Xəbər lenti

ABŞ-ın məxfi sənədlərinin sızması onu göstərir ki... - Rusiya kəşfiyyatı nəzarət altında
Dünya 16:10 10.04.2023

ABŞ-ın məxfi sənədlərinin sızması onu göstərir ki... - Rusiya kəşfiyyatı nəzarət altında

Pentaqonun məxfi sənədlərinin sızması onu göstərir ki, demək olar ki, bütün Rusiya kəşfiyyat xidmətləri ABŞ kəşfiyyatının nəzarəti altındadır. 

Qaynarinfo xəbər verir ki, bu barədə son günlər sosial mediada yayılan 50 səhifədən çox sənədi təhlil edən The New York Times (NYT) yazır.
 
Ümumilikdə, analitiklərin fikrincə, şəbəkəyə 100-ə yaxın səhifə sızıb. NYT qeyd edir ki, ABŞ kəşfiyyat rəsmiləri sənədlərin böyük ehtimalla həqiqi olduğunu hesab edirlər, baxmayaraq ki, onlardan ən azı birində rəqəmlər düzəldilib.

Sızdırılmış sənədlərdən nəinki məlumatların haradan əldə edildiyi (mənbələr arasında Baş Qərargah; QRU və ya Müdafiə Nazirliyinin xarici kəşfiyyatı; nazirliyin özü; Müdafiənin idarə olunması üzrə milli mərkəz) həm də necə əldə edildiyi haqqında fikir formalaşdırmaq olar. Məsələn, ABŞ Mərkəzi kəşfiyyat idarəsinin (MKİ) gündəlik kəşfiyyat hesabatı göstərir ki, Rusiya Müdafiə Nazirliyində danışıqları dinləmək üçün radioelektron kəşfiyyatdan istifadə edilib.

Alınan məlumatlarda, o cümlədən, Rusiya qoşunları tərəfindən həyata keçirilən raket hücumlarının və bombardmanların vaxtı barədə gündəlik xəbərdarlıqlar var; bu, ABŞ-a Ukraynanı yaxınlaşan zərbələrlə bağlı xəbərdar etməyə imkan verir. Sənədlər həmçinin Rusiya qoşunlarının nə qədər zəiflədiyini, ağır, nəticəsiz döyüşlər nəticəsində darmadağın edildiyini göstərir. Məsələn, Müdafiənin idarə olunması üzrə milli mərkəzi fevral hesabatında Ukraynanın şərqində qoşunların "döyüş qabiliyyətinin azaldığını” etiraf edib.

Sənədlərdən aydın olur ki, Rusiya hərbi komandanlığının bütün strukturlarında ABŞ-ın "gözü” və "qulağı” var. "Tamamilə məxfi” qrifli  sənədlərdən biri Baş qərargahın NATO ölkələrinin Ukraynaya verdiyi tanklara müqavimət göstərmək planlarından bəhs edir. Onları məhv etmək üçün "məsafədən asılı olaraq üç atəş zonasının yaradılması” təklif edilir. Bundan əlavə, onlar NATO tankları ilə döyüşmək üçün əsgərlərin hazırlanmasının zəruriliyindən danışır, onların zəif yerləri göstərilir. Onların məhv edilməsinə və video sübutların təqdim edilməsinə görə pul mükafatının ödənilməsi də təklif edilir.

Bəzi kəşfiyyat hesabatlarında Rusiya hərbi komandanlığının planları və onların təhlili haqqında məlumatlar var. Digərlərində planlaşdırılan raket zərbələri haqqında dəqiq məlumatlar verilir. Məsələn, mart ayında Rusiya Müdafiə nazirliyi Odessa və Nikolayevdə bir sıra obyektlərin raket atəşinə tutulmasını müzakirə edib; Amerika kəşfiyyatına görə, bunun məqsədi, PUA anbarını, hava hücumundan müdafiə sistemlərini məhv etmək və Ukrayna əsgərlərini öldürmək olub. Martın 24-də Rusiya Müdafiə Nazirliyi Odessa vilayətində pilotsuz uçuş aparatları olan anqarın məhv edildiyini açıqlayıb; elə həmin günlərdə Nikolayev və digər şəhərlərə raket zərbələri barədə xəbərlər yayılıb. NYT qeyd edir ki, ukraynalıların itkilərdən yayınması üçün ABŞ-ın xəbərdarlığından istifadə edib-etmədiyi məlum deyil.
Sızdırılan sənədlərdə QRU-nun Afrikada "Rusiyanın xarici siyasətini genişləndirmək” və ictimai rəyi ABŞ-a qarşı yönəltmək üçün planlaşdırdığı informasiya kampaniyası da təsvir edilir.

NYT keçmiş və hazırki ABŞ hərbi rəsmilərinin fikrinə istinad edərək yazır ki, ictimaiyyətə açıq olan sənədlərdə USQ-nin planları, o cümlədən qarşıdan gələn əks-hücum əməliyyatı barədə məlumatlar olmasa da, bütün bunlar Ukrayna və müttəfiqlərinə zərər verə bilər. Bunun sayəsində Rusiya informasiya sızması mənbələrini müəyyən edə və onları bloklaya bilər.

Sənədlərdə ABŞ-ın Rusiya və Ukraynanın itkiləri ilə bağlı təxminləri də var. ABŞ kəşfiyyatına görə, rusiyalıların itkiləri 189.500-223.000 nəfər, o cümlədən 43.000 ölü təşkil edir. Ukraynalıların itkiləri isə 124.500 - 131.000 aralığında təxmin edilir, onlarda ölənlərin sayı 17.500 nəfərə qədərdir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->