Xəbər lenti

Ədəbiyyat fahişələri
Azad QARADƏRƏLİ
Sənət 11:07 02.06.2022

Ədəbiyyat fahişələri

(Uşaq hekayəsinin böyüklər üçün yazıya çevrilməyi və fahişəliyin gizlin otaqlardan parklara, bulvarlara daşınması haqqında ağılagəlməz esse)


İlin, günün bu vaxtında iki gündür ki, yuxum pozulub, həyat ritmim, iş rejimim alt-üst olub. Gizlində gedən oyunların, əsər alverlərinin, təqaüd dəllallarının mövcudluğunu, təbii ki, hamı kimi mən də bilir, bunu hərdən yazılarımda qırmanclayırdım. Lakin bu günlərdə bir kiçik ədəbiyyat adamının bir "iribuynuzlu” ədəbiyyat direktoru ilə "mən yazmışam” davası ovqatımı təlx elədi. Bu, bilirsiniz nəyə bənzəyir?! Məmurların saxladığı gizli fafişəxanalarda hər gün onlarla kişi ilə yatan bir qəhbənin günün günorta çağı bir parkda, hamının gözü qabağında müştərisi ilə yatmağına...

     ***

 ...Zülmətdi ətraf. Göz-gözü görmür, səsdən qeyri heç nə duyulmurdu. Səs də nə səs?! Qarşıdakı gölməçədən qurbağalar zülmətdən vəcdə gəlirmiş kimi ağız-ağıza verib quruldaşırdılar. 

 Bir ağacın gövdəsinə söykənərək başını qolunaun altına qoyub yatan aslan bu səslərdən bezdi, ayağa qalxdı, zülmətdə heç nə görməsə də, fəhmlə gölməçənin qırağına gəldi, bu qır-vırı kəsmək üçün  pəncəsini kölməçəyə çırpıb aslan dilində nərildədi.

 Ətrafa zülmətə yaraşan bir sakitlik çökdü. İsti havada buranın daha sərin və səssiz olduğunu düşünən aslan yenə qollarını başının altına qoyub suyun qırağında yatdı...

     ***

 Mən Cavidi oxudum zaman-zaman. Onun  göylər  övladı, "səma şairi” olduğunu bilibən xatirəsinə "Əllidən bir kəm” adlı roman həsr etdim. Cavid əfəndi sizləri – mənəvi "axsaqları” düşünərək yazmadımı:

  Rəqsi təlim ediyor axsaqlar,
  Əzəmət düşkünüdür alçaqlar.

 Eyyyy, sizlər! Əzəmət, vəzifə düşkünləri! Tutduğunuz o vəzifələr, yığdığınız o paralar, qızıllar yetmədimi sizə, bizim ədəbiyyata da burnunuzu soxdunuz?! Siz gözgörəti  söz uğunda ölümə gedən, əyilməyi deyil, qurşunu, sürgünü seçən Çəmənzəminli, Cavid, Müşfiq, Cavaddan heçmi utanmadınız, heçmi basmadı Cavid əfəndinin xofu sizi?! 
 
Yaxşı, tutaq ki, bunlar tarixə dönmüşdü, unudulduğunu zənn etdiniz, bəs kor gözünüzlə gördüyünü İsmayıl Şıxlı, Sabir Əhmədli? Onlardan da utanmadınızmı? On illərlə kitabları qadağan olunsa da, bir kimsənin qarşısında əyilməyən, son mənzili uzaq Bakı kəndlərinin məzarlığı olan o ustad yazıçının bu kəlmələri gözünüzə girmədimi:”Sındırırdılar qapını. Basırlar, mən bu üzdən var gücümlə saxlamağa çalışıram. Qapının bir taxtası qırılır, ordan, o yarıqdan onları görürəm. Sir-sifətlərindən qatillik yağır.”
 
Bax, o qatillər sizsiniz - ədəbiyyat qatilləri. Ədəbiyyatı sallaqxanaya, qəssab kötüyünün qanlı ortamına çevirən dələduzlar. Pul müqabilində təkcə ədəbiyyatı deyil, varlığınızı da satarsınız siz. Necə ki. satırsınız. Məlum qəzetin baş redaktoru məndən yazı istəyəndə bax, bu lənətullahların yer aldığı o qəzetə bu səbəbdən yazı verməmişdim... Məlum irliyin yönəticiləri məni ora dəvət edəndə bax, o şarlatanlarn yer aldığı yığnağa o səbəbdən üzv olmamışdım...

 Hələ ustad İsmayıl Şıxlı nə demişdi: ”Cılızlıq cəngavərliyə meydan oxumamalıdır.”

 Oxudu, ustad! Cılızlar başa çıxdılar! Hətta millət vəkili, zavod direktoru, nazir oldular. Bu yetmədi, sizlərin – o müqəddəs söz uğrunda başından keçənlərin meydanına – söz meydanına da iddia etdilər. Gör nə yazdılar?! Yazdırdılar, ustad! Ənvər paşanın obrazına dil uzatdılar... Bakımızı rus-erməni işğalçılarından təmizləyən o müqəddəslərin ruhunu təhqir etdilər. Ənvər paşanı, Nuru paşanı, Qafqaz uğrunda canını fəda edən Mehmetciyi təhqir etdilər. Onların ruhunu bazara çəkib alqı-satqıya yatırdılar. Bazarlıqları alınmayanda bir-birinə diş qıcadılar. Açıq-açığına müqəddəs sənətə - yazıya və yazıçıya meydan oxudular...

    ***
 Bir məsələdə rahatam: o mənəviyyat yoxsulları ilə bir gəmidə deyiləm. Onların bulandırdıqları o sudan üstümə sıçramır. Yuyunduqları sudan içən, bir-birinin üstünə qaytaran, qurbağalar kimi gölməçə aşiqi olan bu cılızlardan yüz kilometrləcə məsafədəyəm, bəli. Amma Vətənim, yurdum olan ədəbiyyat onların taptağında. Onların bu qırılası ayaqlarının, kəsiləsi əyri yazan əllərinin çəngindən qurtarmağa gücüm yetmir o vətəni. İşğal elə işğaldır. Bunun nə ermənisi, nə qeyrisi...

    ***

 Uşaqlar üçün yazmaq istədiyim, lakin uşaq mövzusundan kənara çıxan yuxarıdakı təmsilin sonu (əslində "sonu” demək düz deyil, çünki yazı yarımçıq qalmışdı ) belə bitməliydi: qurbağalar az sonra yenidən şövqlə quruldaşırlar. Səs aslanın başına düşür və gölməçəyə hücum çəkib qurbağaları məhv etmək istəyir. Fəqət bu mümkünsüz. Qurbağalarla aslanın döyüşünə hələ heç kim şahidlik etməyib. Bəs nə etsin? Bu meşəni, bu kənarı sərin gölməçəni qurbağalara buraxıb getsinmi gedənlər kimi?
 ?...

02.06.2022

AZAD QARADƏRƏLİ

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->