Türkiyə Rusiyanın S-400 zenit-raket kompleksinin (ZRK) üçüncü ölkələrə tədarükünü qadağan edən bəndə etiraz edir. Bu səbəbdən Rusiyadan Türkiyəyə hava hücumundan müdafiə sistemlərinin ikinci partiyasının çatdırılması ləngiyir.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık” qəzeti məlumatlı mənbələrə istinadən məlumat
yayıb.
Qəzet xatırladır ki, 2017-ci ildə hava hücumundan müdafiə sistemlərinin iki partiyasının tədarükünə dair müqavilə imzalanıb. Sənədə əsasən, birinci partiya Türkiyəyə birbaşa alış, ikinci partiya isə texnologiya mübadiləsi, birgə istehsal və proqram təminatının inteqrasiyası tələblərinə cavab verməli idi.
Nəşrin məlumatına görə, müqavilənin ikinci mərhələsi Ankaranın müqavilədə nəzərdə tutulan S-400-lərin digər ölkələrə satışına qadağaya qarşı çıxmasından sonra təxirə salınıb. Qəzet qeyd edir ki, oxşar qadağalar bütün dünyada müdafiə sənayesində tətbiq edilir.
2017-ci ildə Rusiya və Türkiyə S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə imzalayıblar, sövdələşmə başqa bir alay almaq imkanı ilə 2,5 milyard dollar təşkil edib. İlk S-400 alayı 2019-cu ilin yay və payız aylarında Türkiyəyə təhvil verilib. Müqavilənin bağlanmasına cavab olaraq ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edib və onu F-35 qırıcılarının istehsalı proqramından kənarlaşdırıb.
2022-ci ilin yazında media ABŞ-ın Türkiyə hakimiyyətini sanksiyaların ləğvi və Ankaranın F-35 istehsalı proqramına qaytarılması müqabilində S-400-ləri Kiyevə təhvil verməyə sövq etdiyi barədə xəbərlər yayıb. Türkiyədə ABŞ-ın təzyiqi altında Rusiyanın hava hücumundan müdafiə sistemlərindən imtina etməyəcəyini bildiriblər. Türkiyənin "Aselsan” müdafiə şirkətinin rəhbəri Haluk Görgün də Türkiyənin özünün hava hücumundan müdafiə sistemi üzərində işlədiyini bildirib.
Nizami Bağırov
Şərhlər