Xəbər lenti

Ölkəmizə turizm məqsədilə nə qədər əcnəbi gəlib?
Ekonomiks 10:40 31.07.2024

Ölkəmizə turizm məqsədilə nə qədər əcnəbi gəlib?

Cari ilin I rübündə ölkəmizə gələn turistlərin sayı ötən ilin ilk üç ayı ilə müqayisədə 44,2% və ya 98 993 nəfər artaraq, 322 973 nəfərə çatıb. Həmin dövrdə Azərbaycana gələn turistlərin 63,77%-ni və ya 205 958 nəfərini kişilər, 36,23%-ni və ya 117 015 nəfərini isə qadınlar təşkil edib.

Trend bu barədə Media Təhlil Mərkəzinin Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən xəbər verir.

Qeyd edilib ki, ötən ilin I rübü ilə müqayisədə ölkəmizə gələn turistlər arasında qadınların sayı artıb:

"Belə ki, 2023-cü ilin I rübündə ölkəmizə gələn xarici turistlərin 27,14%-ni və ya 60 787 nəfərini qadınlar təşkil etmişdi.

Ölkələr üzrə yalnız Filippin və Litvadan gələn turistlər arasında qadınların sayı kişilərdən çox olub. Cari ilin I rübündə Filippindən ölkəmizə səfər edən turistlərin 71,2%-ni (2 033 nəfər), Litvadan gələnlərin isə 52,8%-ni (488 nəfər) qadınlar təşkil edib. Digər ölkələr üzrə göstəricilərdə qadınların sayı 50%-dən aşağı olub.

Son iki ilin I rübündə ölkəmizə gələn turistlərin səfər məqsədlərini müqayisə etsək görərik ki, istirahət və əyləncə üçün gələnlərin sayı 2 dəfədən çox artıb. Daha dəqiq desək, 2023-cü ilin I rübündə Azərbaycana istirahət və əyləncə məqsədilə gələn turistlərin sayı 99 227 nəfər idisə, cari ilin ilk rübündə bu rəqəm 120,3% artaraq 220 092 nəfər təşkil edib.

Digər ciddi artım ölkəmizə müalicə almaq üçün gələn turistlərin sayında qeydə alınıb. Bu məqsədlə Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin I rübü ilə müqayisədə 164,9% artaraq 4 104 nəfər təşkil edib. Alış-veriş və dini ziyarət məqsədilə ölkəmizə gələn turistlərin sayında da artım qeydə alınıb".

Vurğulanıb ki, qohum və ya dosta baş çəkmək məqsədilə ölkəmizə gələn turistlərin sayında cüzi azalma müşahidə olunub.

"Ötən ilin I rübündə bu məqsədlə Azərbaycana səfər etmiş əcnəbi ölkə vətəndaşlarının sayı 53 659 nəfər idisə, 2024-cü ilin I rübündə bu göstərici 50 486 nəfərə enib. İşgüzar məqsədlə ölkəmizə gələn turistlərin sayında da azalma qeydə alınıb. Cari ilin I rübündə işgüzar məqsədlə Azərbaycana gələn turistlərin sayı 2023-cü ilin ilk rübü ilə müqayisədə 30,9% azalaraq 38 895 nəfərə bərabər olub.

Son 3 ilin ilk rübündə turizm məqsədilə Azərbaycana gələn əcnəbilər arasında Rusiyadan gələn turistlərin sayı daha çox olub və bu say getdikcə artıb. Aparılan təhlil zamanı məlum olub ki, hesabat dövründə Rusiyadan gələn turistlərin sayı 112 912 nəfərə çatıb. Buna səbəb olan amillərdən biri, Rusiya və Azərbaycan arasında qohumluq əlaqələrinin çox olması və işgüzar səfərlərin üstünlük təşkil etməsidirsə, digəri Rusiya-Ukrayna arasındakı hərbi əməliyyatlara görə qonşu ölkə vətəndaşlarının bir çox xarici ölkələrə girişinin qadağan olması və onların istirahət məqsədilə Azərbaycana üz tutmasıdır".

Bildirilib ki, cari ilin ilk rübündə ölkəmizə səfər edən 112 912 rusiyalı turistdən 63 434 nəfəri və ya 56,2%-i istirahət və əyləncə məqsədilə gəlib:

"Son 3 ilin ilk rübünə nəzər yetirsək görərik ki, hindistanlı turistlərin ölkəmizə marağı daha da artıb. Məhz bunun nəticəsidir ki, ötən ilin I rübündən fərqli olaraq 2024-cü ilin ilk üç ayında Azərbaycana səfər edən əcnəbilər arasında ikinci sıranı Hindistandan gələnlər tutub. Belə ki, cari ilin ilk rübündə ölkəmizə 36 536 hindistanlı turist gəlib və onların 95%-nin məqsədi istirahət və əyləncə olub.

Əvvəlki illərdə ikinci sıranı tutan qardaş Türkiyə 2024-cü ilin I rübündə üçüncü yerdə qərarlaşıb. Cari ilin I rübündə ölkəmizə turizm məqsədilə gələn Türkiyə vətəndaşlarının sayı 30 800 nəfər təşkil edib.

Aparılan təhlil göstərir ki, ölkəmizə səfər edən əcnəbilərin 98,6%-i hava nəqliyyatı vasitəsilə, 1,4%-i isə su nəqliyyatı vasitəsilə gəlib. Bu səbəbdən də ölkəmizə gələn turistlərin xərclərinin böyük qismini nəqliyyat xərcləri təşkil edib. 2024-cü ilin I rübündə Azərbaycana gələn turistlərin nəqliyyat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 106,7% artıb.

Qeyd edək ki, 2024-cü ilin ilk rübündə ölkəmizə səfər edən xarici turistlərin çəkdiyi xərcin həcmi 591,6 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 79% çox olub. Bu xərcin 267,8 milyon manatını və ya 45,3%-ni nəqliyyat xərcləri təşkil edib.

Qidalanmaya sərf edilən vəsait turistlərin xərcləri arasında ikinci sıranı tutub. Cari ilin I rübündə Azərbaycana gələn əcnəbi vətəndaşların qidalanma xərci əvvəlki ilin I rübü ilə müqayisədə 64,1% artaraq 119,1 milyon manata çatıb.

112,9 milyon manat ilə üçüncü sıranı yerləşmə xərcləri tutub. Yerləşməyə sərf edilən vəsait əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55,6% artıb".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->