Avropada sadə zəhmətkeşləri, geniş xalq kütlələrini təhsilə, mütaliəyə yönəltmə mexanizmi protestantçılığa borcludur. Xristianların müqəddəs İncil kitabı hər bir protestant xalqın öz ana dilində olmalı idi. İncili oxumayanın nigahını kilsə kəsməzdi. Barı ibtidai səviyyədə oxuyub-yazmağı bacarmaq üçün hər kəs öz uşağını məktəbə göndərməyə məcbur olurdu.
Nəticədə - Avropada elmi-texniki sıçrayış və incəsənətin sürətlə çiçəklənməsi başlayır. Bilindiyi kimi, mütaliə zamanı beyin hüceyrələri - neyronlar - aktivləşir, artır, zehni imkanları yüksəlir.
XVI əsrdə Mikola Aqrikola adlı bir keşiş, öncə latın hərfləri əsasında fin dili əlifbasını təsis edir. Sonra İncili çevirməyə başlayır. Fin dilinin əlifbası o ilk gündən latın qrafikasına söykənili qaldı. 9 aprel Finlandiyada fin dili və Aqrikola Günü kimi qeyd edilir. Hər məhəllədə, hər küçədə dövlət bayrağı qaldırılır.
1917-ci ildə V.Lenin Finlandiyaya müstəqillik bəşx edir. 1918-ci ildə Finlandiyada qanlı vətəndaş müharibəsi başlayır. "Ağlar”, yəni burjuaziya, kapitalistlər, marşal Mannerheymin başçılığı ilə "qırmızılara” (kommunistlərə) qalib gəlirlər. Bu qələbənin nəticəsi kimi, ölkənin ziyalıları kütləvi məhvə, sürgünə, mühacirətə və ya repressiyalara məruz qalmırlar. Sağ qalmış aydınlar böyük səy və vicdanla vətənlərinin dirçəlməsində, güclü dövlət olmasında yaxından iştirak edirlər. İlk dövlət xadimlərindən olan Johan Vilhelm Snellman öz xalqına məşhur tarixi çağrış edir. O deyir: "Düşmənlərimizə biz ancaq mədəniyyətlə qalib gələ bilərik!” Bu peyğəmbəranə çağrış və uzaqgörənlik - min göllər ölkəsini, Finlandiyanı bir rifah ölkəsinə çevirdi. Məktəb sistemi və insan haqları reformlarının ardıcıl gerçəkləşdirilməsi, liberal dəyərlərin, söz və fikir azadlığının dəstəklənməsi, Finlandiyanı elm, təhsil, həyat və xoşbəxtlik indekslərinə görə dünyanın birincilər sırasına qatdı.
Protestantçılıqdan başlayaraq bu ölkədə kitab mədəni sərvət sayılır. Nəşriyyatlar, kütləvi informasiya vasitələri günü-gündən inkişaf edir. Yerli ədəbi bomond çiçəklənir: yazıçılara, tərcüməçilərə dövlət stipendiyaları, qonorarlar, mükafatlar verilir, kitablar ictimayyətdə müzakirə mövzusu olur. Çeşidli populyar ədəbi, fəlsəfi qəzet-jurnallar oxucuları fikir yenilikləri ilə tanış edir, oxucu zövqünü formalaşdırırlar. Laureat kitablar bayram ərəfələrində aktiv satılır, müxtəlif poeziya festivalları, kitab yarmarkaları təşkil edilir. Ədəbiyyatın, mütaliənin inkişafı üçün, sevilməsi üçün müxtəlif ədəbimükafatlar, ədəbi fondlar təsis edilir. Ən böyük ədəbiyyat mükafatı "Finlandiya” mükafatıdır. Hər il ən yaxşı bədii əsər müsabiqəsi keçirilir və qalibə 30000 avro mükafat verilir.
Finlandiyada Ədəbiyyat Mübadiləsi adlı dövlət təşkilatı var (qısadılmış adı – FİLİ). Amacı Finlandiya ədəbiyyatını dünyada tanıtmaqdır. FİLİ tərcüməçilərə həm maddi yardım, həm də peşəkarlığa dəstək kursları, seminarlar, mühazirələr, yaradıcılıq evləri təşkil edir.
Fin dilinə çevrilən əsərlər komissiyadan keçirilir. Əhəmiyyətli yazı məhsullarının fin dilinə çevrilməsi, universitetin tərcümə bölməsini bitirmiş peşəkarlara etibar edilir. A4 formatlı bir səhifənin tərcüməsi ən azı 40 avro olsa da, qonorar məbləğini kifayətli saymayanlar, ağır tərcüməçi işinin layiqincə qiymətləndirilməməsini dilə gətirənlər də var. Düzənli tərcümə industriyası fin dili imkanlarını, ədəbi-bədii zövqün üfüqlərini, oxucu təxəyülünü və marağını həm genişləndirir, həm də dərinləşdirir.
Statistikaya görə, adambaşına mütaliə üzrə finlər dünyada ilk sıralardadılar. Bununla belə, fəhlə-kəndli sinfi və qatı dindarlar arasında bibliofil (kitabsevər) tapmaq asan deyil. Finlandiya təhsil sistemində korrupsiya, rüşvətxorluq, tanışbazlıq kimi xoşagəlməz hallar olmadığından, "qollarını çirmələyib” əməlli-başlı dərs oxumayana, ixtisasa dərindən yiyələnməyənə diplom verilmir. Uşaqlıqdan, gənclikdən başlayaraq yaradılan mütaliə alışqanlığı və həvəsi isə çətin unudulur.
Finlandiyada ən çox satılan kitablar səs-küylü bestsellerlər, detektivlər, sevgi romanları və müxtəlif komikslərdir. Tərcümə kitablarını daha çox gənclər oxuyur. Yaşlı nəsl isə "yerli mala” - öz müəlliflərinə üstünlük verir.
Beynəlxalq mükafat almış müəlliflərin əsərləri böyük marağa səbəb olur. Kitabların qiyməti əsasən 10-50 avro arasında olur. Vaxtaşırı endirim kampaniyaları keçirilir. Bukinist dükanlar da az deyil. Şəhər kitabxanalarında xüsusi qutu və rəflər olur. İnsanlar gərək olmayan şəxsi kitablarını evdən gətirib oraya qoyur – istəyən də özünə götürür. Ümumiyyətlə, istifadə edilmiş əşyaların əhali arasında pulsuz dövriyyəsi və ya çox ucuz qiymətə satışı bir həyat tərzidir. Bu, "dünyanı yaxşılaşdırmaq” jestidir. İsrafçılığa və təbii sərvətlərin tükədilməsinə bir növ etirazdır.
Finlandiyalılar ədəbi, fəlsəfi, elmi, sosial, siyasi internet bloqlar və forumlarda fəaldırlar. Finlandiyanın Yazarlar Birliyi var. Hərdən kütləvi informasiya vasitələrində ona iradlar da tutulur. Alternativ yaradıcılıq birlikləri də mövcuddur.
İnternet əsri olsa da, ənənəvi kitabxanalar – kitab məbədləri - yenə də populyardır. Burada balacalara nağıl saatları təşkil edirlər. Nağılları kitabxana işçiləri oxuyur, hərdən kuklalardan da istifadə edirlər. Yazarlarla vaxtaşırı görüşlər, musiqili gecələr keçirilir. Yaşlılar üçün kitabxanada pulsuz kompüter və smart-telefonların istifadəsi kursları da var. Bir dəfə kitabxanada "İt üçün kitab oxu!” məzmunlu elana rast gəlmişdim. Qapalı, utanqac, çəkingən insanları (əsasən uşaqları) başqa canlılarla ünsiyyətə alışdırma, sosiallaşdırma məqsədi daşıyır.
Xüsusi avtobuslarla — səyyar kitabxanalarla — ölkənin uzaq kəndlərinə, yaşayış məntəqələrinə kitab aparılır. Ayın bəlli günlərində, bəlli saatlarında gələn bu səyyar kitabxana, internet və telefon ilə sifariş verilən kitabları, CD və ya DVD-ləri müştərilərə çatdırır.
Finlandiya kitabxanalarında bədii və sənədli filmlər, audiomateriallar, səsli kitablar, musiqi not kitablar və s. verilir. Yağışlı havaya düşənlər kitabxanadan borc çətir (yağışlıq) götürə bilər. Eynəklərini evdə unudanlara oxumaq üçün müxtəlif optik ölçülərdə gözlüklər də borc verilir. Bəzi musiqi alətləri, məsələn, qitaralar da pulsuz kirayə verilir. Səsdən izolyasiya edilmiş otaqlarda çalmaq istəyənlər üçün piano, royal da olur.
Rifah dövlətinin yazarları nə haqda yazır? Finlandiya ədəbiyyatı Skandinaviyadan kənarda yaşayanlar üçün qaranlıq bir meşədir. Təəcüblü də deyil: Suominin (Finlandiyanın əsl adı Suomidir) mədəni irsində "Faust”, "Hamlet”, "Min bir gecə” kimi məşhur klassik əsərlər yoxdur. Buna baxmayaraq, ölkədə bənzərsiz sənət əsərləri yaradılır.
Finlandiyada bütün ədəbi-fəlsəfi cərəyanlar sıra ilə bir-birini əvəz edir. Belə ki, XIX əsrin romantik ədəbiyyatı öz yerini tənqidi realizmə və tarixə buraxır. XX əsrin əvvəlindən neoromantizm dövrü başlayır. Modernizm, öncə isveçdillilərin poeziyasında ortaya çıxır (Finlandiyanın iki dövlət dili var: fin və isveç dilləri). Avropa simvolistləri, ekspressionistləri, imajinistləri və sürrealistləri təsir etmişdi. Avanqard, impressionist şairlərdən Paavo Haavikko, Eeva-Liiza Manner, Mirkka Rekola, Youni İnkkala, Olli Heikkonen, Helena Sinervo və b. adlarını çəkmək olar.
Şairlər suomi dilini yeniləməyə, dilin ritmlərini aşkar etməyə cəhd edirdi. XX əsrin 20-ci illərində "Atəşdaşıyanlar” (Tulenkantajat) adlı yenilikçi ədəbi hərəkat yaranır. Onlar sərbəst ölçü, qafiyəsiz şeirə üstünlük verirdilər. "Pəncərələr Avropaya doğru açılmalıdır” şüarını səsləndirirdilər. Suomi ədəbiyyatını beynəlxalqlaşdırmağa çalışırdılar. Yazıçı Mika Valtari insanların şəhər həyatını "Böyük illüziya” adlı romanında (1928) göstərməyə çalışır. Sonralar o, tarixi roman janrında yazmağa başlayır. Onun 1945-ci ildə "Misirli Sinuhe” adlı romanı iyirmidən çox dilə çevrilir, məşhurlaşır.
Son 10-20 ildə detektiv romanlar populyarlaşıb. Yazıçı Leena Lehtolainen detektiv janrının kraliçası sayılır. Zarafatla Finlandiyanın Aqata Kristisi də adlandırılır. Kitabları 20 dilə çevrilib. Bu müəllifin əsas qəhrəmanı - sirli cinayətlərin açılmasıyla məşğul olan istintaqçı-xanım Maria Kalliodur. Başqa bir məşhur yazıçı - İlkka Remes də detektiv ustasıdır, 30-dan çox roman müəllifidir.
Finlandiyadan uzaqlarda tanınan üç ən məşhur yazıçılar bunlardır:
1. "Mummitrol” silsilə hekayələrin müəllifi - Tuve Yansson.
2. Mika Valtari
3. Arto Paasiliani. Gözlənilməz, təəcübləndirən maraqlı süjetlər, ironik detektiv və triller müəllifidir. Onun "Asılmış tülkülər meşəsi”, "Dostlar əhatəsində cazibəli intihar” və s. romanlarının adlarını çəkmək olar. (Qeyd: son illər fin detektivi Britaniyada popularlaşmaqdadır).
Romanlar novella və hekayələrdən daha çox marağa səbəb olur. Milli mentaliteti, fin özəlliklərini göstərən, "bəli — biz, bax, beləyik!” mesajını verən əsərləri fin oxucuları çox sevir. Buna cavab olaraq yazıçılar şəhər və əyalət romanlarına üstünlük verir, ucqar bölgələrdəki kasıb həyatı, cəmiyyətdəki problemləri qələmə alırlar. Örnək: kənd romanı janrında yazan Petri Tamminen romanlarında kişilərin qəlbindəki dərinlikləri göstərməyə çalışır. Kəndlərin boşaldılması, insanların iş dalınca böyük şəhərlərə köçməsi, epidemiya halını almış depressiya, boşanmalar, bu bəlaların da "xalq çarəsi” olan alkoqoldan aşırı istifadə problemləri qaldırılır.
Gender mövzusu - qadın-kişi münasibətlərindəki davranış klişelərini möhkəmlətmək üçün deyil. Onları aşkar edərək doğru olub-olmadıqlarını şühbə altına almaq məqsədi daşıyır. "Soba” ("Uuni”) romanına görə Antti Hürü (Antti Hyry) 2009-cu ildə "Finlandiya” mükafatına layiq görülmüşdü. Romanda sevginin insan həyatındakı yeri, dəyərlər və ləyaqət haqda düşüncələr yer alır.
Müasir fin qadınının daxili aləmini təsvir edən şair və yazarlar Merya Virolainenin, Roza Liksomun, Elina Hirvonenin adlarını çəkmək olar.
2005-ci ildə E.Hirvonenin yazdığı "O unutmasaydı” ("Että hän muistaisi saman”) ilk romanında baş qəhrəmanın – bir qadının - daxili həyəcanları təsvir edilir. Psixiatrik klinikada qalan qardaşı, həmçinin dostu və valideynləri ilə olan mürəkkəb münasibətlərdən söz açılır.
Yazıçı Hannu Raittila maddi mədəniyyətin gündən-günə daha çox virtual mədəniyyətə keçməsi və bunun fin ruhuna, qəlbinə olan təsirindən yazır.
Skandinav nuarı - kəskin realistik, qəmgin stilistikaya malik nəsrdir. Amerikan nuarı ilə bənzər cəhdləri - qəhrəman və antiqəhrəman arasında sərhədin qeyri-dəqiqliyi, büsbütün xəyalqırıqlığına uğrama, düzxəttli narrativin olmamasıdır. Yəni əsərdə giriş, bağlama, kulminasiya, sonluq və s. fabula ardıcıllığının pozulmasıdır.
Fin nuarına bənzəyən Amerika, Avstraliya və ya İngiltərə yazıçılarının kitabları da burada maraqla qarşılanır. Kədərli, qorxulu əhvalatlara (trillerlərə) böyük marağa səbəb nədir? Yüksək, rahat yaşayış səviyyəsində finlərin öz əsəblərini bir qədər "qıdıqlamaq”, qıcıqlandırmaq istəyidir.
Aleksis Kivinin "Yeddi qardaş” ("Seitsemänveljestä”, 1870) romanı ilə başlamış sosial-tənqidi ədəbiyyat uğurla davam etdirilir. Hannu Raittila, Kari Hotakainen, Tuomas Kürö (Tuomas Kyrö) kimi yazarlar, sadə xalqın canlı danışıq dilinə, dialektinə üstünlük verirlər.
"Finlandiya” və Skandinaviya ölkələri Şurasının ədəbi mükafatlarına layiq görülmüş K. Hotakainenin bir vaxt bestsellerə dönmüş "Səngər küçəsi” ("Juoksuhaudantie”, 2002) romanı - Helsinki şəhər sakininin həyat yoldaşı ilə barışmaq üçün hansı fəndlərə əl atması, qəhrəmanın çətin vəziyyətlərdə də həvəsdən düşməməsi haqdadır. Əsər yumor və ironiya ilə zəngindir.
Tuomas Kürönün ”Deyingən” romanı ("Mielensäpahoittaja” 2012) bir qoca dulkişinin tənha kənd həyatından, sonra oğlunun ailəsi ilə birgə Helsinkidə yaşaması, gəlini ilə çətin yola getməsi və müasir şəhər həyatı ilə ayaqlaşa bilməməsindən bəhs edir. Əsər 2017-ci ildə ekranlaşdırılıb. (https://e-finland.ru/info/culture/5-luchshih-novyh-finskih-filmov-k-prosmotru-na-rozhdestvo-i-novyj-god/ )
2009-cu ildə 82 yaşında vəfat edən məhsuldar yazıçı Veikko Huovinenin "Stalinin doğum günü” hekayəsi sovetlər ölkəsində repressiya düşərgələrindən birində məhbusların Stalinin doğum gününü Bakı paxlavası ilə qeyd etməsi haqdadır. Müəllifin hekayələr toplusu elə "Bakulainen pahlava” adı ilə də işıq üzü görüb. (Bu kitaba qonaq getdiyim bir evdə kitab dolabına göz gəzdirərkən təsadüfən rast gəlib bir az təəcüblənmişdim.)
Fantastika janrından örnəklər:
1. Müasir fin ədəbiyyatında önəmli yeri olan şair, filosof, ədəbiyyatşünas və jurnalist Antti Salminenin "Lomonosovun motoru” («Lomonosovin moottori», 2014) elmi-fantastik əsəri.
2. "Qrinviç istiqamətinə doğru 14 düyün sürətilə” ("14 solmua Greenwichiin”, 2008) romanın müəllifi Olli Yalonen (Olli Jalonen).
3. Reallıqdan uzaq mövzularda yazanlardan biri də Leena Krundur.
4. Hannu Rayaniemi (Hannu Rajaniemi) öz elmi fantastikasını ancaq ingiliscə yazır. Fantastikaya həsr olunan jurnallardan bəziləri: "Tähtivaeltaja” ("Səmagəzənlər”) və "Portti” ("Darvaza”).
Finlərin vaxtaşırı tarixi romanlara üz tutması - milli refleksiyanın davamıdır. Väinö Linnanın "Naməlum əsgər” tarixi romanında ("Tuntematon sotilas”, 2004) 1941-ci ildə fin əsgərlərinin Sovet ittifağına qarşı almanlar tərəfində döyüşmələri təsvir edilib.
Yoel Lehtonenin "Putkinotko” ("Boru dərəsi”) romanı milli özünütənqiddir. Belə ki, müəllif, 1918-ci il vətəndaş müharibəsinin köklərini kasıblıq və ictimai ədalətsizlikdə görür.
Sofi Oksanenin məşhur "Təmizlənmə” ("Puhdistus”, 2008) romanı yüksək dəyərləndirilərək "Finlandia” mükafatına layiq görüldü. Bir çox dilə çevrildi. Türkiyyədə bu roman "Araf” adı ilə işıq üzü gördü. Romanda Estoniyanın sovetləşməsi zamanı insanların ruhuna, bədəninə və vətəninə qarşı törədilən zorakılıqdan danışılır.
Başqa tarixi yazarlardan: Jari Tervo, Asko Salberq, Leena Lander, Çel Vestö və b. adlarını çəkmək olar.
Romantik yazıçı kimi başlayan Volter Kilpi 30-cu illərdən sonra fin adalarındakı özünəməxsus həyatı realistik üsullarla təsvir edib. "Alastalo zalında” (1933 il) romanında hadisələrin inkişafı aşırı dərəcədə yavaş-yavaş getdiyinə, detallara çox böyük diqqət yetirildiyinə, cümlələrin olduqca uzun quraşdırıldığına görə Kilpi - Finlandiyanın Ceyms Coysu adlandırılır.
1939-cuildə ədəbiyyat üzrə Nobel mükafatını qazanmış yeganə Finlandiya yazıçısı EmilSillanpäädir. Müəllifin ən parlaq əsəri "Cavan ölən qız” ("Nuorena nukkunut”) romanı sayılır. E.Sillanpəəyə verilən Nobel qızıl medalını 1939-1940 il Qış müharibəsi zamanı Finlandiyanın hərbi müdafiəsi naminə dövlətə bağışlamışdı.
Adi həyat təsvirlərindən və ya problemlərindən uzaqlaşmaq istəyənlər üçün memuarlar, incəsənət, elm adamlarının, tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı haqda kitablar oxuya bilər. Bioqrafik əsərlərə Finlandiya yazarları çox müraciət edir. Sənədli əsər janrı üzrə "Finlandiya” ədəbi mükafatını qazanmışlardan bəziləri: Hannu Mäkilänin böyük fin şairi Eyno Leino haqda "Usta” romanı (”Mestari”1995); Pentti Holapp "Dost portreti” ("Ystävän muotokuva”, 1998); Pirkko Saisio "Ayrılığın qırmızı kitabı” ("Punainenerokirja”, 2003); Helena Sinervo "Şairin evində” ("Runoilijantalossa”, 2004); Hannu Väisänen "İkinci ayaqqabı” ("Toiset kengät”, 2007).
Finlandiya öz vətəndaşlarını çox kiçik yaşlarından kitaba, mütaliəyə alışdırmağa çalışır. Məsələn, yeni doğulmuş körpələr üçün dövlət tərəfindən analara göndərilən hədiyyə qutularına uşaq pal-paltarından və lazımi əşyalardan əlavə, uşaqlar üçün kitabçalar da qoyulur. Məqsəd - körpələrə uyğun şeir, laylalar və s. oxunmasının təbliği və təmin edilməsidir.
Finlandiya uşaq ədəbiyyatı tamam ayrıca mövzudur. Olduqca zəngindir. Örnək: Hannu Mäkelä – 100-dən artıq kitab, həm nəsr, həm də 25 şeir kitabının, bir çox pyes, ssenari müəllifi uşaqlar üçün 40 kitab hazırlayıb.
Türkiyə türkcəsinə çevrilmiş uşaq ədəbiyyatı nümunələri: Timo Parvela "Ella. Kahkaha fırtınası”, "Ella ve arkadaşları”; Sinika Nopola və Tiina Nopola "Repçi Risto” (Türkiyyədə adı "Uyanık Ricky”) və b.
Finlandiyada isveç və saam dillərində də əsərlər yaradılır. Fin ədəbiyyatı ən çox alman, rus, isveç, danimarka, norvej və eston dillərinə çevirilir. Elizabeth Strouthun "Adım Lüsi Bartondur” romanını fin dilinə tərcümə edən Kristiina Rikmaniyə Jarl Helleman adına mükafat verilib.
2018-ciilin hesabatına görə, Finlandiya yazıçılar birliyinin üzvlüyündə 773 yazıçı var. Başqa ədəbi ittifaqlarda və sərbəst yazarların sayı yüzlərlədir. Sonillərin "Finlandia” mükafatının qalibləri:
2020-ci ildə: Anni Kytömäki ”Marqarita” əsəri;
2019-cu ildə: Pajtim Statovci "Bolla” romanı. Keçmiş Yuqoslaviya əsilli bu yazar, 1990 ildə doğulub, "Finlandia” mükafatını alan ilk ən gənc yazardır. Müəllif, "Tirananın ürəyi” ("Tiranan sydän”) romanı ilə ABŞ-nın nüfuzlu National Book Award mükafatı uğrunda tərcümə ədəbiyyatı nominasiyası üzrə beş finalçı namizədlərdən biri olmuşdur. İndiyədək Finlandiyanın heç bir başqa yazarı bu mükafata doğru bundan daha yüksək məqama yülsəlməmişdi.
2018-ci ildə: Olli Yalonen "Səma topu” (Olli Jalonen "Taivaanpallo”);
2017: Juha Hurme "Yarımada” (Juha Hurme "Niemi”);
2016: Yukka Viikilə "Engelin şəhərindən akvarellər” (Jukka Viikilä ”Akvarelleja Engelin kaupungista”);
2015: Laura Lİndstedt "Oneiron. Ölümdən sonrakı saniyyələr haqda fantaziya” (Laura Lindstedt "Oneiron. Fantasia kuoleman jälkeisestä sekunneista”);
2014: Jussi Valtonen "Onlar nə etdiklərini bilmirlər” (Jussi Valtonen "He eivät tiedä mitä tekevät”);
2013: Riikka Pelo "Gündəlik həyatımız” (Riikka Pelo "Jokapäiväinen elämämme”); 2012: Ulla-Leena Lunberq "Buz” (Ulla-Leena Lundberg "Jää”);
2011: Rosa Liksom "6 nömrəli kayuta” (Rosa Liksom ”Hytti nro 6”);
2010: Mikko Rimminen "Nenäpäivä” (”Burungünü”).
İlahə Ucaruh
Şərhlər