Xəbər lenti

“Neftçi”nin öz Fatih Terimi var
Amal Abuşov
İdman 11:46 14.10.2024

“Neftçi”nin öz Fatih Terimi var

"Ömür də bir kinodur, hər görüş bir oyundur...
Dondan-dona girərik, sevinərik-gülərik,
Milyon həyata gəlib, milyon dəfə ölərik”. (Vahid Əziz "Mən aktyoram”)

Mən sentyabrın 18-də siz dəyərli oxucularıma "Sumqayıt”ın yeni baş məşqçisi kim olacaq?” sualını ünvanlayanda təəccüblənənlər oldu. Dedilər ki, bu nə sualdır, "Sumqayıt”ın baş məşqçisi var, Samir Abasov ona doğma olan şəhərin komandasını böhrandan çıxarmaq üçün qollarını çirmələyib, bilik və bacarığını əsirgəmir. Amma işin əslini mən həmin yazımda yazmışdım. Sitat: "Samir Abasov "Sumqayıt”da gün sayır. Onu gözü "Neftçi”dədir, Roman Qriqorçuk paytaxt klubundan ayrılan kimi yeni bir dönəm başlayacaq. "Neftçi”də onun gəlişinə hazırlıq görənlər var. Ölkənin ən zəngin klublarından birinin qələbəyə həsrət qalmasının da əsas səbəblərindən biri budur. Müəyyən qüvvələr Roman Qriqorçukun əsas günahkar elan olunmasında, sonra da istefaya göndərilməsində maraqlıdır. Onun yaşananlardan bezib istefa verməsi, boşalan kürsüyə isə Samir Abasovun əyləşdirilməsi gözlənilir”.

İnanmayanlar, yaxud həmin vaxt yazımı oxuya bilməyənlər "Qaynarinfo”nun arxivinə baxa, şübhələrini aradan qaldıra bilərlər. Bəli, ölkənin ən qocaman komandasının, futbolumuzun flaqmanı adına iddia edən 87 yaşlı klubun birinci dövrəni qələbəsiz başa vurmasının səbəbi məhz bu idi. Yoxsa ki, "Neftçi”yə "Kəpəz”i, yaxud da "Səbail”i məğlub etmək üçün məşqçi lazım deyildi. Emin Mahmudovla Ramil Şeydayev toplayardı futbolçuları başına, sözü bir yerə qoyub, rəqibin qapısına qələbəyə yetəcək qədər qol vurardılar. Etmədilər, istəmədilər. Səbəbini özləri bizdən yaxşı bilir.

Artıq "Sumqayıt” Samir Abasovla yolların ayrıldığını rəsmən açıqlayıb. Açıqlamada qeyd olunur ki, "Neftçi” ilə əldə olunmuş razılıq və Samir Abasovun şəxsi istəyini nəzərə alaraq baş məşqçi ilə "Sumqayıt” Futbol Klubu arasında əməkdaşlıq başa çatıb. Buyurun, cənablar. Klubla müqaviləsi davam edən bir məşqçinin gözünün başqa yerdə olduğuna bundan yaxşı nə sübut ola bilər? Yəqin ki, mən bu sətirləri tamamlayıb, redaktora göndərənə qədər də "Neftçi” tərəfi yeni təyinatı rəsmən açıqlayacaq, Samir Abasov dostları ilə birlikdə "Neftçi”yə ikinci gəlişini bayram edəcək.

Futbolçular öz yerində. Onlar kiminsə əlinə, kiminsə barmaq işarəsinə oynadılar. Bəlli bir qrup Roman Qriqorçuku "təkcə Andrey Ştorqini mən transfer etmişəm” sözlərinə görə cəzalandırdı. Bu əməliyyata qədər həyata keçirilən hər transfer zamanı ukraynalı mütəxəssisin dilindən "yeni transferimiz əla futbolçudur, komandaya faydası dəyəcək” tipli açıqlamalar da yaymaqla onu "günahlarına” şərik etdilər. Məni təəssüfləndirən çox hörmətli, özünü sözü kəsərli, iddialı məşqçi kimi tanıtdırmağa çalışan Samir Abasovun bu oyunun içində yer almasıdır. Kim təminat verir ki, Romanı taxtdan salan futbolçular sabah eyni əməli Samirə qarşı etməyəcəklər?

"Neftçi” tərəfi müxtəliq manevrlərlə məsələni uzatdı, mediaya gah Fatih Terimlə danışıqlar aparıldığını, gah da Abdulla Avcı ilə görüşüldüyü barədə həqiqətdən uzaq olan məlumatlar sızdırıldı. Amma biz bilirdik ki, "Neftçi”nin öz "Terimi” var, gec-tez onu Qriqorçukun boşaltdığı kürsüyə əyləşdirəcəklər. Bir vaxtlar Bəhmən Həsənov "Rəvan”ın istefaya gedən məşqçilərinin yerinə təyinat alanda onu ələ salırdılar. Amma Samir Abasov da Fatih Terim kimi qovulduğu yerə köhnə uğurun kölgəsində xilaskar kimi dönür. Unudurlar ki, hər şeyin qiymətini zaman verəcək. Əsas odur ki, sağlıq olsun.

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->