Xəbər lenti

Futbolçuları 19 yaşdan sonra aşağı liqalara sürükləmək futbol cinayəti olar
İdman 10:09 16.04.2024

Futbolçuları 19 yaşdan sonra aşağı liqalara sürükləmək futbol cinayəti olar

Son günlər ölkəmizdə Premyer Liqa klublarının əvəzedicilərinin, ümumiyyətlə, bu yarışın ləğv edilməsi mövzusu gündəmə gəlib, gətirilib, müzakirələr aparılır... 

Azərbaycan futbolunda öncə kompleks yanaşma düşüncəsi önə çıxmalı/çıxarılmalı, qaldırılan bütün məsələlər dərin təhlil edilməli, doğru qərarlarla isbatlanmalıdır.

PFL yaradıldıqdan sonra, əvəzedici komandaların yaradılması, ayrıca yarışda çıxış etmələri qərarı, ölkə futbolunda ən uğurlu addımlardan, ortaya qoyulan layihələrdən biridir. 15 ildir az-çox üzə çıxan yerli bacarıqlı futbolçuların hamısı, bu yarışlardan keçərək komandaların əsas heyətlərinə cəlb olunub.

Əvəzedicilərə aid çempionatın ləğvi, aşağıdan, uşaq-gənclər futbolundan ana komandaya kimi gedən yolun, ardıcıllığının kəsilməsi, hər il 250-300 yerli gənc futbolçuya "qapı"nın göstərilməsi deməkdir. 

Əvəzedicilərin yarışı - futbolçuların bacarığına uyğun, yuxarı və aşağı liqalar üçün oyunçuların hazırlıq mərhələsndə son şansdır. Bu şansdan gəncləri məhrum etmək olmaz!

Bu gün böyük ölçüdə futbolçu qıtlığının yaranma səbəblərindən biri, yaxın keçmişdə əvəzedici komandaların toplum halında birinci liqaya sürgünü, mənasız yaş limiti anlayışı, bəzi klubların, ümumiyyətlə, əvəzedici komandalarının ləğv edilməsi oldu. İtirilən 5-6 mövsüm olan-qalan gənc futbolçuları da itirdi və bitirdi. 

Yetişməkdə olan futbolçular, müxtəlif parametrlərlə, tələblərlə yanaşı, əsasən iki kateqoriyaya bölünür: tez parlayanlar, sonradan üzə çıxanlar, özlərini tədricən göstərənlər. Əvəzedicilərin çempionatı, bu baxımdan əvəzolunmazdır!

Yarışlar ləğv edilməlidir, müasir tələblərə uyğun təkmilləşdirilməlidir. Ən uyğun variant, Avropa futbolunda olduğu kimi, əvəzedicilərin çempionatını U-23-ə çevirmək, yarışa U-19-la birgə diqqəti, nəzarəti artırmaq, səviyyəni, rəqabətədözümlüyü təmin etməkdir.

Klublar əvəzedicilərdən "can"larını qurtaracaqsa, gənclər üçün ayrılan ümumi vəsait, "azad" olunan milyonların böyük hissəsi, birmənalı olaraq legionerlərə, əsasən də səviyyəsiz oyunçuların alınmasına yönləndiriləcək, komandalarda futbol "biliciləri" əziyyətli yükdən yaxa qurtaracaqlar. 3-5 il öncə UEFA-dan klublara, uşaq-gənclər futbolu üçün göndərilən milyonların legionerlərə xərcləndiyi kimi...

Əvəzedici komandaların əsas məramı, ən azından 1-2, işlərin yaxşı qurulduğu halda, 3-5 istedadın əsas heyət üçün hazırlanmasıdır. Klublar bundan böyük xeyir əldə edir, legionerlərə xərclənən böyük məbləğlərə qənaət edilmiş olur. Bu amil tək klublar üçün deyil, geniş anlam daşıyır, yerli futbolçuların hazırlığını, artımını, inkişafını təmin edir, yığma komandaları qidalandırır.

Gənc, hazır olmayan, püxtələşməyən  futbolçuları 19 yaşdan dərhal sonra aşağı liqalara sürükləmək futbol cinayəti olar. Məcburi, süni yox, təbii rəqabət yaradılmalı, sonradan açılışa biləcək futbolçulara şans verilməli, ən yaxşılar Premyer Liqada qalmalı, digərləri futbolçu potensiallarına görə müxtəlif klublara, liqalara yönləndirilməlidir. 

Premyer Liqa bir yana, I liqa belə səviyyəsindən asılı olmayaraq, gənclər çempionatları deyil, heç kim 20-21-22 yaşlı futbolçuları kütləvi şəkildə oynatmayacaq. Bu da yüzlərlə oyunçunun futbolla erkən vidalaşması deməkdir. Qeyd olunanlara sosial layihə düşüncəsi də əlavə edilsə, gənclərin nəinki futbolçuluq perspektivi əllərindən alınar, onların küçəyə "atılması", mənfi vərdişlərə sövq edilməsi şəraiti yaradılar. 

Yarışların ləğv edilməsi yox, federasiyada, klublarda, ümumi futbol strukturlarında peşəkarlığa üstünlük verilməli, dirçəlişi təmin edəcək yeniliklər ortaya qoyulmalı, özünü doğrultmuş az sayda layihələr qorunmalı, daha üst mərhələyə çatdırılmalıdır. 

Futbolçu var 17-19 yaşlarında üzdə olur, futbolçu var 21-23 yaşlarında özünü göstərməyə başlayır. Bu, bütün dünya futbolunda belədir. Gizlin istedad, bacarığı  olan yerli potensial vaxtından əvvəl böyük futboldan məhrum edilməməlidir! Klublarda gənc futbolçulara yetərincə layiq olduqları şansın verilməməsi isə bir başqa bəla, ayrıca təhlil edilməli mövzudur.

Tahir Süleymanov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->