Xəbər lenti

İzmirdə dəhşətli meşə yanğını davam edir: 6 nəfər saxlanıldı (VİDEO)
Video 10:16 17.08.2024

İzmirdə dəhşətli meşə yanğını davam edir: 6 nəfər saxlanıldı (VİDEO)

Türkiyənin İzmir vilayətində baş verən yanğının södürülməsi üçün aparılan işlər davam etdirilir.

Qaynarinfo xəbər verir ki, baş vermiş yanğınların yayılmasının əsas səbəbi küləyin sürətinin yüksək olması olub.

İzmirin Karşıyaka rayonunda yanğın artıq yaşayış məntəqələrinə çatıb. İzmirdə 16 ev yanıb, 87 ev təxliyə edilib, 44 iş yeri də boşaldılıb.

Vilayətdə yanğınların söndürülməsi üçün 5 təyyarə, 15 helikopter, 46 su tankeri, 10 su təchizatı, 4 buldozer və digər texnikalarla müdaxilə davam edir.

Türkiyə hakimiyyət orqanları ölkənin şimal-qərb və qərb bölgələrinin böyük bir hissəsini əhatə edən meşə yanğınlarının səbəbini araşdırır. Bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç "X"dəki paylaşımında yazıb.

"Ölkəmizin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı prokurorluq araşdırmalara başlayıb”, deyə o, qeyd edib.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı "TRT Haber" telekanalında deyib ki, yanğınlarla bağlı müxtəlif versiyalar nəzərdən keçirilir. "Hazırda təxribat əlaməti yoxdur", deyə nazir bildirib. 

Onun sözlərinə görə, İzmir də daxil olmaqla yanğınla bağlı aparılan araşdırmalar çərçivəsində 6 nəfər saxlanılıb, daha 3 nəfər axtarışa verilib.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, İzmirdə baş verən təbii yanğında əsasən 78 nəfər xəsarət alıb, onlardan 29-nun müalicəsi xəstəxanalarda davam etdirilir. İzmirdə yanğının söndürülməsinə 3 minə yaxın insan, 600 texnika, 5 təyyarə və 11 helikopter cəlb olunub. Vilayətin 8 müxtəlif bölgəsindən 900 nəfər ehtiyat tədbiri olaraq təxliyə edilib.

Ümumilikdə Türkiyənin cənub, qərb və şimal-qərbində yerləşən İzmir, Aydın, Muğla, Manisa və Bolu vilayətlərində baş verən meşə yanğınlarının söndürülməsinə 4,7 mindən çox insan, 1,2 min yerüstü texnika və 90 təyyarə cəlb olunub. Ehtiyat tədbiri olaraq yanğın bölgələrindən 3,6 minə yaxın insan təxliyə edilib.

Avqustun 16-da axşam saatlarında yanğın İzmirin 4 milyonluq yaşayış məntəqələrinə çatıb. İzmir valisi Süleyman Elbanın verdiyi məlumata görə, sürəti 80 km/saata çatan güclü külək gün ərzində yanğının söndürülməsinə mane olub. Hazırda İzmirin Karşıyaka, Bayraklı və Çiğli rayonları sərhədlərindəki meşə sahələrində, bəzi evlər və sənaye obyektlərində yanğınla mübarizə hələ də davam edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->