"Şamaxı” bu mövsüm Premyer Liqanı tərk etsə də, yenidən bu çempionata qayıtmağa çalışacaq. Artıq bunun üçün komanda formalaşdırılmağa başlayıb. Mövsüm bitdikdən sonra bir sıra futbolçular və məşqçilər "Şamaxı”nı tərk etsə də, komanda bir ildən sonra yenidən Premyer Liqaya qayıtmaq əzmi ilə çalışacaq.
Baş məşqçi Vüqar Əsgərli Qaynarinfo-ya açıqlamasında qarşıdakı planlardan və yeni mövsümdəki iddialarından danışıb:
"Hələ ki, futbolçularla danışıqlar aparırıq. Alınanlar da var, alınmayanlar da. Ayın 17-si məşqlərə başlayacağıq. Məşqlərə başlayandan sonra hansı futbolçuları alacağımza qərar verəcəyik. Komandadan Bahadur Həziyev, Cəlal və Rəhman Daşdəmirov gedib. Qalanları yerindədir. Müqaviləsi olmayanlar da Premyer Liqa komandalarından təklif gözləyirlər. Alınsa gedəcəklər, əks halda çox güman bizimlə davam edəcəklər”.
Mütəxəssis çempionluğa uyğun komanda formalaşdıracaqlarını söylədi:
"İnşallah komandanı Premyer Liqaya qayıtmaq üçün ideal şəkildə formalaşdıracağıq. Bacardığımız qədər istedadlı və keyfiyyətli futbolçular yığacağıq. Bu il Birinci Liqada limit olmayacaq. Olsa da, bizim üçün fərqi yoxdur. Çünki heyətimizin əksəriyyəti gənclərdən ibarətdir. Üç legioner dəvət etmək mümkündür. Amma biz strategiyamızı pozmayacağıq. Hazırda legioner almaq fikrimiz yoxdur. Əlimizdən gələni edəcəyik ki, çempionluğu qazanaq. Düzdür, namizəd komandalar da çoxdur. Rəqabət olacaq, bu, yaxşı haldır. Futbolçular inkişaf edər”.
Səbuhi Həsənov
Şərhlər