Xəbər lenti

Eldar Həsənov, Elçin Əmiraslanov, Hüseyn Abdullayev azadlığa çıxır?
Ölkə 15:51 28.02.2023

Eldar Həsənov, Elçin Əmiraslanov, Hüseyn Abdullayev azadlığa çıxır?

"Sərəncam dərc olunana qədər kimin əfv olunub-olunmayacağı ilə bağlı hər hansı fikir söylənilirsə, bu, mülahizə xarakteri daşıya bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əlməmməd Nuriyev gözlənilən Əfv sərəncamına sabiq baş prokuror Eldar Həsənov, sabiq deputat Hüseyn Abdullayev, Qobustan qapalı həbsxanasında cəza çəkən keçmiş OMON-un Qazax bölməsinin sabiq rəisi Elçin Əmiraslanovun adlarının salınması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. 
 
Əlməmməd Nuriyevin sözlərinə görə, Əfv Komissiyasına daxil olan bütün müraciətlərə baxılması prosedur qaydadır:
 


"Burada hansı müraciətlərə baxılır, hansı qərarlar verilir, bununla bağlı hər hansı məlumatın verilməsi etik qaydaların pozulması kimi qiymətləndirilir. Bu, şəxsi məlumatlardır. Şəxsi məlumatların qorunması haqqında Azərbaycan Respublikasının qanunu var. Əfv sərəncamı verilməyənə və dərc olunmayana kimi hər hansı bir fikir bilidrmək yalnışlıq və qanunun pozulması kimi qiymətləndirilə bilər. Kimin əfv üçün müraciət etməsini ancaq həmin şəxslərin özləri məlumat verə bilər”. 
 
Əlməmməd Nuriyev bildirib ki, bu günə kimi Əfv Komisiyyasının 7 iclası keçirilib və bütövlükdə 900-dən çox müraciətə baxılıb:

"Bu gün də növbəti iclas olacaq, Komissiyanın iclasları may ayına kimi davam edəcək. Bilirsiniz ki, bu il "Heydər Əliyev ili”dir. Şübhəsiz ki, mərhum Prezidentin 100 illiyi ilə bağlı tədbirlər sırasına Əfv sərəncamının olması da gözlənilir”. 

Əlməmməd Nuriyev əlavə edib ki, əfv hüququ Prezidentin müstəsna səlahiyyətləri sırasına daxildir:

"Əfvlə bağlı cəmiyyətdə böyük gözləntilər var. 1995-ci ildən bu günə kimi 68 əfv sərəncamı verilib. Onun 36-sı Prezident İlham Əliyev tərəfindən imzalanıb. Nəticədə 8 987 nəfərdən artıq şəxs cəzadan azad olunub. Nə qədər şəxsin əfv olunması və sərəncama daxil edilməsi Prezidentin qərarı ilə bağlı məsələdir. Çünki son və qəti qərarı Prezident qəbul edir. Əfv Komissiyasında hər bir müraciət diqqətlə araşdırılır”. 



Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru, sonrakı illərdə isə ölkəmizin Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olub. İttihama görə, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17.931.316 manat pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf edib və mənimsəyib. O, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat məbləğində pulu leqallaşdırmaqda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat zərər vurmaqda və dövlət büdcəsinin 192.387 manat pulundan təyinatı üzrə istifadə etməməkdə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il qərarı ilə keçmiş Baş prokuror 10 il azadlıqdan məhrum edilib.
 


Rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

Hüseyn Abdullayevə hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib. O, Bakı Hərbi Məhkəməsinin 1 oktyabr 2019-cu il qərarı ilə 6 il azadlıqdan məhrum edilib.



Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvü Elçin Əmiraslanov 1996-cı ildə Ali Məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. O, 1995-ci ilin martında baş vermiş "OMON hadisələri”nə görə həbs edilərək, dövlət çevrilişinə cəhddə və digər ağır cinayətlərdə təqsirləndirilib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->