"Ucqar kəndlərdəki abituriyentlər üçün rəqəmsal təhsil və mentorluq proqramı" təşəbbüsü çərçivəsində 4 dekabr tarixindən etibarən Lerik, Qusar və Beyləqanın ucqar kəndlərindən olan 30 abituriyent üçün onlayn dərslərə və mentor təlimlərinə start verilib.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinə məxsus təşəbbüsü Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Umay Təlim Mərkəzi İcra edir.
Birliyin rəhbəri Sevinc Fədai təşəbbüsü ortaya çıxaran səbəblər və həyata keçirilən işlər barədə məlumat verib.
O bildirib ki, layihədə xüsusilə təhsildən yayındırılan qızların təhsilə çıxış imkanlarına diqqət yetirilir:
"Təhsildə qeyri-bərabər imkanlar qlobal bir problem kimi qalmaqdadır. Dövlət İmtahan Mərkəzinin açıqladığı statistik göstəricilər də təhsildəki qeyri-bərabərliyi aydın şəkildə ifadə edir. Bu kəskin fərqlərin üzə çıxmasında orta məktəb proqramı ilə qəbul imtahanı proqramı arasındakı uyğunsuzluqlar, şagirdlərin əmək prosesinə cəlb edilməsi, keyfiyyətli təhsil əldə etmədəki bərabərsizliklər, rifah səviyyəsi, regionlarda repetitor azlığı, maddi təminatın aşağı olması kimi faktorlar mühüm rol oynayıb. Bu da təhsil prosesinə cəlbetmədə etnik, gender və regional fərqlər yaradıb. Təşəbbüsümüzün məqsədi aşağı nəticələr göstərən ucqar kənd məktəblilərini elektron resurslarla təmin edərək, onların təcrübəli müəllimlər tərəfindən ali məktəblərə hazırlamaqla qeyri-bərabərliyin aradan qaldırılmasına töhfə verməkdir. Layihədən birbaşa yararlanan 30 abituriyentlə (19 qız, 11 oğlan) yanaşı, həmin kəndlərdə yaşayan abituriyentlər və valideynləri ilə psixoloji iş aparılır, maarifləndirmə tədbirləri həyata keçirilir".
Onun sözlərinə görə, layihə strategiyasının əsas cəhətini abituriyentlərin nəzəri və praktik hazırlığının yüksəldilməsi təşkil edir: "Regionlarda, xüsusən də ucqar kəndlərdə keyfiyyətli repetitor faktiki olaraq mövcud deyildir. Çünki şagird sayının az olduğu kiçik kəndlərin yetişdirməsi olan repetitorlar belə əhali sayı daha çox olan rayon mərkəzləri və şəhərlərə keçib. Bu konteksdə kənd məktəbləri şagirdlərinin imtahan rəqabətinə dözümlülük dərəcəsi kəskin sürətdə aşağı enib.
Burda mühüm məqam bir layihə ilə üç fərqli regionun abituriyentlərini prosesə cəlb etməkdir. Əlbəttə ki, müasir dövrdə bir az da pandemik şərtlərin aktuallaşdırdığı distans təhsil ənənəvi təhsil qədər effektli sayıla bilməz. Yeni metod keçmiş metodla birgə tətbiq edildikdə, onun əlavəsi kimi çıxış etdikdə effektli görünür. Ancaq istər layihənin üç fərqli regionda keçirilməsi, istərsə də abituriyentlərin orta məktəb şagirdi olduqları üçün məktəbdən və yaşayış yerlərindən kənara çıxmaları mümkün olmadığı üçün onlayn formada tədris və konsultasiyalar son dərəcə səmərəli bir həll yoluna çevrilir".
S.Fədai qeyd edib ki, təşəbbüs çərçivəsində həftənin hər günü keçirilən dərslərlə abituriyentlərin hazırlığı optimal səviyyəyə gətiriləcək, onların keyfiyyətli təhsil almaq imkanı olan abituriyentlərlə rəqabət aparmaq imkanları gücləndiriləcək: "Abituriyentlərin xüsusi test bal hədəflərinə cavab verməsi üçün müəllimlərimiz xüsusi hazırlıq proqramı tərtib edib. Proqram orta məktəbin buraxılış imtahanlarına, eləcə də ali məktəbə qəbul imtahanlarına uyğun olaraq rəqəmsal təhsil üzərində qurulub. 5 aylıq repetitorluq proqramı əsasında "Zoom" platforması üzərindən 5 fənn - Riyaziyyat, Azərbaycan dili, İngilis dili, Tarix və Kimya tədris edilir, imtahanlarda istifadə olunacaq texnikalar barədə məlumatlandırma işləri aparılır. Dərslər Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul proqramına uyğun olaraq, təcrübəli müəllimlər - Samirə Gülmməmədova, Aysel Ələkbərova, Məryəm Həsənova, Gülnar Məhərrəmli və Mələkxanım Qasımova tərəfindən keçirilir.
Bu dövr ərzində abituriyentlərin həm də psixoloji durumu nəzarətdə saxlanılır və onların imtahanları psixoloji hazırlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə psixoloq, NLP master Rübabə Mərdanovanın konsultasiya və təlimləri həyata keçirilir. Bununla yanaşı, sosioloq-yazıçı Tural Cəfərovun düzgün ixtisas seçimi, karyera planlaması və əyalət gənclərini düşündürən və narahat edən digər mövzular ətrafında maariflənfirici vebinarlar baş tutur. Bu görüşlər gənclərin özlərini və fikirlərini ifadə etməsi üçün münbit şərait yaradır".
Şərhlər