Moldova müxalifəti prezident seçkilərində vahid namizədlə iştirak strategiyasını yekunlaşdırır.
Qaynarinfo xəbər verir ki, bunu parlamentin deputatı, Rusiyayönlü müxalif "Qələbə" blokunun üzvü Vasili Bolya bildirib.
Dekabrın sonunda Sosialist Partiyasının lideri İqor Dodon bildirib ki, bir neçə müxalifət qüvvəsi prezident seçkilərində vahid namizədin irəli sürülməsi üçün birləşmək imkanları ilə bağlı danışıqlar aparır. Onun sözlərini bir sıra müxalif siyasi qüvvələrin liderləri də təsdiqləyib.
"Birləşmiş Moldova müxalifəti prezident seçkilərində iştirak strategiyasını yekunlaşdırır. Vahid namizədin seçkilərdən kənarlaşdırılması riskini istisna etmək və ya ona adekvat cavab vermək lazımdır", deyə Bolya "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, müxalifətə elə bir namizəd lazımdır ki, onu ilk turdan bütün xalq prezident seçməyə hazır olsun.
"Hər kəs bu hakimiyyətdən yorulub, amma xalq hələ altı ay dözəcək. Prezident seçkilərinə qədər xalqımız səbirli olacaq, amma seçim etmək vaxtı gələndə öz müdrikliyini nümayiş etdirəcək", deyə Bolya əlavə edib.
Moldovada prezident seçkiləri oktyabrın 20-nə təyin edilib. Prezident Maya Sandu artıq ikinci müddətə namizəd olmaq niyyətini açıqlayıb.
Aydın
Şərhlər