Bakı Sağlamlıq Mərkəzi vətəndaş Camal Şabanovun iddialarına cavab verib.
Mərkəzdən Qaynarinfo-ya daxil olan açıqlamada bildirilir ki, Camal Şabanovun iddiaları əsassızdır:
"Məlumat üçün bildiririk ki, Bakı Sağlamlıq Mərkəzinin Radiologiya şöbəsində orta və kiçik tibb heyəti ilə yanaşı radiologiya üzrə ixtisaslaşmış 5 nəfər invaziv radioloq həkim fəaliyyət göstərir. Həmçinin şöbədə aktiv istifadədə olan 3 kompleks angioqrafiya cihazımız mövcuddur. Bir qayda olaraq, angioqrafik prosedurlar həkim, həkim assistenti, tibb bacısı və angioqrafiya cihazı texnikinin iştirakı ilə aparılır. İnvaziv radioloqlar tərəfindən invaziv diaqnostik müdaxilələr, ehtiyac olduğu təqdirdə damar daxili müdaxilələr və digər az invaziv müalicə prosedurları icra edilir.
26 fevral 2024-cü il tarixində Bakı Sağlamlıq Mərkəzinin Radiologiya şöbəsində müayinə olunmuş pasiyent Şabanov Camal Qafur oğlunun iddiası ilə bağlı apardığımız araşdırmaya əsasən bildiririk ki, şikayətdə qeyd edilənlər həqiqəti əks etdirmir”.
Açıqlama qeyd edilir ki, Camal Şabanovun adını hallandırdığı Hüseyn Alxasov Bakı Sağlamlıq Mərkəzində texnik vəzifəsində çalışır: "O, heç bir xəstəyə tibbi müdaxilə etmir, etmək bacarığı və hüququ yoxdur. Prosedur günü texnik və tibb bacısı xəstənin tibbi müdaxiləyə hazırlıq prosesində iştirak ediblər və bundan sonra həkimlər tərəfindən prosedur icra olunub. Prosedura hazırlıq zamanı pasiyent texnik ilə söhbət əsnasında onun adını, soyadını, təvəllüdünü və bu kimi məlumatları soruşub və hazırkı iddiasında həmin məlumatlardan istifadə edir. Xüsusilə vurğulamaq istərdik ki, qeyd olunan tibbi xidmət xüsusi bilik və bacarıq tələb edən sahə olduğundan bu prosedurun hər hansı bir texnik tərəfindən icra edilməsi mümkün deyildir.
Həmçinin qeyd edirik ki, tibb müəssisəmizdə xəstənin ayaq damarlarında aparılmış angioqrafiya müayinə zamanı patologiya aşkar edilməməsi səbəbindən pasiyentə heç bir invaziv və açıq cərrahi müdaxilə olunmayıb. Xəstəyə sadəcə aşağı ətrafların periferik arteriyalarının angioqrafiyası icra olunub. Prosedurdan sonrakı mərhələdə xəstəyə stasionar şəraitdə nəzarət edilib. 29 fevral 2024-cü il tarixdə xəstə bütün tibbi personala dəfələrlə razılıq edərək kafi vəziyyətdə evə yazılıb”.
Xatırladaq ki, Camal Şabanov Bakı Sağlamlıq Mərkəzində maşınqayırtma texnikumu bitirən Hüseyn adlı şəxs anju əməliyyatı etdiyini bildirib.
Şərhlər