Xəbər lenti

Abramoviç sanksiyalara görə 1 milyardlıq kolleksiyanı keçmiş arvadının adına keçirdi
Dünya 20:10 22.09.2023

Abramoviç sanksiyalara görə 1 milyardlıq kolleksiyanı keçmiş arvadının adına keçirdi

Rusiyalı oliqarx Roman Abramoviç Rusiyanın Ukraynaya təcavüzündən bir neçə həftə əvvəl Qərbin sanksiyalarının nəticələrindən ehtiyat edərək 1 milyard dollar dəyərində sənət kolleksiyasını keçmiş həyat yoldaşının adına keçirib. 

Qaynarinfo bu barədə "The Guardian"ın araşdırmasına istinadən xəbər verir.

Jurnalistlərin əldə etdiyi sənədlərə görə, 2022-ci il fevralın 4-də, Rusiyanın Ukraynaya təcavüzündən üç həftə əvvəl Kipr trastı "Ermis Trust Settlement”in nizamnaməsinə dəyişikliklər edilib, nəticədə Abramoviçin trastdakı payı azalıb və onun keçmiş həyat yoldaşı Darya Jukova 51%-lə böyük payçıya çevrilib. Rusiyalı oliqarx səhmlərin 49%-ni özündə saxlayıb.

Sənədlər göstərir ki, 2018-ci ilə kimi Abramoviç 963 milyon dollar dəyərində 367 eksponat toplayıb. Onun sənət kolleksiyasına xüsusilə Klod Mone və Pablo Pikassonun rəsmləri daxildir.

Qeyd edilir ki, saziş 2022-ci ilin fevralında, Britaniya hökumətinin Kremlə dost oliqarxlara Rusiyanın Ukraynaya müdaxiləsi halında onların aktivlərinə həbs qoyula biləcəyi barədə xəbərdarlıq etməsindən bir neçə gün sonra qüvvəyə minib.

Və 10 mart 2022-ci ildə Böyük Britaniya Abramoviçə qarşı sanksiyalar tətbiq edib və bu, onun aktivlərinin, o cümlədən "Çelsi” futbol klubunun dondurulmasına səbəb olub. 

Az sonra Aİ də Abramoviçə sanksiya tətbiq edib, lakin o, hələ də ABŞ-ın sanksiyalarına məruz qalmayıb.

Aİ, Böyük Britaniya və ABŞ qaydalarına əsasən, sanksiyaya məruz qalan şəxs əmlakının 50%-dən çoxuna sahib olduqda həmin aktiv dondurula bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->