Qaynarinfo Azad Qaradərəlinin "Nə hikmətdirsə” hekayəsini təqdim edir.
(Vətən Müharibəsinin şıdırğı vaxtlarında təqaüdünü alıb əsgərlərimizə yardım fonduna köçürən Hikmət babaya – sayqı və ehtiramla!)
Dünyanın yükünün əyilən vaxtıydı. Həyət-bacalardan cavanların qaqqıltısı kəsilmiş, qız-gəlin qulağı səksəkədə, analar gözüyaşlı, atalar qəddi bükükdü...
Təkcə uşaqlar keflərindən qalmırdılar. Hərəsi bir bayraq tapıb başının üstünə qaldırır, "Qarabağ Azərbaycandır!” deyib bağıra-bağıra belədən-belə yürüyürdülər.
Bağlamadakı heyvanın suyunu dəyişdi, yemini təzələdi, tövlənin girəcəyindəki beli götürüb içəridə bir az dümələnsə də, həvəsi olmadı, divara söykəyib çölə çıxdı.
"Görəsən, pensiyəni verərlər? Vaxtıdı ye... Verməlidilər... Amma... Hə də, indi ölkədə müharibə gedir, gecikə bilər... Lap qoy bir ay gecikdirsinlər... Lap elə verməsinlər... Ölmüyəciyik ha acınnan. Bude, heyvanımız var, toyuq-cücə, yumurta... Vallah hə...”
Bayıra çıxdı. Qonşusu Nemət kişini görüb bir hal-əhval tutmaq istədi.
- Nə var, nə yox? Cəbhədən nə deyillər? İrəliləyiş var?
- Nə bilim?.. – Qonşu ağzını sürüdü. İndi yadına düşdü ki, onun nəvəsi də ordadır axı. "Kişinin yəqin ki, fikri-zikri uşağın yanındadı... Mən də soruşmağa vaxt tapdım. Gəl nəvəsini soruş...”
- Nəvənnən nə xəbər var? Danışır? Allah arxalarında dursun...
Qonşunun kefi duruldu. Həvəslə danışmağa başladı:
- Hə, dünən danışmışıx... Deyir, kefimiz yaxşıdı, hər şeyimiz var... Düşməni qatıb qabağımıza qovuruq... İnşallah bu gedişnən beş-altı günə Şuşadadılar... – Birdən qonşunun səsi qırıldı. Əlinin dalı ilə sulanmış gözünü sildi. – Yannarında bir uşağa qəlpə dəyib, nə dədəsi var, nə nənəsi...
Hikmət də qəhərləndi:
- Yetimmiş? Can-can...
- Yox e, savsem yoxuymuş... Şuşada internatda böyüyübmüş... Ona görə deyib ki, mənim Şuşadan başqa heş nəyim yoxdu... Gedəcəm Şuşanı azad edəcəm... Ona da çatammıyıf... Qubadlıda vuruflar...
Qocalar göz yaşlarını əlləri ilə silib çöm üstdə oturdular. Siqaretlərini bir-birinin oduna yandırıb susdular. Hannan-hana Nemət kişi acı tüstüdən boğula-boğula dedi:
- Deyir, font yaradıblar... Əsgərlərimizə yardım fondu... Yadındamı, biz uşax olanda 41-45-in müharibəsinə də camahat yardım eliyirdi... Kimi pul verirdi, kimi xalça-palaz, kimi yun köynək, əlcək toxutdurub göndərirdi, mənim anam barmağınnan nişan üzüyünü çıxarıb vermişdi...
Hikmət kişini tüstü boğdu, iki kərə bərkdən öskürüb gumuldandı:
- Görən pensiyəni verəllər?
- Nəblim, əşşi... Camahat nə hayda, sən nə hayda...
Nemət kişi çubuğunu yanıncan sürüyə-sürüyə çıxıb getdi. Hikmət kişi isə qalxa bilmirdi. "Camahat nə hayda... sən nə hayda...” – söz kişinin içalatını qəlpə kimi yaralayıb keçmişdi. Çox çətinliklə özünü toplayıb qalxa bildi. Qayıdıb həyətə girdi.
- Ay uşax, mənim o abır paltarımı şotkaleyin, gedəsi yerim var...
Nimdaş kostyumunu geydi, dimdiyi ağarmış kepkasını başına basdı, köhnəlmiş ayaqqabısını qara mazla mazladı, ayağına geyib yola çıxdı. Rayon mərkəzinə aparası avtobusu gözləmək üçün kəndin aralığına çıxdı.
*
Kişi bankomata yaxınlaşanda xeyli adam növbəyə dayanmışdı. Elə "axırıncı kimdir” deməyə hazırlaşırdı ki, nisbətən cavan adamlar geri çəkildilər, kişini qabağa buraxdılar. Bir orta yaşlı kişi isə az qala nitq söylədi:
- Əhsən, balalar! Belə ağır günlərdə bir-birimizə dayaq olmalıyıq! Bir yannan müharibə, bir yannan pandemiya... Xalqımız gərək dədə-babadan gələn...
Hikmət kişi "natiq”in dediklərini daha eşitmədi. Heyrət içində ora-bura boylandı.
"Nə hikmətdisə, ağır günlərdə xalqın ən yaxşı cəhətləri üzə çıxır. İki ay qabaq da gəlmişdim bura, maa heç baxan da olmamışdı. Hələ bir cavanla bir orta yaşlı kişi uçeret üstündə az qala süpürləşəcəkdilər. Mən hayxırdım, qayıtdılar... İndi... Yadımdadı, 20 Yanvarda da beləydi. Avtobusda cavanlar qocalara, qadınlara, uşaqlara yer virir, imkansıza əl tuturdular... Sonra 90-cı illərin Qarabağ müharibəsində cavanlar davaya gedəndə hamı yığışıb xeyir-dua verirdi... Şükür allaha! Adamlarımızın murdarlıqlarını müharibə yuyub apardı... Hikmətinə şükür, xudaya...”
İstədi etiraz edə ki, mən növbəyə duracağam, olmadı. Kişinin kartını tanımadığı bir nəfər əlindən alıb bankomatın yuvasına saldı və dedi:
- Əmi, nömrəni özün yığırsan, ya mən yığacam?
Kişi gülümsündü:
- Ay bala, mənim gözüm görürmü ki, özüm yığam? Bax, burda yazılıb, ala, özün yığ, pulu da çıxart...
Pulu alıb saydı (adətiydi, hökmən sayardı), sonra birbaş banka yollandı...
*
- Ay qızım, mən pul...
Üzündən yorğunluq yağan qız gözünü kompüterdən ayırmadan:
- Əmi, pulu burda vermirlər, bayırda bankomat var, ora gedin, - deyib telefonda kiminləsə danışmağa başladı. Kişi bir xeyli gözlədi. Bu vaxt başqa bir pəncərədən bir qadın dilləndi:
- Əmican, siz niyə dayanmısınız?
Kişi utandı, əlində tutduğu pulu ("pensiyəmin yarısını ayırdım, yəqin azdır, ona görə baxan yoxdur, ayıb oldu”) qadına göstərdi:
- Bala, mən əsgərlərimizə pul göndərmək istəyirəm... O yardım nəyiydi... hə, hə, fondu, yardım fondu... Ora pul köçürəcəm... Müharibəyə görə... Pensiyamı bu gün almışam... Ona görə gec gəlmişəm...
Bu vaxt bayaqdan ayaq üstdə dayanaraq telefonla danışan yorğun qız kişinin nə dediyini, deyəsən başa düşdü, telefonunu yerə qoyub başını pəncərədən çıxardıb kişini təpədən-dırnağa süzdü, sonra kişinin mazlanmış ayaqqabısının böyrünün aralandığını görüb doluxsundu, ağlamamaq üçün barmağını ağzına təpdi, göz yaşları axıb qoftasına, ordan da təzə yerə qoyduğu telefonun üstünə damladı.
- Baba... Əmi... Bağışlayın siz allah... Mən... Mənim yoldaşım da cəbhədədir... Zəng eliyən də o idi... Siz cəbhəyə yardım fonduna pul köçürməyə gəlmisiniz... Mən isə sizi başa düşmədim... Nə olar, bağışlayın məni...
Kişi pulları qızın önünə qoydu. Şəxsiyyət vəsiqəsini də çıxardıb ona verdi və gedib aralıdakı stullardan birinə çökdü. Bu vaxt avtobusda harasa ilişib böyrü paralanan ayaqqabısına gözü sataşdı və gülümsündü:
- Səni biyabır olasan... Heç vaxtıydı...
Bayaqkı qız yerindən durdu, çıxıb kişinin yanına gəldi və şəxsiyyət vəsiqəsinin üstünə qoyduğu qəbzi ona uzatdı:
- Hikmət baba, sizə bankımız adınnan çox təşəkkür edirik! Əliniz düşərli olsun!
Kimsə arxadan dilləndi:
- Qarabağ Azərbaycandır!
Kişi sulanmış gözlərini dəsmalı ilə sildi. Əlini əsim-əsim əsən ürəyinin üstünə basıb "oxqay” dedi və bankdan çıxdı.
*
Axşamdan xeyli keçmiş kəndə döndü. Həyətə girəndə hamı onun ayağına baxırdı. Kişi ayaqqabısının tamam qopduğunu indi gördü. Nəvəsi əlindəki kiçik bayrağı göyə qaldırıb qışqırdı:
- Baba, indicə səni televizorda göstərdilər! Dedilər ki, Hikmət baba öz pensiyasını cəbhəyə köçürüb! Baba, biz səninlə qürur duyuruq! Qarabağ Azərbaycandır!
Sonra qulağına pıçıldadı:
- Amma bircə pis iş oldu ki, cırıq ayaqqabını da göstərdilər...
Kişini böhd apardı. Ürəyi yansa da çay istəmək əvəzinə siqaret yandırıb yaxındakı kətilə çökdü.
"Nə hikmətdisə... " Gözü ac mal kimi ağzını açmış ayaqqabısına sataşdı. "Eeeee... Bu zibil də yırtılmağa vaxt tapdı də...” Sonra siqaretindən dərin bir qullab alıb gülümsündü. "Yırtılan ayaqqabı olsun... Təki o cavanların telinə bir zərər dəyməsin...”
Şərhlər