Xəbər lenti

Dünya 14:00 10.06.2024

"Canlı şəhid" - Səid Cəlili İranın 9-cu prezidenti olacaq? (ŞƏRH)

"Cəlilinin İranın 9-cu pzezidenti olmaq şansı daha yüksəkdir”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İranda iyunun 28-də keçiriləcək prezident seçkilərinə qatılan 6 nəfərin şanslarını dəyərləndirərkən deyib. 

Həmsöhbətimiz bildirib ki, seçkilərdə nəzərə çarpan detallardan biri iddiaçıların sayının az olmasıdır:
 
"Əvvəlki seçkilərdə bəzən hətta 40 nəfərin namizədliyi qeydə alınırdı. Görünür, namizədlərin həddən çox olması ilə bağlı tənqidlər öz təsirini göstərib. Namizədlikləri qeydə alınan 6 nəfər içərisindən ilk baxışdan 3 nəfər daha şanslı görünür. Bunlar mühafizəkar qanadın nümayəndələri Səid Cəlili, Məhəmməd Baqir Qalibaf və islahatçılar qanadından isə keçmiş səhiyyə naziri və vitse-spiker Məsud Pezeşkiandır. Daha bir nüfuzlu namizəd isə keçmiş kəşfiyyat nazirinin müavini, ədliyyə naziri Mustafa Purməhəmmədidir. İlahiyyatçı olan Purməhəmmədi İbrahim Rəisi kimi inqilab dövründə məhkəmə sistemində işləyib və bu səbəbdən də kütləvi edamlarda iştirak etməkdə ittiham olunub”. 
 


Ekspert qeyd edib ki, hazırkı siyahıda olanlar arasında başqalarına nisbətən üstün mövqeyə malik Səid Cəlilidir:

"O, Təhlükəsizlik Şurasının keçmiş katibi, nüvə danışıqları üzrə qrupun rəhbəri olub. Cəlili siyasi elmlər üzrə təhsil alıb, "Məhəmməd Peyğəmbərin (s) xarici siyasəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. İran-İraq müharibəsində iştirak edib, bir ayağını itirib. Buna görə də ona "canlı şəhid” deyirlər. Cəlili sonradan universitetdə dərs deyib. Paralel olaraq Xarici İşlər Nazirliyi və dini liderin ofisində çalışıb. Hazırda Sistemin Məsləhətini Müəyyən edən Şuranın  üzvüdür. O, buna qədər də bir neçə dəfə prezidentliyə namizəd olub. Lakin qalib gələ bilməyib. Rəisinin seçildiyi 2021-ci il seçkilərində namizədliyini onun xeyrinə geri götürüb. Cəlili nüvə müzakirələri üzrə qrupunun rəhbəri kimi Qərblə danışıqlara rəhbərlik edib. Cəlili o biri namizədlərdən fərqli olaraq dövlət postları tutmayıb, haqqında korrupsiya və rüşvət ittihamı yoxdur, sanksiyalara daxil edilməyib, müharibə veteranıdır, mühafizəkar camiədə birmənalı qəbul olunur. Bəlli mərkəzlər, o cümlədən, SEPAH kimi güclü təsisatlar ona qarşı çıxmasalar, Cəlilinin seçilmək şansı başqalarına nisbətən daha yüksəkdir”. 

Qeyd edək ki İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin siyahısı açıqlanıb. Prezidentliyə  namizədlik üçün müraciət etmiş 80 nəfərdən Mustafa Purməhəmmədi, Məsud Pezeşkian, Əmirhüseyn Qazizadə, Əlireza Zakani, Səid Cəlili və Məhəmməd Baqir Qalibafın namziədliyi qeydə alınıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->