

"Vaxtsız udduqları adamlara görə

torpaqlar da qan qusur vulkan adı ilə" deyib...

Deyəsən, güldün sən də.

Yaxşı ki, zəng elədin.

 

Özümü yuxuluğa vurdum.

Tanımadım.

Axı hansı dildə danışırdın,

Hansı dildə?

Mən öz dilimizdə güc-bəla salamlaşdım.

Kəkələdim, dilimdə buz tutan sözlər əriyincə,

Sən də sağollaşdın...

Sənsə, çox gözəl danışırdın ifliccə...

 

Qüsl azadlığı

 

Yenə xınalı gecə, yenə çilli göy üzü,

Səni könlümə büküb,

büküb, əzizləyirəm.

Sökürəm pencəyimdən o yastı gözmuncuğun,

Baxışını üstümə tikib, əzizləyirəm.

 

Sevgidirsə çinləyib, həsrətdirsə - səpələ,

Qovum səni, bir qəlbə, bir qəlbə sığışdırım.

Şən çıxmasan yuxumdan, sən çıxmasan yuxumdan

Səhərlər əzişdirib, gözümü ovuşdurum.

 

Ümidlərimdən keçsəm, ayrılığını kəssəm,

Dalğalanıb düzülsəm sütül azadlığına.

Qəfildən öpsəm səni, biləklərini tutsam,

Qorxma!

Özümü süzürəm qüsl azadlığına.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->