Xəbər lenti

CAR Putin üçün ev sahibliyindən imtina edir: müxalifət isə həbsin tərəfdarıdır
Dünya 22:15 01.06.2023

CAR Putin üçün ev sahibliyindən imtina edir: müxalifət isə həbsin tərəfdarıdır

Cənubi Afrika Respublikasının hakimiyyət orqanları Rusiya prezidenti Vladimir Putini Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs etməmək üçün avqustda baş tutmalı olan BRİKS sammitindən imtina etməyin yollarını axtarır.

Qaynarinfo xəbər verir ki, "Reuters”in Cənubi Afrikadakı yüksək rütbəli rəsmiyə istinadən verdiyi məlumata görə, onların nəzərdən keçirdikləri variantlardan biri Çindən sammitə ev sahibliyi etməsini xahiş etməkdir.
 
Tədbirin böyük ehtimalla Cənubi Afrikada baş tutmayacağını mayın 25-də respublikanın keçmiş prezidenti, dövlət məmurları arasında böyük nüfuz sahibi olan Tabo Mbeki bəyan edib. "Hüquqi öhdəliklərimizə görə biz prezident Putini həbs etməliyik, lakin bunu edə bilmərik”, - Mbeki deyib.
 
Bundan sonra nazir müavini Obed Bapela bildirib ki, hakimiyyət onlara BCM tərəfindən axtarışda olan liderləri həbs edib-etməmək barədə qərar vermək imkanı tanıyacaq qanun hazırlayır. Bununla belə, Ədliyyə Nazirliyi qeyd edib ki, sammitə qədər parlamentin belə bir qanunu qəbul etməyə vaxtı olmayacaq.
 
BRIKS xarici işlər nazirlərinin bu həftə Keyptaunda keçiriləcək toplantısında bütün iştirakçılara diplomatik toxunulmazlıq veriləcək. Amma hökumətdə belə bir qərarın standart prosedur olduğunu bildiriblər. 
 
"Bu immunitetlər istənilən beynəlxalq tribunal tərəfindən konfransın hər hansı bir iştirakçısına qarşı çıxarıla bilən heç bir orderi ləğv etmir", - Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Kleyson Monyela vurğulayıb. 

Bu arada, CAR müxalifəti Vladimir Putinin ehtimal olunan səfərinə qarşı radikal mövqe nümayiş etdirib. Cənubi Afrikanın aparıcı müxalifət partiyası Demokratik Alyans hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə onu həbs etməyə çağırır. Bu barədə partiyanın saytında yayılan məlumatda deyilir.

Partiya Putinin avqustda keçiriləcək BRİKS sammitində Cənubi Afrikada iştirak edəcəyi təqdirdə onun saxlanılaraq Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməsini tələb edərək iddia qaldırıb. Demokratik Alyans bildirib ki, ölkə Roma Nizamnaməsinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirməlidir və "Əl-Bəşir dastanı təkrarlanmamalıdır”.
 
"Politico”nun məlumatına görə, 2015-ci ildə Cənubi Afrika hökuməti Sudanın o zamankı prezidenti Ömər əl-Bəşirin Afrika İttifaqının sammitindən sonra ölkəni tərk etməsinə mane olmayıb, baxmayaraq ki, Darfur bölgəsində soyqırım və müharibə cinayətləri ilə bağlı Sudan prezidentinin həbsinə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən iki order verilib. Əl-Bəşir 2019-cu ildə vəzifəsindən kənarlaşdırılaraq həbs edilib.
 
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu BRİKS dövlət başçılarının sammiti avqustun 22-də Yohannesburqda keçiriləcək. Kreml Putinin tədbirə gəlib-gəlməyəcəyi sualına birbaşa cavab verməyib. Onun mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya tərəfi sammitdə "lazımi səviyyədə iştirak edəcək”. Eyni zamanda o, ümid etdiyini bildirib ki, Rusiyanın BRİKS üzrə tərəfdaşları BCM-nin "belə qanunsuz qərarlarını rəhbər tutmayacaqlar”.
 
BCM martın 17-də Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Hər iki şəxs "Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları Rusiyaya qanunsuz deportasiya etməkdə” şübhəli bilinir. Kreml bu qərarı "əhəmiyyətsiz” adlandırıb, çünki Rusiya BCM-nin yurisdiksiyasını tanımır. Bununla belə, Cənubi Afrika, dünyanın digər 122 ölkəsi kimi, Roma Statutunu ratifikasiya edib və Haaqa Məhkəməsinin qərarına əməl etməlidir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->