Xəbər lenti

Belarus Ukrayna savaşına qoşulur? (ŞƏRH)
Dünya 14:15 12.08.2024

Belarus Ukrayna savaşına qoşulur? (ŞƏRH)

"Belarus Ukrayna ilə sərhədə qoşun yeritməklə sadəcə olaraq, öz ərazilərinin müdafiəsində daha prinsipial olduğunu, daha ayıq-sayıq dayandığını nümayiş etdirmək istəyir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Belarusun Ukrayna ilə sərhədə qoşun toplamasını şərh edərkən deyib.

"Keçmiş sovet respublikaları arasında bu gün Rusiyanın yanında sədaqətlə dayanan tək ölkə Belarusdur. Lukaşenko məhz Rusiyanın dəstəyilə hakimiyyətdə qalır. Belarus həm də müharibənin getdiyi Ukrayna ilə sərhəddə yerləşir. Bu günə qədər Lukaşenko Ukrayna müharibəsində iştirakdan yayınmağa nail olub", deyə İbrahim Rüstəmli bildirib.
 


Həmsöhbətimizə görə, Minsk bu addımı ilə sadəcə olaraq, Rusiyaya sadiq qaldığını göstərmək istəyir:

"Amma indi vəziyyət dəyişib. Ukrayna ordusu Rusiya ərazisinə daxil olub. Bu isə Ukrayna üçün uğurlu taktikadır. Aydın məsələdir ki, müharibənin Rusiya ərazisinə etap olunmasını da Qərb mütəxəssisləri hazırlayıblar. Bütün bunlar siyasi fonda baş verən hərbi məsələlərdir. Yaranmış vəziyyətdə Belarusun Ukrayna sərhədinə qoşun yeritməsinə gəldikdə, əslində bu onun öz hüququdur. Düşünürəm ki, Belarusun Ukrayna ilə sərhədə qoşun yeritməkdə məqsədi öz ərazilərinin müdafiəsində daha prinsipial olduğunu, daha ayıq-sayıq dayandığını nümayiş etdirməkdən ibarətdir. Bununla Minsk bütün dünyaya bir daha nümayiş etdirir ki, onlar Rusiyanın yanındadırlar. Bununla Minsk Kiyevə də mesaj göndərir ki, öz ərazilərinin müdafiəsi məsələsində prinsipial mövqedədirlər. Lakin bu vəziyyət heç də Belarusun Ukrayna ilə müharibəyə cəlb olunması anlamına gəlməməlidir. Prosesin bu istiqamətə doğru getməsi real görünmür".

Qeyd edək ki, Belarus Müdafiə Nazirliyi öz tanklarını Ukrayna ilə sərhəddə yerləşdirməyə başlayıb. Ölkənin müdafiə naziri Viktor Xrenin məlumatına görə, Qomel və Mozır istiqamətinə xüsusi əməliyyat qüvvələri, quru və raket qüvvələri göndərilib. "Polonez" reaktiv sistemləri və "İsgəndər" kompleksi də onlar arasındadır. 

Xatırladaq ki, bir müddət əvvəl Minsk Kiyevi pilotsuz aparatlar vasitəsilə Belarusun hava məkanını pozmaqda ittiham etmişdi. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->