Xəbər lenti

Dünya Bankı Azərbaycana 150 milyon dollar ayırdı: Hara xərclənəcək?
Ekonomiks 15:55 30.07.2024

Dünya Bankı Azərbaycana 150 milyon dollar ayırdı: Hara xərclənəcək?

"Korrupsiya olmasa, bu layihə Azərbaycanda ciddi effekt verə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Dünya Bankının Azərbaycana ayırdığı 150 milyon dollarlıq layihədən danışarkən deyib. 

Ekspert bildirib ki, dünyanın ən öndə gedən dövlətlərində sınanılan bu cür sosial layihələr Azərbaycanda gözlənilən effekti vermir:



"Məsələn, ünvanlı sosial dövlət layihəsi var, bunu Dünya Bankı deyil, Azərbaycan tərəfi icra edir. Onlar sadəcə maliyyə ayırır, icraedici Azərbaycan tərəfi, eyni zamanda Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliydir. Bu dövlət qurumlarının icra metodologiyası hamıya bəllidir. Ona görə də mən bu layihədən ciddi nəsə gözləmirəm. Layihənin hədəf qrupları çox maraqlıdır. Azərbaycanda ən çox işsizlik olan qruplar hesab edilir. Korrupsiya olmasa, layihə ciddi effekt yaradacaq".
 
Sabiq deputat Əli Əlirzayev bunun sosial layihələrdən biri olduğunu vurğulayıb:
 


"Ayrılan vəsait sosial istiqamətə sərf olunmalıdır. Azərbaycan üçün sosial prioritetlər var. Məsələn, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması və s. Əsas məsələ yoxsulluğun azaldılmasıdır. Bu elə olmalıdır ki, Azərbaycanın mövqeyi baxımından ən çox yeni iş yerləri açılmalıdır. Elə etmək lazımdır ki, bu yerlər birdəfəlik deyil, daim gəlir gətirsin. Bu layihənin əsas məqsədi də yeni iş yerlərinin açılması istiqamətinə sərf olunmalıdır. Əhalinin həssas təbəqələri üçün olan iş yerləri onların dolanışıq yeri ola bilər. Yaxud da əhalinin kasıb təbəqələrinin təhsili üçün istifadə oluna bilər. Hansı qrupların daha çox ehtiyacı var bu layihə ona xərclənməlidir. Birdəfəlik istehlaka sərf olunsa uduzarlar".

Qeyd edək ki, Dünya Bankının İcraçı Direktorlar Şurası bu gün hazırda icra olunan Azərbaycanda Məşğulluğa Dəstək Layihəsini (AMDL) genişləndirmək üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib. Layihənin məqsədi məcburi köçkünlər, qadınlar, gənclər və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə əhalinin ən həssas qrupları üçün özünüməşğulluq imkanlarını təşviq etməkdir. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->