"İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir”.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
"Biz də hamı kimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayırıq. Bu gün ölkəmizdə yaşayan bütün dinlərin nümayəndəsi birlikdə gəlib başsağlığı veriblər. Bu onu göstərir ki, Azərbaycanda tolerantlıq, milli birlik və vəhdət var”, deyə şeyx vurğulayıb.
A.Paşazadə bildirib ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır:
"Onlar bu gün fars rejiminin əlində əsirdirlər. İnanıram ki, həqiqət gələcəkdə öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, onu qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır. Prezident İlham Əliyev dediyi kimi baş verənlər terror aktıdır. Məsələ dəqiqliyinə kimi incələnməli və dünya həqiqətin nə olduğunu bilməlidir”.
"İran dövləti məsuliyyət daşıyır". Bunu isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu şərh edərkən deyib.
O xatırladıb ki, xarici ölkə ərazisində olan səfirliklərimiz Azərbaycan ərazisi sayılır:
"Yəni igidimiz torpağımızı qorumaq uğrunda şəhadətə qovuşdu. Dua edirik ki, şəhidimiz Allah qatında ən uca məqamlara çatsın. Mənə bu səadət nəsib oldu ki, şəhidimizin cənazə namazını qıldım. Heç şübhəsiz ki, bu hadisə həm də Azərbaycan xalqının hiddətinə səbəb olub. Bu hadisə ümumiyyətlə nadir görünən hadisədir. Buna görə də İran dövləti məsuliyyət daşıyır. Çünki onun ərazisində olan səfirliklərin və elçilərin qorunması həm beynəlxalq hüquqla vəzifədir, həm də dini vəzifədir. Azərbaycan xalqı hadisənin hərtərəfli araşdırılmasını və cinayətkarın layiqli cəzasına çatmasını tələb edir".
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. "Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.
Şərhlər