Qətərdə keçirilən dünya çempionatı sürpriz nəticələrlə yanaşı mükafat məbləğləri ilə də diqqət çəkir.
Qaynarinfo xəbər verir ki, FİFA DÇ 2022-də çempion komandanın, həmçinin hakimlərin əldə edəcəyi gəlirləri açıqlayıb.
Turnir başlamazdan əvvəl FİFA-dan verilən açıqlamada dünya çempionatını qazanan ölkənin nə qədər gəlir əldə edəcəyi müəyyənləşib. Belə ki, çempion ölkə 40 milyon dollar qazanacaq. Yarışı 2-ci yerdə başa vuran yığma 30, üçüncü pilləni tutan komanda 27 milyon dollar əldə edəcək. Dördüncü yerin sahibi isə büdcəsini 25 milyon dollar artıracaq. Beləliklə 440 milyon dollar məbləğində mükafatın paylanacağı Qətər 2022, ümumilikdə 400 milyon dolların paylandığı DÇ 2018-i geridə qoyacaq.
Qətərin ev sahibliyi edəcəyi 2022-ci il dünya çempionatı daha bir ilklə yadda qalıb. İlk dəfədir ki, dünya çempionatında qadın hakimlər fit çalır. FİFA-nın müəyyənləşdirdiyi qadın hakimlərin siyahısında fransalı Stefani Frappart, ruandalı Salima Mukansanqa və yaponiyalı Yamaşita Yoşimi yer alıb. Dünya çempionatında hakimlərin qazanacağı rəqəmlər də açıqlanıb. İştirak haqqı olaraq matçın əsas referilərinə 70, yan hakimlərə isə 25 min dollar veriləcək. Hakimlərin alacaqları qonorar onların performanslarına uyğun olaraq artırılacaq. Qrup oyunlarını idarə edən əsas referi və VAR hakimləri 3, yan xətt hakimi isə 2 min 500 dollar gəlir əldə edəcək. Növbəti turlarda hər oyun üçün bu ödənişlər artacaq. Qrup oyunlarından sonra idarə olunacaq yarışlarda əsas referi 10, VAR və yan hakimlər isə 5 min dollar qazanacaq.
Qətərdə davam edən dünya çempionatında FİFA-nın turnir öncəsi gəliri açıqlanıb. Qurumun 2022-ci il dünya çempionatı ilə bağlı reklam və kommersiya müqavilələrindən 7,5 milyard dollar qazandığı bildirilir.
Səbuhi Həsənov
Şərhlər