"Düşünürəm ki, Sərdar Cəlaloğlu bir vətəndaş kimi şəxsi fikrini söyləyib. Sərdar müəllim bildirir ki, məişət zəminində münaqişələrin olduğu ailələrdə problemlər daha çox olur. Əslində, qızlara olan belə münasibət gender bərabərsizliyini formalaşdırır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ADP sədri Sərdar Cəlaloğlunun problemil ailələrdə ata və qardaşı tərəfindən fiziki zorakılığa məruz qalan kifayət qədər qız uşaqlarının olması ilə bağlı fikirinə münasibət bildirərkən deyib.
Sədr hesab edir ki, qızlara qarşı olan qınaq, onların üzərində olan hegemonluq cəhdləri ciddi bəlaya çevrilir, qızlarla dost olmağa çalışan, qızları ailənin bərabərhüququlu üzvü kimi qəbul edən ailələrdə isə problemlər az olur:
"Amma haradakı qınaq, məsələn, "sən bir əşyasan”, "sən bizdən deyilsən”, "sən gedib kiminsə evində olacaqsan”, "sən qızsan, səsini kəs” kimi münasibətlər mövcud olur, həmin ailələrdə qızlar ciddi travma alır. Qız uşağı özünə olan münasibəti, biganəliyi, dəyərsizliyini hiss etdikdə və uşağın üzərində nəzarət olmadıqda, onu təhsildən yayındırdıqda, onu atanın, ananın, qardaşın, digər qohumun yanında "sən ərə gedəcəksən, oxumayacaqsan” deyə aşağılayanda qızlar evdən qaçır, bəziləri intihara meyillənir”.
Kəmalə Ağazadə qeyd edib ki, qızlar vaxtından əvvəl ərə verildiyini görəndə intihara əl atır:
"Bu yaxınlarda Hacıqabul rayonunda 17 yaşlı qız niyə özünü asdı? O, ərə getmək, ailə qurmaq istəmirdi. Bunun kimi misallar çoxdur. Biz tədbir keçirib, çağırış etdik, erkən nikaha, qızların təhsildən yayındırılmasına son dedik. Amma bu qədər çağırışlara baxmayaraq, yenə də problem həll olunmur”.
Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda ata və qardaşı tərəfindən fiziki zorakılığa məruz qalan kifayət qədər qız uşaqlarının olduğunu bildirib. Sədr bütün bunların daha çox problemli ailələrdə baş verdiyini qeyd edib.
Bahar Rüstəmli
Şərhlər