Abituriyentlərin buraxılış imtahanlarında Azərbaycan dili fənnindən göstərdikləri nəticələrinin ingilis dilinə nisbətdə zəif olması ilə bağlı müəllimlər arasında sosial mediada müzakirələr edilir.
Onların bir qismi bunu Azərbaycan dili fənnindən imtahan suallarının çətin olması, uşaqların ana dilini bilməməsi ilə, digər qismi isə ingilis dilində mövzuların daha az və vahid istiqamətdə olması ilə əlaqələndirir.
Maraqlıdır, bəs görəsən, abituriyentlərin imtahanda ingilis dili fənnindən daha yüksək nəticə göstərməsinin səbəbi nədir?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan filologiya elmləri doktoru, professor Nizami Cəfərov bildirib ki, ingilis dili üzrə imtahan sualları müəyyən proqram əsasında tərtib olunur:
"Yəni xarici dili şagirdin nə dərəcədə bilməsi mümkündürsə, ona uyğun qiymətləndirmə aparılır. Nəzərə almaq lazımdır ki, bu imtahanlarda uşaqlar ana dilini yaxşı bilməkdən ötrü imtahan vermirlər. Onlar ana dilinin dilçilik elmindən imtahan verirlər. Yəni dilçiliyin nəzəri hissələrindən də sual düşür. Xarici dildə də müəyyən qədər dilçilik məlumatı yer alır, lakin nisbətən azlıq təşkil edir. Əsas - abituriyentin dili necə mənimsəməsi nəzərdə tutulur. Fərq bundan irəli gəlir. Bu, kiminsə ana dilini bilməməsi demək deyil".
O qeyd edib ki, Azərbaycan dilinin tədris səviyyəsi qaneedici deyil:
"Biz fənni Azərbaycan dili adlandırsaq da, bu, dilçiliyin tədrisidir. Təbii ki, burada tədrisin səviyyəsi bizi qane etmir. Bəzən görürük ki, dil haqqında elmdən uşaqların xəbəri olmur. Problem çoxdur. Hazırda bunları sadalamaq istəmirəm, çünki çox müzakirə olunub. Dövlət İmtahan Mərkəzində (DİM) bu məsələni müzakirə etmişik. Sözügedən sahədə işlər görülür. Lakin yenə də Elm və Təhsil Nazirliyi, DİM bu məsələ ilə bağlı daha sonra da ardıcıl müşavirələr keçirməlidirlər. Orta məktəbdə ana dilinin üzərində dilçilik barədə təsəvvür yaradılır, bunun daha geniş və sistemli olması üçün müəyyən işlər görülməlidir".
Professor DİM-in tərtib etdiyi testlərin mürəkkəb olması məsələsinə aydınlıq gətirib:
"DİM-in hazırladığı testlərdə, ola bilər ki, müəyyən qədər mürəkkəblik var. Sualların daha məntiqli olmasına və məktəbdə tədris edilən dil haqqındakı elmin miqyasını daha yaxşı əhatə etməsinə baxıla bilər ki, suallarda mücərrədlik olmasın, aldadıcı suallar qoyulmasın. Məntiqi baxımdan aydın olan məsələlərə toxunulsun. Lakin bu sırada sualların sadələşdirilməsi, primitivləşdirilməsi müzakirə mövzusu ola bilməz".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, sözügedən məsələ qloballaşmanın bir təzahürüdür:
"Mən bunu qloballaşmanın bir təzahürü kimi qiymətləndirirəm. Xaricdə təhsilə meyil, Avropada hər şeyin əla olması ilə bağlı cəmiyyətdə aparılan təbliğat, valideynlər və müəllimlər tərəfindən uşaqların xaricə üz tutmağa təşviq edilməsi burada böyük rol oynayır. Bu, əslində, sadə məsələ deyil. Təəssüf ki, biz gedərək ana dilinə, milli dəyərlərə münasibətin zəiflədiyini, digər mədəniyyətlərə, dillərə sevginin artdığını görürük. Hazırda hamı ingilis dilini öyrənməyə çalışır, bununla əlaqədar kurslara gedirlər və dili önəmli kimi qiymətləndirirlər. Biz qarşıdakı zamanda bu problemləri daha çox yaşayacağıq. "Bu qlobal prosesin qarşısını almaq üçün nə etmək lazımdır?" sualı istiqamətində düşünməliyik".
Deputatın sözlərinə görə, ana dilinə olan münasibətin dəyişdirilməsi üçün təbliğat aparılmalıdır:
"Biz davamlı olaraq məktəblərdə təbliğat aparmalıyıq. Uşaqlara bunun bizim əsas dilimiz olduğunu və onu qorumaq lazım gəldiyini aşılamalıyıq. Məktəblərdə ana dilinin tədrisi yaxşı olmalı, ona xüsusi önəm verilməlidir. Dilimizi öyrənmək, bilmək hər birimizin ümdə vəzifəsi olmalıdır".
C.Məmmədov qeyd edib ki, ana dilini yaxşı öyrənib bilmədən öz dəyərlərimizi qoruyub-saxlaya bilməyəcəyik:
"Bu da ümumilikdə proseslərə mənfi təsirini göstərəcək. Bununla ciddi məşğul olmasaq, növbəti illərdə fəsadını daha ağır və çətin formada yaşayacağıq. Bu səbəbdən indidən bu istiqamətdə ciddi işlər görülməlidir ki, prosesi tənzimləyə bilək".
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, buraxılış imtahanlarında abituriyentlərin Azərbaycan dili və xarici dildən nəticələri arasında müqayisə aparılsa, xarici dil nəticələrinin yüksək olduğunu demək olmaz, çünki demək olar ki, nəticələr eynilik təşkil edir:
"Buraxılış imtahanlarında abituriyentlərin nəticələri istər Azərbaycan dili, istər xarici dil, istər riyaziyyat fənni üzrə müqayisələndirildiyi zaman 9 illik təhsil bazasında da, 11 illik təhsil bazasında da hər iki fənnin (Azərbaycan dili, ingilis dili) göstəricilərinin riyaziyyat fənninə nisbətdə daha yaxşı olduğunu görürük. Yalnız bu il keçirilmiş buraxılış imtahanında riyaziyyat digər fənlərə nəzərən önə çıxıb. Abituriyentlər bu fənn üzrə sualları daha yaxşı cavablandırıblar. Amma ümumilikdə Azərbaycan dili və ingilis dili arasında müqayisələndirmə aparırıqsa, burada xarici dilin nəticələri yüksəkdir deyə bilmirəm. Çünki demək olar ki, nəticələr eynilik təşkil edir".
Ekspertin fikrincə, yuxarı təhsil pilləsində keçirilən imtahanlarda DİM-in tərtib etdiyi mövcud proqram əsasında ingilis dilində yer alan qrammatika və digər qiymətləndirmə mövzuları Azərbaycan dili ilə müqayisədə azlıq təşkil edir:
"İngilis dilinin proqramı daha az və qısa, Azərbaycan dilinin proqramı isə daha genişdir. Bu da təhsilalanların göstəricilərinə təsir edən əsas amillərdən biridir. Həmçinin, şagirdlərin dil öyrənməyə olan həvəsi də buna təsir edir. Onlar düşünürlər ki, Azərbaycan dili öz dilimizdir, daha çox xarici dil biliklərini artırmalıdırlar və bununla əlaqədar xarici dilə daha həvəsli yanaşır, kurslara üz tuturlar".
O bildirib ki, Azərbaycan dili fənninin dərs yükünü artırmaq lazım deyil, çünki şagirdlərin təhsil prosesində dərs yükü olduqca ağırdır:
"Alternativ variant tapmaq, şagirdləri Azərbaycan dilini yaxşı öyrənməyə təşviq etmək lazımdır. Sinif rəhbərləri, Azərbaycan dili fənni müəllimləri buna diqqət göstərməlidirlər. Valideynlər ana dilində öyrənməklə bağlı övladlarına çağırışlar etməlidirlər. Bununla yanaşı, imtahanların formatında dəyişiklik edilərsə, yəni Azərbaycan dilindən dinləmə mətnləri və s. suallara salınarsa, müəyyən qədər abituriyentlər buna diqqət ayıra bilərlər, bu, onların imtahan nəticəsinə təsir edə bilər".
Şərhlər