"Neftçi”nin oyununda sabitliyin çatışmadığı hər kəsə gün kimi aydındır. Premyer Liqanın 23-cü turunda "Zirə”ni məğlub edən "ağ-qaralar” növbəti tur yenidən xal itirdi. Bu dəfə "Neftçi” Tovuzda büdrədi. Rəqibin qapısına bir dəfə yol tapmağı bacaran paytaxt təmsilçisi elə səfərdən də 1 xalla qayıtdı.
Görünən odur ki, rumıniyalı Adrian Mutunun yola salınıb, onun yerinə çernoqoriyalı mütəxəssis Miodraq Bojoviçin təyin edilməsi komandanın oyununda və nəticələrində hansısa ciddi dəyişikliyə səbəb olmayıb. Bir oyunda qələbə qazanan "Neftçi” növbəti oyunda asanlıqla məğlub ola bilər. Necə ki, "Sumqayıt”la oyunlar da bunu göstərmişdi. Kubokun ilk qarşılaşmasında "Sumayıt”ı məğlub edən "ağ-qaralar” cavab görüşündə rəqibinə bata bilmədi. Üstəlik, bu iki oyunun arasında keçirilən 21-ci turun qarşılaşmasında "Neftçi” "Sumqayıt”a uduzmağa da macal tapdı. Sumqayıtdakı məğlubiyyətin davamı 22-ci turda gəldi. Bu dəfə "Araz Naxçıvan” Bojoviçin komandasını məğlub etməyin sevincini yaşadı.
Bütün bunları ona görə xatırladıram ki, zaman-zaman "Neftçi”nin problemi məşqçilərələ bağlı deyil” deməklə həqiqəti söyləyirdik. Təəssüflər olsun ki, sözümüzü eşitmək istəyən tapılmadı. Görünür, kimlərinsə marağındadır ki, "Neftçi”yə tez-tez əcnəbi məşqçilər və futbolçular gəlsin-getsin. Ölkənin ən qocaman klubunun bu cür həvəskarcasına idarə olunması ürəkağrıdan durumdur.
"Neftçi”nin Tovuzda xal itirdiyi günün səhəri kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazandı. "Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan qarşılaşmada yığmamız Kosovonu 87:77 hesabıyla üstələdi. Həmin qələbənin qeyd olunduğu videogörüntülərə baxdım, gördüm ki, Fərrux Mahmudov da federasiya rəhbərliyi ilə bir sırda dayanıb. Yadıma düşdü ki, Fərrux bəy həm də Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. Qəribədir, "Neftçi” kimi mürəkkəb bir kluba rəhbərlik edən Mahmudov Basketbol Federasiyasındakı işindən niyə ayrılmayıb?
Cənab Mahmudovun hansı unikal keyfiyyətləri var ki, eyni zamanda həm Basketbol Federasiyasında məsul vəzifə tutur, həm də "Neftçi”yə rəhbərlik edir? Basketbolla futbol ikisi də topla oynanan kollektiv idman növü olsa da, hər birinin xeyli fərqli xüsusiyyəti, qaydaları var. Hər ikisinə rəhbərlik etmək ciddi məsuliyyət, enerji və zaman tələb edir. Bütün bunları Mahmudov necə çatdırır? Bu yaxınlarda qarşıma Fərrux bəyin Antalyada verdiyi müsahibə çıxdı. O müsahibədə Mahmudov israrla vurğulayır ki, "Neftçi”nin meydandakı nəticələrinin məsuliyyətini daşımır, ancaq maliyyə məsələlərinə nəzarət edir. Belə çıxır ki, Mahmudov "Neftçi”ə yə maliyyə meneceri, yaxud da baş mühasiblik etməyə gəlib? Bunun üçün maliyyə işlərindən daha yaxşı baş çıxaran kimsə yoxmu? İmkan verəydilər, Fərrux bəy elə federasiyadakı işini görərdi.
İyulun 24-də yayılan rəsmi açıqlamada qeyd olunur ki, Fərrux Mahmudov "Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib. Bu barədə "ağ-qaralar”ın rəsmi saytı məlumat yaymışdı. Antalyadakı müsahibəsində isə Mahmudov belə deyir: "Mənim də işim budur ki, vəsait səmərəli istifadə olunsun. Bu, idarəetmədir. Bunu məndən tələb edirlər. İdman tərəfinə isə futbol departamenti nəzarət edir. Onlardan da başqa şey tələb olunur”.
Axı həmin futbol departamenti də klubun rəhbərinə, indiki halda Mahmudovun özünə tabedir. Deməli, futbolçuların transferindən tutmuş meydandakı nəticələrə görə birbaşa Fərrux bəy özü məsuliyyət daşıyır. Hətta Kamil Məmmədov kimi menecerlərin kluba gətirdiyi yararsız legionerlərə görə də cavabdeh olan Mahmudovdur. Yox, belə bir məsuliyyət növü Fərrux bəyin xoşuna gəlmirsə, onda tutduğu postdan istefa verib, Basketbol Federasiyasındakı işinin icrasıyla məşğul olması daha doğru olmazmı? Atalarımız da deyib ki, bir əldə ancaq bir qarpız tutmaq olar, ikincisi yerə düşüb, partlamalıdır.
Amal Abuşov
Şərhlər