Xəbər lenti

Dünya Bankı növbəti bədbin proqnozunu açıqladı
Ekonomiks 15:48 08.06.2022

Dünya Bankı növbəti bədbin proqnozunu açıqladı

Dünya Bankı qlobal artım proqnozunu 2,9%-ə endirib, "staqflyasiya” riski barədə xəbərdarlıq edib.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Dünya Bankının Qlobal İqtisadi Perspektivlər hesabatında deyilir.

Çərşənbə axşamı Dünya Bankı 2022-ci il üçün qlobal artım proqnozunu təxminən üçdə bir azaldaraq 2,9%-ə endirib və xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi COVID-19 pandemiyasının qlobal iqtisadiyyata vurduğu ziyanı daha da artırıb və indi bir çox ölkə tənəzzüllə üz-üzədir.

Bank Qlobal İqtisadi Perspektivlər hesabatında vəziyyətin daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edərək bildirib ki, Ukraynadakı müharibə qlobal iqtisadiyyatın yavaşlamasını daha da gücləndirib və bu, indi "uzun müddətli zəif artım və yüksək inflyasiya dövrünə" çevrilə bilər.

Dünya Bankının prezidenti Devid Malpass keçirdiyi mətbuat konfransında, mənfi risklər reallaşarsa, qlobal artımın 2022-ci ildə 2,1%-ə, 2023-cü ildə isə 1,5%-ə düşə biləcəyini və bunun adambaşına düşən artımı sıfıra yaxınlaşdıracağını deyib.

Malpass müharibə, Çində yeni COVID-19 blokadaları, tədarük zəncirinin pozulması və artan staqflyasiya riskinin (sonuncu dəfə 1970-ci illərdə baş vermiş zəif artım və yüksək inflyasiya dövrü) qlobal artımı çətinləşdiyini bildirib. 

"Staqflyasiya təhlükəsi bu gün kifayət qədər ciddidir, - deyə Malpass hesabata yazdığı ön sözdə deyir. - Dünyanın əksər hissəsində zəif sərmayə qoyuluşu səbəbindən səngimiş artım, ehtimal ki, on il ərzində davam edəcək. İndi bir çox ölkədə inflyasiyanın onilliklərin ən yüksək həddinə çatdığı və təklifin yavaş artacağı gözlənildiyi üçün inflyasiyanın daha uzun müddət yüksək qalması riski var".

Proqnozu hazırlayan Dünya Bankının bölməsinin direktoru Ayhan Köşə jurnalistlərə deyib ki, maliyyə şərtlərinin gözləniləndən daha sürətli sərtləşməsi bəzi ölkələri 1980-ci illərdə müşahidə olunan borc böhranına sürükləyə biləcəyi təhlükəsi realdır.

Malpass bildirib ki, riskləri azaltmaq üçün siyasətçilər Ukraynaya yardımı koordinasiya etmək, ərzaq və enerji istehsalını artırmaq, neft və ərzaq qiymətlərində daha da artımlara səbəb ola biləcək ixrac və idxal məhdudiyyətlərindən qaçmaq üçün çalışmalıdırlar.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->