Sanksiyaya məruz qalan rusiyalı oliqarx Roman Abramoviç Ukrayna üçün fonda 2,3 milyard funt-sterlinq ayrılması ilə bağlı müqaviləni imzalamır.
Qaynarinfo-nun "Daily Mail"ə
istinadən məlumatına görə, Abramoviç hesab edir ki, bu pulların bir hissəsi müharibədən əziyyət çəkən ruslara getməlidir. Lakin Rusiya Federasiyasına qarşı sanksiyaların qüvvədə olduğu müddətdə nə Britaniya hökuməti, nə də Avropa Komissiyası belə bir addımla razılaşmayacaq.
Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin sözlərinə görə, hökumətin gələn ay yay tətilinə çıxmazdan əvvəl vəsaitin ödəniləcəyinə hələlik əminlik yoxdur.
"Biz sərbəst buraxılan pulların yalnız nəzərdə tutulan alıcılara getdiyinə əmin olmaq istəyirik. Mən tam əmin olmaq istəyirəm ki, bu belədir", deyə Kleverli bildirib.
Ehtimal olunur ki, sözügedən vəsait qışa qədər Ukraynaya gedəcək.
Qeyd edək ki, Roman Abramoviç 2022-ci ilin mart ayının əvvəlində İngiltərənin "Çelsi" futbol klubunu satmaq qərarını açıqlayıb. İş adamı bildirib ki, satışdan əldə olunan bütün gəlir Ukraynada müharibə qurbanlarına yardım məqsədilə yaradılacaq xeyriyyə fonduna gedəcək.
Bu qışın sonunda məlum olub ki, Britaniya hökuməti ötən il Roman Abramoviçin "Çelsi” futbol klubunun satışından əldə olunan bütün gəliri Ukraynaya köçürəcək.
Bundan əvvəl "The Daily Telegraph" nəşri məlumat yaymışdı ki, Roman Abramoviçə məxsus "Çelsi”nin satışından əldə olunan vəsaitin Böyük Britaniya tərəfindən Ukraynaya transferi Avropa İttifaqı səlahiyyətlilərinin mövqeyinə görə ləngiyir. Nəşrin yazdığına görə, Böyük Britaniya hökuməti vəsaitlərin necə istifadə edilməsilə bağlı Aİ ilə məsləhətləşmələr aparır: ya onlar Londonun təkid etdiyi kimi, ukraynalı qaçqınların ehtiyaclarına yönəldilməlidir, ya da Brüsselin təklif etdiyi kimi, birbaşa Ukraynada istifadə olunmalıdır.
Abramoviç 2022-ci il martın 10-da Ukrayna hadisələri ilə əlaqədar Böyük Britaniyanın sanksiyalar siyahısında olub, bundan sonra onun krallıqdakı aktivləri dondurulub. Keçən il mayın 24-də Premyer Liqanın idarə heyəti "Çelsi"nin iş adamı Todd Boelinin konsorsiumuna satılmasını təsdiqləyib.
25 may 2022-ci ildə Britaniya hökuməti Abramoviçə sahib olduğu komandanı satmağa icazə verən xüsusi lisenziya verib. Lisenziyanın verilməsinin şərti o idi ki, klubun qazandığı pulu sahibkar özü almasın. Krallığın səlahiyyətliləri, "Çelsi"nin satışından əldə edilən vəsaitin, xüsusən də ukraynalı qaçqınlara yardım göstərən xeyriyyə təşkilatlarına köçürülməsinə nəzarət etmək niyyətində olduqlarını bildirib.
Aydın
Şərhlər