Xəbər lenti

Səsin alınmaqlığı
Məqsəd Nur
Siyasət 10:13 30.05.2023

Səsin alınmaqlığı

Otuz yeddinci ildəki sitəmlərdən az sonra babalarımızdan biri uzun müddət susmalı olur. Qardaşları "ağqulaqlar" (rus bolşeviklər) tərəfindən güllələnib, yurd-yuva yağmalanıb, ətrafda yönlü-başlı bir başıpapaqlı qalmayıb. Kolxoz qurulub. Bir gün sovet sədri "nkvd" zabitinin iştirakı ilə onu yanına çağırır, deyirlər a kişi, sənin səsvermə hüququn əlindən alınıb, bəylik-bəyzadəlik də bitdi, qoca adamsan, get səsini kəs, yaşa. Bundan sonra babamız ömrünün son günlərini çəliyinə dayaqlanıb güllələnən qardaşlarının xiffətini çəkə-çəkə, cınqırını çıxarmadan, saatlarla həyətin ortasında oturaraq susur. Ta o vaxtacan ki, gəlinlərdən biri narahat olub soruşur:

-Niyə dinmirsən, baba?

Baba yenə susur. Elə bilirlər, kişinin dili batıb. Necə olursa, həyətdə oynayan uşaqlardan biri qəfil bərk yıxılır. Baba da qeyri-ixtyari yerindən atlanıb qız-gəlini haraylayır. Hamı onun səsini eşidib xeyli təəccüblənir. Amma o yenə susur. Yalnız ölüm ayağında (deyilənə görə onda da huşu gedib-gəlirmiş) qızının qulağına əyilib deyir:

-Danışa bilərdim, di gəl, kopoolu hökümət demişdi sənin səsin alınıb.

Türkiyədəki seçkiləri izlərkən el arasında lətifəyə dönmüş bu utandırıcı hadisəni bir də xatırladım. 28 may seçkilərindəki nəticələrin bütün türk xalqı üçün xeyirli olacağına ümid edirəm. Lakin Türkiyənin sərhədləri boyu qırmızıya boyanmış rəngləri də unuda bilmirəm. Hər halda, Türkiyədəki seçkilərin nəticəsindən asılı olmayaraq, siyasi taleyimizin hələ də Anadolu torpaqlarında ilişib- qaldığını gördük. Deyəsən oradakı türklər də başa düşdü ki, bizi saya salmadan olmaz. Axı kökümüz eynidir. Tariximiz, siyasi taleyimiz calğaşalıdır. 

Türkiyədə oksigen balonu ilə səsverməyə gedən qarının fotosunu trenddə görən kimi inandım ki, bu, fotomontaj deyil. Əzmkarlıq, özünə inam qarı nənəmizin üzünə yazılmışdı. O da bizim nənələr kimi acılı-şirinli, keşməkeşli günlər görmüşdü. Ən azı Menderesin taleyini xatırlamalı idi. Məhz bu qarı nənəni görəndən sonra qeyri-ixtiyari otuz yeddinci ildə baş vermiş və insanların yaddaşından hələ də silinməmiş, lətifəyə çevrilmiş o hadisəni xatırladım.

Hələ də Stalini Atatürk qədər sevən insanlarımız var. Mən onları şəxsən tanıyıram. Amma mənə görə səsimizin alınmaqlığı elə o vaxtdan canımızda qalıb. Sonrakılar hekayədir. 

İndi də heç kimi inandırmaq olmur ku, total seçki saxtalaşdırılması həm də sənin evdə yatıb seçkiyə getməməkliyindən olur. Sən düşünməsən, sənin əvəzinə düşünəcəklər. 

Mental köklərə işləmiş qorxular, zədələr gec sağalır. Biz hələ də səsi alınmış adamların davamçıları kimi hərəkət edirik. Türkiyəni görəndə bu halımıza acıdım. 

Heç bilmirəm, tariximizə nə deyim? Parça-parça, qırıq-qırıq məğlubiyyətlər bizi yaman yarımçıq etdi. Çox şey yarımçıq böyüdü - ümidlər, sevinclər, qələbələr, məğlubiyyətlər yarımçıq oldu. Amma Türkiyədə oksigen balonu ilə seçkiyə gedən o qarı nənə babalarımızın işıqlı xatirəsini bir daha yada saldı. Yurdu-yuvası, ailəsi və ləyaqəti naminə canını qurban verən babalarımı. Sovetləşmə bitməyincə babalarımızın da ruhu şad olmayacaq. Lakin sovetləşmə beynimizdə, ruhumuzda, soyadlarımızda, davranışlarımızdadır. Hər dəfə də sovetləşmənin təzahürlərini görəndə ümidlə dillənmək istəyirəm: "Lap az qalıb..." 

Ümid də çörək deyil ki...

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->